QARDAŞIM TÜRKİYƏ, BOŞ VER!
Hər il aprel ayı yaxınlaşdıqca ikinci dövlətimiz olan Türkiyə qarın ağrısına düşür ki, ABŞ uydurma "erməni soyqırımını" tanıyar. Ona görə də ABŞ nə deyir, mən bizim kuryerə nə deyirəmsə qulaq asdığı kimi Türikyə də ABŞ-ın dediyinə onun kimi qulaq asır. Bircə fərqimiz var, mən kuryerə buyuranda maaşdan başqa ona çaypulu da verirəm. ABŞ isə Türkiyəyə nəinki çaypulu verir, əksinə Türkiyədən milyardlar qoparır.
İndi martın 4-də ABŞ Konqresi uydurma "erməni soyqırımı" məsələsini səsə qoyacaq.
Qardaşımız Türkiyə də bunun qəbul olunmaması üçün az qala Türkiyəni satdığa qoyub.
Qardaşım, boş verin. Əvvəla, ABŞ heç vaxt erməni soyqırımını tanımayacaq, çünki yəhudilər buna imkan verməz. İkincisi də lap dünəndən tanısın.
Şair Vaqif Cəbrayılzadə yazır:
Ax zalım dostlar, zalım qardaşlar,
Bir də baxıb görürsən ki,
Bir qarnı yoğun,
Bir enli sifət,
Üzündə sillə yeri
Durub gözləyir səni.
Amma
Bir qarnı yoğun,
Bir enli sifəti,
Döymək mənə bir az çətindi
Bir silləlik canım var!
Ax zalım dostlar, zalım qardaşlar!
Qardaşım Türkiyə, əvvəla sən tək deyilsən. İkincisi də, bir silləlik canı olan Vaqif Cəbrayılzadə də deyilsən.
Bə, nədən qorxursan, adam?!