İLHAM ƏLİYEV:
"YOXLANILMAMIŞ vƏ ya
QƏRƏZLİ İNFORMASİYA
İKİTƏRƏFLİ MÜNASİBƏTLƏRƏ
ZƏRƏR VURA BİLƏR"
Martın 1-də prezident İlham Əliyev Dövlət Teleqraf Agentliyinin - AzərTAc-ın 90 illik yubiley mərasiminə və MDB Milli İnformasiya Agentliklərinin Rəhbərləri Şurasının XI iclasına qatılan nümayəndə heyətlərinin başçılarını qəbul edib.
Dövlət başçısı kütləvi informasiya vasitələrinin ölkələr arasında münasibətlərin genişlənməsindəki roluna toxunub: "Kütləvi informasiya vasitələri daha yaxşı qarşılıqlı anlaşmaya, yaxınlaşmağa və əməkdaşlığın genişləndirilməsinə fəal kömək edə bilərlər. Lakin təəssüf ki, bəzən əksinə də olur. Bəzən hansısa yoxlanılmamış və ya qərəzli informasiya, yaxud sifariş xarakterli informasiya ikitərəfli münasibətlərə müəyyən dərəcədə zərər də vura bilər. Buna görə də biz hamımız - həm siyasətçilər, həm KİV nümayəndələri, həm də ictimai qurumlar qarşımızda duran vəzifələrə məsuliyyətlə yanaşmalıyıq.
Sizin təmsil etdiyiniz informasiya orqanları bu baxımdan məhz özlərinin məsuliyyəti, ədalətliliyi, düzgün təhlil, eləcə də qərəzsiz olmaları ilə bütövlükdə müsbət mənada çox fərqlənir".
Görüşdə Rusiyanın İTAR-TASS agentliyinin baş direktoru Vitali İqnatenko və Türkiyənin Anadolu agentliyinin rəhbəri Hilmi Bengi çıxış ediblər.
Martın 1-də AzərTAc-ın Gənc Tamaşaçılar Teatrında qeyd edilən 90 illik yubileyinə Azərbaycanın dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, ziyalılar, KİV rəhbərləri ilə yanaşı 13 ölkənin media nümayəndələri də qatılıb.