Ana səhifə   Açılış səhifəsi edin   Seçılmışlərə əlavə edin   Əlaqə  
  www.adalet-az.com
arxiv:
QƏZET 1990-CI İLİN İYUNUNDAN ÇIXIR                                    Bu bir xalq qəzetidi
Gündəm
Siyasət
Hadisə
Hüquq
Dünya
Müsahibə
Kriminal
Məmləkət
Mədəniyyət
İdman
Yazarlar
Be
Ça
Ç
Ca
C
Ş
B
1234567
891011121314
15161718192021
22232425262728
Təsisçi:
Aqil Abbas

Baş Redaktor:
İradə Tuncay
XRİSTİANLAR İKİNCİ BİR NATO YARADIR
İŞIQLAR KEÇƏNDƏ MİLLƏTİMİZİN YEGANƏ TƏSƏLLİSİ O OLDU Kİ,
DÜNYA DAĞILACAQ
Əsgər anası etiraz edir
Baş Prokurorluqda kollegiya iclası
Yuri Merzlyakov: "Azərbaycan və Ermənistan təkliflərini hələ təqdim etməyib"
Müəllimlərlə məşğələlər keçiriləcək
Banklar niyə ipoteka kreditləri vermir?
Andreas Herkel: "Azərbaycanla bağlı hesabatın iyulda hazır olacağını güman edirik"
Ən təhlüükəli avtomobillər
Norveç nümayəndə heyəti Bakıdadır
10 ton yararsız ərzaq məhv edildi
Azərbaycan kosmik sənayeyə "maya qoyur"
Əli Abbasov Belarus nümayəndə heyəti ilə görüşdü
Milli Ensiklopediyanın I və II cildləri nəşrə hazırdır
Azərbaycan səfirliyi etiraz etdi
Bir dəfəyə 18 qılınc uddu
SEÇMƏ MƏRHƏLƏNİN PÜŞKÜ ATILDI
Nobel mükafatçısı Britaniyaya qarşı
Mübariz Mənsimov: ""Beşiktaş"a bir dünya ulduzu hədiyyə edəcəm"
Şahmatçılarımız erməni rəqiblə üz-üzə
QARTOPU OYUNU TOP OYUNUNU TƏXİRƏ SALDI
"Eurovision" təmsilçilərimizin səhhətində problemlər yarandı
Samira: "Sənətçilərə boş-boşuna verilən titullarla razı deyiləm"
Seçki məntəqəsində striptiz
Aygün Kazımova həbs olunub?
Pişik Günel: "Qardaşım mənə inanır və açıq-saçıq geyinməyimə etiraz etmir
Röya: "Mən onlara insan kimi pis olmamışam"
GÜNÜN LƏTİFƏSİ
   
METYUSUZ ATƏT, FOQTSUZ MİLLİ KOMANDA KİMİ BİR ZİBİLDİ
(ATƏT-in 20 illiyinə həsr olunmuş yazılmayacaq povestdən bir parça)
Bir nömrəli Ərəb Çadır Şəhəri!
   
   Qarabağı bizə məcməyidə verəcək ABŞ-ın, Fransanın və Rusiyanın təşkil etdiyi ATƏT-in yaradılmasının 20-ci ildönümü münasibətilə təntənəli bayram mərasimi.
   
   Mərasimi giriş sözü ilə ölkəmizin ən stajlı Fəxri Qaçqını, "Ədalət" qəzetinin fəxri baş redaktoru Həsənqulu açdı.
   
   - Əziz və çox hörmətli qaçqın bacı-qardaşlar, bu gün bizim üçün ən əlamətdar və xoşbəxt bir gündür. Düz iyirmi il əvvəl dünyada demokratiyanın beşiyi, hindu uşaqlarını öz övladlarından çox sevən ABŞ, Əlcəzairdə qırdıqları bir milyon müsəlmanı müsəlman kimi dəfn olunmasına icazə verdiklərinə görə İslam aləminin dostu və qardaşı Fransa, bizi iki yüz il sevgidən bağrına basıb sıxıb suyumuzu çıxaran Rusiya bizləri yurd-yuvamıza qaytarmaq üçün ATƏT-in Minsk qrupu deyilən təşkilatını yaratdı. Düz iyirmi ildi bu ölkələr bütün olmayan qeyrət və namuslarını ortaya qoyaraq bizlərdən ötrü özlərini öldürürlər. Qrupun həmsədrləri Metyu müəllim, Fasye müəllim və Merzlyakov müəllim evlərindən-eşiklərindən olublar, aylarla arvadlarını belə görə bilmirlər. Hətta sifətləri də uşaqlarının yadından çıxıb.
   
   Əziz bacı-qardaşlar! Ağabəy Əsgərov ATƏT-i impatentdi, nədi ondan adlandırır. Mən Ağabəy müəllimə öz qəti etirazımı bildirirəm. Yazıqlar neyləsinlər ki! O qədər arvadsız qalıblar ki, özləri arvadlaşıblar. Kimlərinsə bədbəxtliyinə, şikəstliyinə həqarət etmək, lağ eləmək bizlərə yaraşmaz. Aqil Abbasın da əzizimiz Metyu Brayza haqqında yazdıqları müəyyən xoşagəlməz fikirlərin də qəti əleyhinəyəm. Aqil müəllim Metyu müəllimlə bizi qarşı-qarşıya qoyur, aramıza girmək istəyir. Ar olsun Aqil müəllimə. Metyu müəllim mənim canımdı-ciyərimdi, dədəmdi-nənəmdi, Fatmanisəmdi, hər şeyimdi.
   
   Əziz bacı-qardaşlar! Metyu müəllim mərasimimizə təbrik teleqramı göndərib. Müsaidənizlə bizim Fatmanisə bir azdan həmin teleqramı sizlərə oxuyacaq.
   
   Metyu müəllimin həmsədrlikdən vaxtsız getməsi xalqımız üçün, xüsusilə də biz qaçqınlar üçün, ələlxüsus da mənim üçün çox böyük itkidi. Metyu müəllimsiz bizlər üçün çox ağır olacaq. Metyu müəllimsiz ATƏT Foqtsuz bizim milli komandamız kimi bir zibildi.
   
   İndi isə icazənizlə Metyu müəllimin təbrik teleqramını oxumaq üçün sözü bizim Fatmanisəyə verək.
   
   Fatmanisə xanım kürsüyə qalxdı:
   
   "Əziz mərasim iştirakçıları, sayğı dəyər qaçqın və məcburi köçkünlər və möhtərəm qonaqlar və qardaşım Həsənqulu! Siz mənim üçün dünyanın ən sevimli bəndələrisiz. Özü də təkcə mənim üçün yox, ABŞ-da, Avropada yeddi məhəllədən qovulanların, ərindən küsənlərin, arvadı evə buraxmayanların hamısı üçün! Sizin hesabınıza kababın, plovun, kürünün, xüsusilə kəlləpaçanın nə olduğunu bildik. Xüsusilə də kəlləpaçanız. Raketi, peyki nənəm də düzəldər, amma dünyanın heç bir milləti sizin kimi kəlləpaça bişirə bilməz. Qısası, yuxarıda qeyd etdiyim kimsələr sizin hesabınıza adam olub, adamlar cərgəsinə qoşuldular, televizyonlarda poz verdilər, ziyafətlərdə başda oturdular, jurnalistlər onlardan müsahibə almaq üçün növbəyə düzüldülər. Ermənilərin sevimlisinə, sizlərin də əziz xələfinə çevrildilər.
   
   Mənim əzizlərim! Sabina Freyzer Bakıya əynində İstanbulun Çarşıbazarından aldığı iyirmi dollarlıq paltarla gəldi, Bakıdan daş-qaşın, qızıl-brilyantın içində döndü. İndi hər gün kilsədə sizlərə dua edir. Ərə də getdi. Mənə də İstanbulda hətta ABŞ milyonçularının görə bilmədiyi təmtəraqlı bir toy yapdınız, evləndirdiniz. Heyf ki, bizim Kondaliza Raysa bir türk kişisi tapmadız. Yoxsa bütün ABŞ-ın sizə bir minnət borcu olardı.
   
   Əziz mərasim iştirakçıları, qardaşım Həsənqulu!
   
   Bilmirəm sizin xəcalətinizdən necə çıxa biləcəm. Həyatda qazandığım bütün naz-nemətlərə və uğurlara görə sizlərə borcluyam!
   
   Mənim əzizlərim! Bilirəm məndən ötrü bərk darıxırsız. Elə mən özüm də sizlərdən ötrü bərk darıxıram. İndi bərk çalışıram ki, sizləri intizarda qoymayam. İnşallah, işlər belə gedərsə, sizləri və məni gözü götürməyən namərdlər pəl vurmazsa Bakıya səfir kimi dönəcəm. Ondan sonra kef partladacağıq.
   
   Əziz mərasim iştirakçıları və qardaşım Həsənqulu!
   
   ATƏT-də məni əvəzləyəcək adam məndən simpatiçni olmasa da, pis şey deyil. Mən sizləri ona möhkəm-möhkəm tapşırmışam. Mənim xətrimə ondan muğayat olun. İnanıram ki, üz-gözünüz tezliklə ona öyrəşəcək. Türklər demiş, nasıl olsa uzun yıllar bir yerdə olacaqsız.
   
   Sizləri bağrıma basıram, gözlərinizdən öpürəm. Allah bizi bir-birimizdən ayırmasın.
   
   Fasye ilə Merzlyakovdan da bərk yapışın. Fasyenin qurbağa budlarını, Merzlyakovun tut arağını əskik eləməyin!
   
   Tezliklə görüşərik!"
   
   Fatmanisə Metyu Brayzanın son sözlərini bitirməmiş mərasimdən sürəkli alqışlar qopdu. Zalda kövrələnlər, sevinc göz yaşlarını saxlaya bilməyənlər vardı. Və zaldan necə "Urra" sədaları qalxdısa, bayırdakılar elə bildi ki, ATƏT məcməyinin örtüyünü götürdü və altından Qarabağ çıxdı.
   
   Sonra söz millətimizin sevimlisi fransalı həmsədr Bernar Fasyeyə verildi. Fasye alqışlar altında kürsüyə qalxdı, üz-gözünü çox səliqə ilə dəsmalladı, sonra cibindən bir kağız çıxarıb oxumağa başladı:
   
   - Əziz ermənilər! Biz fransızlar sizləri çox sevirik...
   
   Zal bir anda dondu. Hamı təəccüblə əvvəl bir-birinə baxdılar, sonra bu əcayib-qərayib baxışlarını Fasyeyə tuşladılar.
   
   Fasye bu baxışların ağırlığından çaşdı və o dəqiqə başa düşdü ki, kağızı səhv salıb.
   
   - Pardon, pardon! Bermete, bermete! Kağızı səhv salmışam.
   
   Cibindən başqa bir kağız çıxartdı və pörtmüş sir-sifətini bu dəfə bir az pərt halda dəsmalladı və oxumağa başladı:
   
   - Əziz azərbaycanlılar! Biz fransızlar sizi çox sevirik. 1915-ci ildə Çanaqqalada siz azərbaycanlıların türk qardaşlarınızla birgə fransızlara göstərdiyiniz sevgi və mərhəməti heç vaxt unuda bilmərik. Ona görə də biz fransızlar uydurma erməni soyqırımını tanımadıq və onu tanımaq istəyənləri də həbslə cəzalandırdıq.
   
   Əziz qaçqın bacı-qardaşlar!
   
   Sözün düzü mənim sizə paxıllığım tutur. Parisdə qurbağa budunun bir porsusu restoranda min dollara olduğu halda, sizdə pulsuzdu. Fransada bunu bilsələr hamı tökülüb gələcək bura, özü də Parisdə krizisdi. Sizin xətrinizə mən bunu sirr kimi saxlayıram. Söz verirəm ki, mən də sizi heç vaxt tərk etməyəcəm. Həmsədrlikdən çıxandan sonra qalacam Azərbaycanda. Yox, Metyu Brayza kimi səfir olmayacam. "Fransaya Azərbaycan qurbağası" şirkəti quracağıq, sizinlə birlikdə qurbağa biznesi ilə məşğul olub milyonlar qazanacağıq. Elə təkcə şəhərinizin yanındakı qamışlıqda olan qurbağalarla Fransanı bir il təmin etmək mümkündü.
   
   Əziz qaçqınlar! Qaldı Qarabağ probleminə, ermənilər qələt eləyir! Nə qədər ATƏT var, nə qədər onun Minsk qurupu var, sizləri bizim kimi sevən həmsədrlər var, Qarabağ sizindi! Yaşasın Fransa-Azərbaycan dostluğu!
   
   Fasye alqışlar altında kürsüdən endi.
   
   Həsənqulu:
   
   - Əziz bacı-qardaşlar! Dərin və məzmunlu çıxış üçün Fasye müəllimə təşəkkürümüzü bildiririk. İndi isə sözü keçmiş böyük qardaşlarımız rusların nümayəndəsi, əzizimiz Merzlyakova veririk.
   
   Merzlyakov saqqalını tumarlaya-tumarlaya çıxdı kürsüyə:
   
   - Doroqie moi! Brati-syostri! İki yüz ildi bir yerdə yaşayırıq, hələ min il də bir yerdə yaşayacağıq. Kim deyir ki, biz ayrılmışıq?! Biz bir ailəyik. Sevincimiz, kədərimiz bir olub. Böyük Vətən Müharibəsində Rusiyanı faşist işğalından qorumaq üçün dörd yüz min azərbaycanlı həlak olub. Əgər Bakı nefti olmasaydı indi Moskvanın adı Hitlerburq, Peterburqun adı isə Gövbesqrad idi! Sizlər bizim bu yaxşılıqlarınızı unutduğumuzu sanırsınız. Siz elə bilirsiniz bircə siz Ağdamsız qalmısınız?! Xeyr! Bu gün bütün Rusiya "Ağdam"sız qalıb.
   
   Əziz bacı-qardaşlar! Artıq rus xalqı ermənilərin əlindən boğaza yığılıb. Yanacaq ver, enerji ver, silah ver, sursat ver, tank ver, top ver, yağ ver, buğda ver, çörək ver, soldat ver. Klyanus boqa! Sizdən qopartdıqlarımızdan bir tikəni də rus xalqına yedirdə bilmirik. Hamısını veririk bu ermənilərə. Hamı yorulub. Putin də, Medvedev də, xalq da!
   
   Doroqie moi! Metyu Brayzanın bizdən ayrılmağı işimizi bir az zora soxdu. O sizi çox sevirdi, professionallaşmışdı. Həm də nə qədər olmasa yeznəniz idi. Təzə gələn işi öyrənənəcən beş-on il lazım olacaq. Amma ürəyinizi sıxmayın, necə deyərlər, luçşe pozdno, çem nikoqda. Yaşasın Rusiya-Azərbaycan dostluğu!
   
   Zaldakılar keçmiş böyük qardaşımızın möhtərəm nümayəndəsinin çıxışını ayaq üstə alqışladılar.
   
   Həsənqulu belə dərin və məzmunlu nitqinə görə Merzlyakova da qaçqınlar adından minnətdarlığını bildirdi.
   
   Həsənqulu:
   
   - Əziz bacı-qardaşlar! Belə qərara gəlmişik ki, Metyu müəllimə uzun illər bizə göstərdiyi diqqət və qayğıya görə "Fəxri qaçqın" adı verək. Onsuz da o yazıq bizdən də betər gündədi. Neçə illər evindən-eşiyindən, yurdundan-yuvasından bizə görə qaçqın düşdü. Bizlər heç olmasa arvad-uşaqlarımızla bir yerdəyik, o yazıq isə heç aylarla təzəcə aldığı arvadını da görmür.
   
   Qərar səsə qoyuldu və yekdilliklə qəbul olundu.
   
   Sonra mərasim iştirakçıları adından BMT Təhlükəsizlik Şurasına, BMT-nin Baş katibi Pan Gi Muna bizə verdikləri dörd spravkaya görə minnətdarlıq məktubu göndərildi.
   
   Sonra Həsənqulu ATƏT-in həmsədrləri olan dövlət başçılarının qaçqınlara təbrik məktubunu da oxudu:
   
   - Əzizlərim, Barak Obama ATƏT-in iyirmi illiyi ilə əlaqədar bizə təbrik teleqramı göndərib. Teleqramda deyilir: "Hörmətli və sevimli qaçqın bacı və qardaşlar! Bu gün sizə Qarabağı məcməyidə təhvil verəcək ATƏT-in iyirmi illiyidi. Bu bayram münasibətilə sizləri, eləcə də ATƏT-in rəhbərliyini ürəkdən təbrik edir, sizə qaçqın həyatınızda daha böyük qaçqınçılıq arzulayıram və gün o gün olsun ki, ATƏT-in əlli illiyini də bax beləcə sevinclə qeyd edəsiniz. Biz amerikalılar həmişə sizin yanınızdayıq. Sizlər olmasa biz çoxdan elə sizin gününüzdə yaşayardıq. Ona görə həmişə sizə borcluyuq.
   
   Həsənqulu cibindən başqa bir teleqram çıxarır:
   
   - Əzizlərim bu teleqramı da Fransanın arvadını boşayaraq gözəl bir maniken alan prezidenti Sarkozi göndərib. Teleqramı sizə oxuyuram: "Hörmətli və sevgili qaçqın bacı-qardaşlar! Belə bir şayiə buraxıblar ki, guya biz erməniləri sizldən çox sevirik. Yalandı. Evimizdəki qaz sizin, evimizdəki işıq sizin, Luvr muzeyini bəzəyən xalçalar sizin. Biz qotur erməniləri niyə sevməliyik ki?! Biz hələ indən belə də düz əlli il həmsədrliyi davam etdirəcəyik. Yaşasın Fransa və Azərbaycan dostluğu!"
   
   İlahi, zalda ağlayan kim, bir-birini qucaqlayıb öpən kim.
   
   Sonra Həsənqulu Putinin teleqramını oxuyur:
   
   - Əziz qaçqınlar! Vaxtilə bir gözəl mahnınız vardı: "Ay mənim urus qardaşım, ay mənim urus bacım". Elə bilirsiz biz bu mahnını yaddan çıxarmışıq? İndi biz də bir mahnı yazırıq: "Ay mənim azərbaycanlı qardaşım, ay mənim azərbaycanlı bacım". Sizlər bizim üçün çox əzizsiniz. Urus torpaqlarını alman faşizmindən xilas etmək üçün həlak olan dörd yüz mindən çox azərbaycanlını biz heç vaxt unuda bilmərik. Biz sizsiz yaşaya bilmərik. Ən azı ona görə ki, sizlər olmasanız, ölkəmizdə doğum faizi minusa işləyər. Bizim dostluğumuz əbədidi, ona görə də biz heç də amerikalılar və fransızlar kimi ATƏT-in əlli illiyini yox, yüz illiyini görmək arzusuyla yaşayırıq. Sizə söz verirəm ki, ATƏT-in yüz illiyində Moskvadakı Qızıl meydanda möhtəşəm bir parad keçirəcəyik. Yaxın qonşu uzaq qohumdan yaxşıdı. Biz sizi amerikalılardan da, fransızlardan da çox sevirik. Yaşasın Rusiya ilə Azərbaycanın əbədi dostluğu!
   
   İlahi, yenə sevincindən ağlayanlar kim, öpüşənlər kimi, "urra" deyənlər kim.
   
   Mərasimin sonunda görkəmli ulduzlarımız geniş konsert proqramı ilə çıxış etdilər. Mərasim CNN kanalı ilə canlı yayımlanırdı.
   
   Hörmətli oxucular! İstəsəniz bu povestin arxasını yaza bilərik. Siz istəsəniz! Məktublarınızı gözləyirik.
Aqil ABBAS aqilabbas@rambler.ru
Oxunub: 200
DİKTATOR, YOXSA ƏRƏBLƏRİN FƏXR ETDİYİ ADAM?..
Dünyanın mədəniyyət beşiklərindən biri sayılan Misir tarixin ən mürəkkəb sınaqlarından çıxmış dövlətlərindən biridir. Bir zamanlar Şərqə hökm etmək gücündə olan bu qədim və zəngin ölkə zaman-zaman xarici dövlətlərin işğalına məruz qalmış, dəfələrlə talan edilmiş, sənətkarları, elm adamları başqa yerlərə daşınıb aparılmışdır. Amma bütün bunlara baxmayaraq bu ekzotik, zəngin ölkə yaşamış, özünü qoruyub saxlamış, bəşəriyyətə saysız-hesabsız mədəni, elmi töhvələr vermiş, uzun illər ərəb dünyasının lideri adını qazanmışdır.
   
   Həqiqətən də Misirin çox qədim, zəngin tarixi keçmişi var. Və ölkənin fəxr edəcəyi, sayıb seçəcəyi övladları da az olmamışdır. Onun müasir dövründən danışası olsaq əgər Hüsni Mübarəkin adını çəkməmək, və ya üstündən ötəri keçmək qətiyyən mümkün deyil. Çünki Misirin son 40 ilə qədərki bir zamanı məhz onunla keçib. Kimi bu adamı böyük dövlət xadimi, kimi bacarılı hərbçi, kimi də dəyişməz diktator kimi qəbul edir. Amma bütün hallarda o, Misirin, ərəb dünyasının adını tarixə yazdırmış oğullarından biridir.
   
   
   
   Məhəmməd Hüsnü Səid Mübarək
   
   
   
   1928-ci il mayın 4-də Kəfr əl-Müsəylaha kəndində dünyaya gəlib. Atası əs-Səid İbrahim Mübarək məhkəmə sistemində məmur işləyib. Sonra isə Şibin əl-Qumda qubernator məhkəmə sistemində çalışıb. 1952-ci il inqilabından sonra əs-Səid İbrahimi Qahirədə Ədliyyə nazirliyində inspektor vəzifəsinə keçirlər. Və ailə ölkənin paytaxtına köçməli olur. Hüsnü Mübarək orta məktəbi bitirdikdən sonra o hərbi xidmətə yollanır. Uşaqlıqdan kitablara və idmana böyük həvəs göstərir. Öz bacarığı ilə yaşıdlarından seçilən Mübarək hərbi xidmətdən sonra Qahirədə Hərbi Akademiyaya daxil olur, 1949-cu ildə oranı bitirərək bakalavr dərəcəsi alır. Bir il sonra isə Bilbeysdəki Hərbi Hava Qüvvələri akademiyasına daxil olur və təhsilini başa vuraraq aviasiya elmləri üzrə bakalavr dərəcəsinə sahiblənir, qırıcı təyyarə eskadrilyasına keçirilir.
   
   
   
   Gənc hərbçi
   
   
   
   hərbi təyyarəçi kimi 1956-cı ildə Böyük Britaniya, Fransa və İsrailə qarşı əməliyyatlarda iştirak edir. Bu xeyli müddət çəkir. Amma Hüsnü Mübarək təhsilində natamam hissələri doldurmaq haqqında düşünürdü. Bu üzdən də 1959-60-cı illərdə SSRİ-yə gələrək burada hərbi akademiyada təhsil alır və bombardımançı, ağır bombardımançı təyyarələrini də öyrənir. Bundan sonra Hüsnü Yəməndə gedən vətəndaş müharibəsində eskadrilya komandiri kimi iştirak edir. Sonradan Hüsnü Mübarək yenidən təhsilini davam etdirir. SSRİ-yə gəlir, akademiyada oxuyur.
   
   Vətənə qayıtdıqdan sonra Misirin Qərb Aviabazasının komandanı vəzifəsinə təyin edilir. 1965-ci ildə aviasiya briqadasına komandan, daha sonra isə Qahirə aviabazasının rəisi təyin edilir. Bu ərəfədə Misirlə İsrail arasında gərginlik hökm sürürdü. Edilən diplomatik səylər bir nəticə vermədiyindən bu dövlətlər arasında qısamüddətli müharibə başladı və artıq bacarıqlı hərbçi sayılan Mübarək müharibədə iştirak edir. Bu hərbi qarşıdurma altı gün çəkir. Və nə yazıq ki, Misir bu savaşda ağır məğlubiyyətə düçar olur. Bu məğlubiyyətin gələcəkdə də təkrar olunmaması üçün hərbdə ciddi reformlar lazım gəlir. Və dövlət bunu həyata keçirməyi qarşısına məqsəd qoyur. Hüsnü Mübarək hərbi-hava akademiyasına direktor təyin olunur və sonra ona daha böyük etimad göstərilərək Misir Hərbi-Hava Qüvvələrinin qərargah rəisi təyin edirlər ki, o, bu vəzifədə 1972-ci ilədək çalışır.
   
   
   
   Bu illər ərzində
   
   
   
   o həm hərbdə, həm də ictimaiyyət arasında tanınmağa başlamışdı. Onu yüksək təhsil görmüş hərbi mütəxəssis hesab edirdilər. Hüsnü özü də qazandığı karyerasını daha da yüksəltmək üçün düşünürdü. Və çox çəkmir ki, hadisələrin inkişafı onu bir az da irəli aparır. O dövrdə Misirin prezidenti olan Ənvər Sadat özü ona böyük etimad göstərməyə başlamışdı. Mübarək HHQ-nun komandanı və Misirin müdafiə nazirinin müavini vəzifəsinə keçirilir. Amma onun karyerasındakı sürətli inkişaf heç də bununla bitmir. Həyat özü onun qarşısına yeni sürprizlər çıxarır. 1973-cü ilin oktyabrında Misir-İsrail müharibəsində Misir onun rəhbərliyi altında ilk dəfə İsrail aviasiyasına böyük məğlubiyyətlər yaşadır. Amma qeyd edək ki, buna baxmayaraq hərbi əməliyyatlarda İsrail yenə təşəbbüsü əldən vermir.
   
   
   
   Misir hərbi aviasiyasının müvəffəqiyyəti
   
   
   
   artıq Mübarəkə böyük şöhrət qazandırmışdı. Ərəblər artıq onun simasında milli qəhramanlarını görürdülər. Dövlət də eyni zamanda onun xidmətlərini qiymətləndirir. Belə ki, Mübarək baş aviasiya marşalı rütbəsini, 1974-cü ildəsə Misirin silahlı qüvvələrinin general-leytenantı rütbəsini qazanır. Artıq ona daha yuxarı üfiqlər əl çatan görünürdü. Mübarək xalqın və dövlətin inamını və məhəbbətini qazanmışdı. Ənvər Sadat 1975-ci ildə Hüsnünü Misirin vitse-prezidenti təyin edir və bununla da ona nə qədər inandığını nümayiş bildirir. Və bunu dövlət postlarında deyil, həm də 1978-ci ildə yaratdığı Milli-Demokrat Partiyasında da özünün vitse-sədri seçir. Cəmi üç ildən sonra isə Mübarək həmin partiyanın sədrliyinə gəlir. Beləliklə o, Sadatın həm daxili, həm də xarici siyasətində bir nömrəli köməkçisinə çevrilir.
   
   O dövrdə hadisələri izləyən adamların əksəriyyəti artıq onu gələcəkdə ölkənin birinci adamı olacağına şübhə etmirdi. Zahirən heç nəyi büruzə verməyən Mübarəkin özü də hakimiyyətin əlçatan yerdə olduğunu bütün aydınlığı ilə görürdü. Çünki ölkənin bir çox işlərini artıq o idarə edirdi. 1980-cı ildə isə vitse-prezident Hüsnü Mübarək Misirin polisi və xüsusi xidmət orqanları üzərində nəzarəti əlinə alır. Və bundan sonra demək olar ki, o, Misirdə real gücə çevrilir.
   
   
   
   1981-ci il 6 oktyabrda
   
   
   
   keçirilən hərbi parad zamanı prezident Ənvər Sadat bir radikal islamçı tərəfindən qətlə yetirilir. Həmin an prezidentin yanında dayanmış Mübarək də əlindən yaralanır. Bəzi şahidlər isə bildirirlər ki, Mübrək heç yerindən xəsarət belə almayıb. Doğrudan da 8 gündən sonra Hüsnü Mübarəkin prezident seçilməsi Sadatın müəmmalı ölümünün üzərindəki sirri bir az da qatılaşdırdı. Həmin vaxtdan başlayaraq Mübarək Misirin dəyişməz prezidenti olaraq işləməyə başladı. O, növbəti dəfə - 1987-ci ildə, 1993-cü ildə, 1999-cu ildə və 2005-ci ildə Misirin prezidenti seçilib. Amma onu qeyd edək ki, sonuncu prezident seçkilərində Mübarək ölkə konstitusiyasına dəyişiklik edərək prezident seçkilərini alternativ namizədlərlə keçirilməsini qanuniləşdirdi.
   
   Misirin mütləq hakimi
   
   
   
   Hüsnü Mübarək ABŞ-la ehtiyatlı siyasət quraraq onun köməyindən də yararlanır. Məhz onun siyasətinin nəticəsidir ki, Misir hər il Amerikadan 1,5 milyard dollar yardım alır. Misir onun siyasəti üzündən Amerikadan asılı olan ərəb ölkələrindən birinə çevrilib. Amma onu da bildirmək lazımdır ki, Misir həm Şimali Afrika, həm də ərəb ölkələrində baş verən münaqişələrin nizamlanmasında xüsusi rol oynayıb.
   
   Mübarək hakimiyyətdə olduğu müddətdə 6 dəfə sui-qəsdin ünvanı olmasına baxmayaraq hamısından salamat qurtarıb. O həmişə hərbi təhsil aldığı Rusiya ilə yaxşı manasibətlər saxlayıb və rus dilini yaxşı bilir. 2008-ci ildə Vladimir Putinlə görüşündə Misirdə atom elektrik stansiyası tikmək haqda razılıq əldə edib.
   
   Mübarək Sadatın siyasətini dəyişib. Ən çox da siyasi müxalifətə qarşı. Hüsnü Mübarək türmələrdəki müxalifəti azad edərək onların təqib olunmasına son qoydu. Hətta onlara öz qəzetlərini buraxmağa icazə verdi. Bir sıra radikal islamçı təşkilat üzvlərini edam etdirdi. Ənvər Sadatın qatili və qətlin təşkilatçıları da edam olundu.
   
   Hüsnü Mübarək gənclik illərində uelsli tibb bacısı ilə evlənmiş bir misirli həkimin qızı ilə - Syuzanna Sabetlə ailə qurmuş, ondan iki oğlu olmuşdur - Alaa və Qamal. Qamal əvvələr bankir olsa da sonralar siyasi proseslərə qatılır və atasının siyasi varisi hesab edilir. Partiyada ən yüksək postlardan biri ona həvalə edilib. Mübarək özü bunu rədd etsə də belə danışılır ki, Mübarək Misiri arvadı Syuzanna ilə birlikdə idarə edir. Hər halda bir kənddə doğulmuş adi məhkəmə məmurunun oğlunun vəzifə pillələrində belə sürətlə yüksəlməsi onun öz bacarığı, uzaqgörənliyi, hər bir situasiyadan məharətlə istifadə etməyi ilə bağlı idi. Hətta bir çox hallarda o özü həmin situasiyaları yaradaraq hadisələri xeyirinə dəyişməyi bacarmışdı. Onu sevənlər də, sevməyənlər də, hətta onun düşmənləri belə Hüsnü Mübarəkin adını nə Misirin tarixindən, nə də dünyanın yaddaşından silə bilməzlər. Demokratiyanın əleyhdarı olsa da, lap diktator adı qazansa da şübhəsiz o, müasir dünyada ərəblərin ən məşhur oğullarından biridir.
   
   
   
   
BABƏK YUSİFOĞLU babekyusifoqlu@rambler.ru
Oxunub: 189