MƏHKƏMƏ-HÜQUQ ŞURASINDA
Geniş tərkibli iclasda nələrdən danışıldı
Qəzetimizin 5 fevral sayında xəbər vermişdik ki, fevralın 4-də Məhkəmə-Hüquq Şurasının, Ali və Apellyasiya Məhkəmlərinin, Baş Prokurorluq və Vəkillər Kollegiyasının rəhbərliyinin Bakı, eləcə də digər şəhər və rayonlarının hakimlərini, qeyri-hökumət təşkilatlarının, ictimaiyyət nümayəndələrinin iştirakı ilə geniş iclas keçirilmişdir. İclasda müzakirə edilən məsələlərin sonunda müvafiq qərarlar qəbul edilmiş, həmçinin fəaliyyətlərində ciddi nöqsanlara və qanun pozuntularına yol vermiş hakimlər barəsində başlanılmış intizam icraatına baxılmışdır.
Araşdırılan məsələ geniş müzakirə edildikdən sonra bu sahədə ciddi nöqsan və kobud qanun pozuntularına yol verdiklərinə görə
Məhkəmə-Hüquq Şurası tərəfindən Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin hakimi Rəsmiyyə Qəhrəmanova, Yasamal Rayon Məhkəməsinin hakimi Südabə Məmmədova və Sabunçu Rayon Məhkəməsinin hakimi Yusif Kərimovun vaxtından əvvəl hakimlik fəaliyyətlərinə xitam verilmişdi. Həmçinin Bakı Şəhər Binəqədi Rayon Məhkəməsinin hakimi Svetlana İsmayılovanın və Yasamal Rayon Məhkəməsinin hakimi Svetlana Əhmədovanın intizam qaydasında iş yerlərinin dəyişdirilməsi barədə qərar qəbul edilmişdir. İclasda aparılan müzakirələr nəticəsində Bakı şəhər Səbail rayon Məhkəməsinin hakimi Famil Nəsibov, Suraxanı rayon Məhkəməsinin hakimi Natəvan Tağıyeva, Əzizbəyov rayon Məhkəməsinin hakimi Fatma Miriyeva, Yasamal rayon Məhkəməsinin hakimi Abbas Rzayev, Binəqədi Rayon Məhkəməsinin hakimi Sevil Məmmədova, Nizami rayon Məhkəməsinin hakimi Şahin Atakişiyev, Sumqayıt şəhər Məhkəməsinin hakimi Şövkət Nəcəfovaya töhmət verilmiş, Bakı şəhər Yasamal rayon Məhkəməsinin hakimi Xəqani Tağıyev və Səbail rayon Məhkəməsinin hakimi Elnur Həsənova irad tutulmuşdur.
"Ədalət"