AY QARDAŞ, DEYİRLƏR
YOLA ÇIXMA, ÇIXMA DANA!
Azərbaycanda nə qədər əlaqədar təşkilat vardı, milləti uyardı ki, tufan olacaq, çovğun olacaq, şaxta olacaq və sair və ilaxır, imkan daxilində şəxsi avtomobillərdən istifadə eləməyin və yollara çıxmayın.
Kimə deyirsən?
Sonra televizyonlarda baxırıq ki, hamı gileylənir, yolda qalmışıq köməyə gələn yoxdu və sair və ilaxır. Halbuki ən ağır vaxtlarda belə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları, Dövlət Yol Polisinin əməkdaşları, hətta Sərhəd Qoşunlarının əsgərləri Bakı-Şamaxı, Bakı-Hövsan, Bakı-Mərdəkan, Bakı-Sumqayıt yollarında qalan yüzlərlə insanı donmaqdan xilas elədilər.
Vaşinqtonda şaxta ilə əlaqədar fövqəladə vəziyyət elan olunmuşdu. Amma Bakıda Bakı Şəhər İcra Hakimiyyəti və "Azəravtoyolservis" bütün gücünü işə salıb şəhərin ən işlək yollarını təmizləyirdi. Əgər Amerika kimi bir dövlət bu şaxtanın əlində əsir-yesir qalmışdısa, Bakı şəhərində hansısa nöqsanlara görə televizyonlarda kimlərisə söymək nə qədər doğru idi?
Belə bir söz var: "İki adam dedi sərxoşsan, get yıxıl yat da".
İndi dövlətin dörd qurumu deyir ki, ay bala, yola çıxma da! Çıxma da, get yıxıl yat.