Əli Abbasov Belarus
nümayəndə heyəti ilə görüşdü
Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov dünən Belarusun Yüksək Texnologiyalar Parkının (YTP) və Dövlət İnformatika və Radioelektronika Universitetinin rəhbərləri ilə görüşüb.
RİTN mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirov "APA-Economics"ə bildirib ki, Bakıda keçiriləcək İKT sahəsində I Azərbaycan-Belarus biznes forumunda iştirak etmək məqsədilə Belarus nümayəndə heyətinin tərkibində Azərbaycanda səfərdə olan Belarus YTP-nin direktoru Valeri Sepkalo ilə görüşdə nazir forumun iki ölkə arasında İT sahəsində əməkdaşlığa yeni təkan verəcəyini və münasibətləri daha yüksək səviyyəyə çatdıracağını bildirib. Ə.Abbasov qonağa son illər Azərbaycanın İKT sahəsindəki uğurlarından danışıb və dünyada maliyyə böhranı ilə yadda qalacaq 2009-cu ildə Azərbaycan iqtisadiyyatının, xüsusən də İKT sahəsinin stabil artım nümayiş etdirdiyini xüsusi vurğulayıb. Nazir qeyd edib ki, son illər ərzində Azərbaycanın İKT sahəsi ümumdünya artım tempini bir neçə dəfə geridə qoya bilib.
Öz növbəsində V.Sepkalo Ə.Abbasova YTP layihəsi barədə ətraflı məlumat verərək qeyd edib ki, Belarus bu istiqamətdəki təcrübəsi ilə bölüşməyə hazırdır. Qonaq Azərbaycan və Belarus arasında İKT sahəsi üzrə əməkdaşlığın möhkəmləndiriləcəyinə və gələcək inkişafına əminliyini bildirib.
Dünən Əli Abbasov Belarus Dövlət İnformatika və Radioelektronika Universitetinin (DİRU) rektoru Mixail Batura ilə də görüşüb.