Andreas Herkel: "Azərbaycanla bağlı hesabatın iyulda hazır olacağını güman edirik"

Gəncədə səfərdə olan Avropa Şurası Parlament Assambleyasının Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Andreas Herkel və Cozef Debono Qrex Gəncə şəhər icra hakimiyyətinin başçısı Eldar Əzizovla görüşüblər.
APA-nın Qərb bürosunun məlumatına görə, görüşdən sonra jurnalistlərin suallarını cavablandıran Andreas Herkel Azərbaycana səfəri çərçivəsində Gəncəyə gəldiyini bildirib: "Gəncə çox qürur duyulası tarixə malik olan qədim şəhərdir. Biz ona görə buraya səfər etmək qərarına gəlmişik. Biz hələlik yalnız şəhər icra hakimiyyətinin başçısı Eldar Əzizovla görüşmüşük. Sabah isə biz qeyri-hökumət təşkilatları, vətəndaş cəmiyyəti üzvləri və müxalifət partiyalarının nümayəndələri ilə görüş keçirəcəyik. Səfərimiz haqqında ümumi nəticələri səfərin son günündə keçirəcəyimiz mətbuat konfransında açıqlayacağıq".
Andreas Herkel Azərbaycan haqda hesabatın iyul ayında hazır olacağını güman etdiklərini bildirib: "Bu sənəddə ölkənin inkişafına və mövcud problemlərə dair məsələlərin öz əksini tapacağını bildirib: "Şəxsən mənim fikrimi bilmək istəyirsinizsə, kütləvi informasiya vasitələrinin azadlığı sahəsində problemlərin olduğunu görürəm, amma digər problemlər də bu hesabatda əksini tapmış olacaq".
Andreas Herkel görüşdən sonra Nizami Gəncəvinin məqbərəsini ziyarət edib. O həmçinin bu gün 2 saylı istintaq təcridxanasına baş çəkəcək, Gəncə şəhər prokurorluğunda və Apellyasiya Məhkəməsində olacaq.