
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2010-cu il aprelin 4-də abituriyentlərin qəbul imtahanlarına səmərəli hazırlaşmalarına kömək məqsədilə sınaq imtahanları keçirəcək. TQDK-nın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, ilk sınaq imtahanının Bakı, Naxçıvan, Gəncə, Lənkəran və digər şəhərlərdə keçirilməsi nəzərdə tutulur. Sınaq imtahanlarına abituriyentlər yalnız özlərinin şəxsiyyət vəsiqəsi ilə yazılmalıdırlar. Sınaq imtahanlarının keçiriləcəyi bölgələrin, yerlərin siyahısı yaxın günlərdə TQDK-nın internet səhifəsində yerləşdiriləcək.
İmtahana yazılış internet vasitəsilə aparılır. Bunun üçün abituriyentlər qiyməti 3 manat olan və bir imtahana yazılmaq imkanı verən TQDK-nın "ödəmə kartı"nı əldə etməlidirlər. Həmin kartları TQDK-nın "Abituriyent" satış köşkündən, respublikanın bütün şəhər (rayon) poçt şöbələrindən əldə etmək olar.
Komissiya tərəfindən ödəmə kartlarının elektron satışına da imkan yaradılıb. Belə ki, "Visa/Visa Electron" və ya "Mastercard/Maestro" plastik kartı olan istənilən şəxs TQDK-nın ödəmə kartlarını elektron formada ala bilər. Bunun üçün Komissiyanın internet saytında xüsusi bölmə (http:// tqdk. gov. az/virtualkart/) yaradılıb. Sınaq imtahanlarında iştirak etmək könüllüdür. Sınaq imtahanlarının başlıca cəhətlərindən biri də onun ali məktəblərə qəbul imtahanlarının metod və texnologiyalarına tamamilə uyğun keçirilməsidir. Bu imtahanlarda iştirak edən abituriyentlər özlərini real imtahan şəraitində hiss etməklə qəbul imtahanlarına psixoloji cəhətdən uyğunlaşmaq, ayrılmış vaxtdan səmərəli istifadə etmək bacarıqlarını inkişaf etdirə bilərlər.