BƏYAZ İMTAHAN...
BİZ ONDAN YENƏ "KƏSİLDİK"...
Ölkənin bütün informasiya mənbələri hava məlumat bürosunun ölkə ərazisində havanın qəflətən kəskinləşəcəyi ilə bağlı xəbərləri yaymışdı. O da bildirilmişdi ki, bu kəskin soyuqlar bir neçə gün davam edəcək. Hamıya elə gəlirdi ki, yəqin aidiyyatı təşkilatlar bu xəbərdarlıqdan sonra az da olsa öz tədarüklərini görərlər. İnsanlara ona görə elə gəlirdi ki, "Azərenerji"də, rabitə sistemi də, nəqliyyat təssərüfatı da, "Azərsu" ASC də, çörək istehsalı ilə məşğul olan müəssisələr də... ümumiyyətlə bütün xidmət sahələri, kommunal xidmət təşkilatları bildirmişdilər ki, biz qışa hazırıq.
Amma Bakı, eləcə də ölkənin əksər rayonları hər tərəfdən qarın və şaxtanın mühasirəsinə düşdü və ayın 5-6-da əsl cəhənnəm əzabını yaşadılar. İndi bu haqda yazmaq kimlərəsə qəribə görünə bilər, yəni toydan sonra nağara. Amma mən xidmət sahələrinin əksəriyyətinin insanları hansı vəziyyətə saldığını hər kəsə, hökumətin yuxarı çinli, səlahiyyət sahiblərinə duyurmaq istəyirəm. Qoy, bu gün öz vəzifə borcunu layiqincə yerinə yetirməyən təşkilatlardan hesab sorsunlar. Çünki bu çovğun heç də sonuncu deyil və yəqin ki, oxşar situasiyanı, yaxud bir az da ağırını bir də yaşaya bilərik.
Gecə 4-dən başlayan çovğun getdikcə şiddətini artırdı. Və insanlar cümə günü yuxudan ayılanda artıq hər kəs özünü mühasirədə gördü. Bir sıra vacib avto-trasslar bağlandı. Şəhərin
MARŞRUT SİSTEMİ
iflic vəziyyətinə düşdü. Mərkəzin ətraf yaşayış məntəqələri ilə əlaqəsi kəsildi. Günəşli, Yeni Günəşli, Əhmədli, Sabunçu, Hövsan, Zığ, Türkan... qəsəbələrinə gedən yollar bağlandı. Səhər tezdən vacib işləri ardınca gedənlər və ya işdə olmaq məcburiyyətində qalanlardan çoxu günorta keçəndən sonra geri qayıda bilmirdilər. Hövsan yolunun üstündə keçilməz "sədd" yarandığından qəsəbəyə geri qayıdan maşınlar həmin dondurucu çovğunun altında batıb qalmışdılar.
İnsanlar binaların bloklarına toplaşıb vəziyyətdən çıxış yolu arayırdı. Çünki kiminin övladı, kiminin qardaşı, kiminin həyat yoldaşı geri qayıtmırdı. Hövsan yolunun dəhşətindən necəsə xilas olub qayıdan tək-tük adamlar oranın vəziyyətini təsvir edəndə vəziyyət daha da gərginləşdi.
MOBİL TELEFONLAR
- nə Azərcell, nə də Bakcell işləmirdi. İnsanlar bunu bilsələr də "bəlkə birdən işlədi" ümidi ilə görəsən neçə dəfə yaxınlarının telefonuna zəng vurub üzüntü içərisində biri-birinə baxarmış. Heç cür anlaşılmır, əgər bu cür ekstremal şəraitdə bu mobil telefon sistemləri işləməyəcəksə, onda bu telefonlar nəyə və kimə lazımdı? Bəlkə hökumət həmin rabitə sistemlərindən ciddi hesabat tələb etsin. İki gün ərzində İnsanlara vurduqları mənəvi ziyanın kompensasiyasını ödətsin. Axı, bütün sivil ölkələrdə xidmət sahələri bu qaydalar əsasında işləyir. Məgər biz sivil ölkə deyilik? Amma dərd heç də mobil telefonlarla bitmirdi. Bir sıra yaşayış məntəqələrində şəhər telefonlarında da problem yaşandı. Hər dəfə işlərinin çox yaxşı qurulduğundan danışan
"Azərenerji" çox bərbad vəziyyətdə işlədi. Əslində buna işləmək yox, işləməmək deyərlər. Ölkənin bu çovğunlu günlərində yüzlərlə yaşayış məntəqəsi - bir sıra Qərb rayonları, eləcə də Cənub bölgəsində Astara, Lənkəran, Masallı, Lerik rayonları elektrik enerjisiz qaldı. Paytaxtın Binə, Qala, Günəşli, Hövsan, Yeni Suraxanı, Mərdəkan, Suraxanı, Əhmədli, Sabunçu, Binəqədi (qismən), Zığ, Xətai (qismən) yaşayış massivlərində bir sutkadan çox elektrik enrjisi olmadı. Bəs deyirdilər yarımstansiyalar qurulub, köhnələri əsaslı təmir olunub? Hanı bəs?! Bəlkə bu stansiyaların, yarımstansiyaların üzərinə çəkilən ucuz "kraska"nı onlar əsaslı təmir hesab edirlər, hə?
Həmin işıqsız günlərdə mən inanmıram ki, Bakı sakinlərindən kimsə yerli işıq idarələri və ya
"Bakıelektrikşəbəkə"
ilə əlaqə yaradıb nəyisə öyrənə bilib. Çünki bütün sutka boyu onların telefonları "zanit" göstərib. Şəxsən mən sayını-hesabını belə itirdiyim dəfə işıq idarələrinə, "Bakıelektrikşəbəkə"yə zəng vurdum. Axırda robot "xanım" mənə xəbərdarlıq etdi: ""Bakıelektrikşəbəkə"yə xoş gəlmisiniz. Amma iş vaxtı bitdiyi üçün"... bizə heç nə deyə biləməyəcəklər. Amma onların təbirincə işıqda QİSMƏN problemlər yaşanıb və guya onlar da bunu aradan qaldırmaqla məşğuldurlar. Elə mənim yuxarıda sadaladığım yaşayış massivlərində bir milyona yaxın əhalinin yaşadığını nəzərə alsaq bu "qismən" söhbəti heç uyğun gəlmir. Guya bütün ölkə zülmətə bürünməliymiş.
Yeri gəlmişkən, birinci ABŞ-İraq müharibəsindəki situasiyanı xatırlayanda adam utanır. Həmin dövrdə Amerika hərbi aviasiyası Bağdadı saatlarla bombalayırdı, enerji qovşaqlarını sıradan çıxarırdı, amma hava hüçumu bitəndən iki-üç saat sonra şəhərin enerji təchizatı bərpa olunurdu. Bəs biz müharibə şəraitində yaşayan ölkə deyilik? Məgər Bakı bu dövlətin paytaxtı deyil? Yəni bir ölkənin baş şəhəri iki gün qar yağandan sonra da bu günə düşəcəksə, onda vay bizim halımıza. Ona görə vay halımıza ki, bir çox yerlərdə çörək problemi başladı. Bu qıtlığı ən çox Xətai, Yasamal, Sabunçu, Suraxanı... hiss etdi.
Paytaxtımızın aeroportu işini dayandırdı. Avtomobil yolları bağlandı. Gəncədən çıxan bütün avtobus reysləri saxlandı. Evlərin su ilə təminatı həyata keçirilmədi. İnsanlar susuz qaldı... Çünki ölkə ərazisinə "çaşıb" 5-10 sm. qalınlığında qar yağmışdı.
Amma etiraf etmək lazımdı ki, bu bəyaz imtahanda əhalini tək qoymayanlar da var idi. Və hamı onlara "halal olsun" deyirdi.
FÖVQƏLADƏ HALLAR NAZİRLİYİnin
yüksək səviyyəli işini dəyərləndirməmək ən azı insafsızlıq olar. Onlar bu ekstremal situasiyada ölkənin hər yerində idilər. Hövsan yolunda "ilişib" çətin vəziyyətdə qalan neçə-neçə vətəndaşımız məhz onların köməyi ilə çovğunun pəncəsindən qurtulublar. Bakı-Şamaxı yolunda, Bakı-Aeroport trassında, Qaradağ rayonu istiqamətində, Günəşlidə... yüzlərlə vətəndaş, yüzlərlə avtomobil məhz FHN-nin əməkdaşlarının yardımları ilə müvafiq məntəqələrə çatdırılıb. Yoxuşlarda, enişlərdə irəliləyə bilməyən maşınların qurtulması yalnız FHN-çilərin səyi nəticəsində mümkün olub. Təkcə Şamaxı yolunda batıb qalmış 80-dən çox avtomobili mənzil başına çatdırıblar.
"AZƏRİQAZ"
da həmçinin. Bu qurum da FHN kimi insanları bu bəyaz kabusla tək qoymadılar. Mənzillərdən mavi yanacağı əskik eləmədilər. Nə təzyiqi azaltdılar, nə də qazın nəqlinə bir dəqiqə belə ara verdilər. Məhz onların fəaliyyətinin nəticəsində əhali kəskin şaxtaların qurbanına çevrilmədi. (spesfik səbəblər ucbatından qazı olmayan sakinlər ola bilər). Qazla işləyən çörək sexləri əhaliyə çörək çatdırmağı bacardılar. Amma...
Belə demək mümkündürsə, biz cəmi iki gün çəkən "bəyaz imtahan"dan kəsildik. Amma ümid edirik ki, hökumət bu imtahanın bərbad tərəflərini tezliklə aradan qaldıracaq. Və insanlar növbəti dəfələr bu bəyaz kabusla "əliyalın" üz-üzə qalmayacaq. Bu sonuncu qış deyil axı...
BABƏK YUSİFOĞLU
babekyusifoqlu@rambler.ru