"BÜLƏND QORXMAZA
BÖYÜK ÜMİDLƏR BƏSLƏYİRİK"
"Bakı" futbol klubunun icraçı direktoru Yaşar Seyidov belə deyir
- Yaşar müəllim, "Bakı" futbol klubu bir vaxtlar çox gözəl oyun göstərib və hətta ölkə çempionu olub. Bəs birdən-birə necə oldu ki, klub öz əvvəlki oyun tempini saxlamaqda çətinlik çəkdi?
- Klubumuz bu gün də kifayət qədər yaxşı futbol sərgiləyir. Bir çoxları elə fikirləşir ki, "Bakı" futbol klubu ölkə çempionatında mükafata layiq yer tutmayıbsa, deməli hardasa onlar zəifləyib. Amma bu qətiyyən belə deyil. Bu gün biz çempionluğa və eləcə də kuboka iddialıyıq. Yəni yüksək yer uğrunda klubumuz mübarizə aparıb və bundan sonra da mübarizə aparacaq.
- Əvvəllər klubunuzda legionerlər çoxluq təşkil edirdi. Və bir çox mütəxəssislər də bildirirdilər ki, "Bakı"nın uğur qazanmasında həmin legionerlərin xidməti əvəzsiz olub...
- Biz bu gün tamamilə başqa bir xətt tutmuşuq. Yəni klubumuzu ən çox öz yerli futbolçularımız hesabına möhkəmləndirmək istəyirik. Artıq bu sahədə müəyyən addımlar atılıb və yaxın gələcəkdə futbolsevərlər görəcək ki, bizə uğur qazandıran heç də legionerlər deyil, klubumuzda həyata keçirilən uşaq futbolu ilə bağlı Dövlət Proqramıdı.
- Eşitdiyimizə görə bu gün "Bakı" futbol klubunda böyük Dövlət Proqramının zaman-zaman həyata keçirilməsinə başlanılıb. Bu hardasa gələcək uğurlardan xəbər verirmi?
- Əvvəlcə onu qeyd edim ki, ölkə prezidenti İlham Əliyevin imzaladığı fərmanla, ölkədə futbolun inkişafı ilə bağlı 2005-2015-ci illərdə Dövlət Proqramı qəbul edilib. Və bu proqramın tərkib hissəsi kimi, "Bakı" futbol klubunun prezidenti Hafiz Məmmədovun rəhbərliyi ilə 2008-2009-cu illərdə uşaq futbolunun inkişafı ilə bağlı bizdə də böyük işlər görülüb. Daha doğrusu, Dövlət Proqramına uyğun olaraq, uşaq futbolunun inkişafı üçün ciddi addımlar atılıb.
- Siz ciddi addımlar deyəndə nəyi nəzərdə tutursunuz?
- Onu nəzərdə tuturuq ki, bu gün "Bakı" futbol klubunda uşaq futbolunun inkişafına böyük önəm verilir. Artıq Türkiyədən gəlmiş təcrübəli məşqçilər, o cümlədən Yüksəl Kepoğlu başda olmaqla həmin məşqçilər nəinki Bakıda, hətta respublikamızın digər yerlərində olaraq, 8 və 17 yaş arasında uşaqları seçib "Bakı" futbol klubunun məktəbinə gətirməyə başlayıblar. Bir müddətdən sonra bu uşaqlar tək klubumuzun deyil, Azərbaycan futbolunun inkişafı üçün əməlli-başlı futbolun sirlərinə yiyələnəcək, təcrübə toplayacaq və öz sözlərini yaşıl meydançalarda deyə biləcəklər. Həmin uşaqların klubumuzda təhsilindən tutmuş, qidalanmağına, sağlamlığına və hər tərəfli böyüməsinə yüksək şərait yaradılıb. Yəni, bu uşaqlarla biz yaxın gələcəkdə Azərbaycan futbolunda öz sözümüzü deyəcəyik.
- Yaşar müəllim, məşqçidən çox şey asılıdır. "Bakı" futbol klubunda da məşqçi dəyişikliyindən sonra son vaxtlar elə bir əsaslı yenilik hiss olunmayıb. Hətta bəzi qəzetlərin idman yazarları yeni məşqçiyə bir o qədər də inamla yanaşmırlar. Bu fikrə münasibətiniz necədir?
- Mən onu deyə bilərəm ki, Bülənd Qorxmaz nəinki türk futbolunda, dünya futbolunda da öz sözünü demiş futbolçulardandır. O, UEFA kubokunu başı üzərinə qaldıran və bu sevinci yaşayan çox istedadlı və təcrübəli futbolçulardandır. Bu futbolçunun da klubumuza baş məşqçi dəvət olunması heç də təsadüfi deyil. Ola bilər ki, bir görüşdə, iki görüşdə hansısa müsbət nəticəni əldə edə bilməyək. Amma müəyyən zaman kəsiyindən sonra qarşıya qoyulmuş bu məqsədə çatmaq mümkündür. Elə buna görə də klubun prezidenti və eləcə də biz Bülənd Qorxmaza böyük ümidlər bəsləyirik. İnanırıq ki, bu təcrübəli futbolçu "Bakı" futbol klubunda da öz sözünü deyə biləcək.
- Bu günlərdə eşitdik ki, "Bakı" futbol klubunun yeni təlim-məşq bazası istifadəyə veriləcək. Bu nə dərəcədə həqiqətə uyğundur?
- "Bakı" futbol klubunun prezidenti futbolun inkişafı ilə yanaşı, onun maddi-texniki bazasının möhkəmləndirilməsinə və Avropa standartlarına uyğunlaşdırılmasına böyük diqqət yetirir. Elə ona görə də artıq "Bakı" futbol klubunun təlim-məşq bazası tam olaraq istifadəyə hazır vəziyyətdədir. Bu bazada 4 stadion, 2 məşq meydançası, soyunub-geyinmə otaqları, yeməkxana, hovuz, sauna və digər lazımi şəraitlər yaradılıb. Burda idmançıların hər tərfəli məşqləri, oyunları və eyni zamanda istirahəti üçün bütün problemlər yüksək səviyyədə öz həllini tapıb. Əlbəttə, lazımi şərait olan yerdə futbolçular da məşq edə bilir, təcrübə toplayır və eyni zamanda öz ustalıqlarını artırırlar.
- Belə çıxır ki, "Bakı" futbol klubu yaxın gələcəkdə yenidən ölkə çempionu olacaq...
- Buna heç kəsin şübhəsi olmasın. Söhbətimizin əvvəlində dedim ki, biz ölkə çempionluğuna və kuboka iddialıyıq. İddia olan yerdə isə mübarizə olmalıdır. Bu mübarizlik də bu gün komandamızın hər bir futbolçusunda hiss olunur. Mən qarşıdan gələn Novruz bayramı münasibəti ilə hamını təbrik edir və futbolsevərləri əmin edirəm ki, "Bakı" futbol klubu gözəl oyunlar nümayiş etdirməklə öz azarkeşlərini yaxın gələcəkdə daha da sevindirəcək.
Faiq QİSMƏTOĞLU