
Müğənni Röya Ayxan keçmiş mətbuat katibi Ülviyyə Alovlu ilə münasibətlərinə aydınlıq gətirib. Trend Life-a açıqlama verən müğənni keçmiş işçisi ilə dostluq münasibətlərinin qaldığını deyərək, gəzən söz-söhbətlərə son qoyub. "Mənimlə işləyən insanlar məndən ayrılsalar da, həmişə dostluq münasibətlərimiz qalır, qalacaq da. Çünki mən onlara insan kimi pis olmamışam, əksinə, çox yaxşı olmuşam. İndi hamımızın səhvi var. Demirəm ki, mən idealam, kimsə sıfırdır. Ona görə də bu gün Ülviyyə mənimlə çalışmasa belə, zəng vurub deyir ki, hansısa saytda, jurnalda və ya forumda hansısa həqiqətə uyğun olmayan məlumat yazıblar. Ona sual edirəm ki, sənin fikrincə bu, düzdür, deyir ki, yox. Mən də deyirəm ki, cavab verə bilər. Yenə sual edir ki, axı mən sənin mətbuat katibin deyiləm. Cavabım o olur ki, sən mənim böyük bacımsan. Deyir kifayətdir, başa düşdüm, yaxşı."- deyə müğənni münasibətlərini şərh edib.
Müğənni keçmiş mətbuat katibinin indi ona bacı kimi olduğunu söyləyib. "Ülviyyəyə başa salmaq istəyirəm ki, bu gün sən mənim ştatnı işçim deyilsənsə, mənə ondan da artıqsan. Sən mənim evimin içisən. Burada nə var ki? Əvvəl pul verirdim işləyirdin, indi sən gəlirsən, biz çörək kəsirik, sirrimizi bölürük. Deməli, o mənə işçidən də yaxındır. Bəlkə də onun nə vaxtsa işçi kimi məni vurmağı mənə pis təsir etməzdi. Amma dost kimi məni vursa, bunu unuda bilmərəm. Ona görə də istəyirəm ki, bu açıqlamamdan sonra media tərəfindən bu söz-söhbət bağlansın."- müğənni qeyd edib.