SEÇMƏ MƏRHƏLƏNİN PÜŞKÜ ATILDI
Millimiz tanış rəqiblərlə bir qrupda mübarizə aparacaq
Gələn il Polşa və Ukraynada keçiriləcək futbol üzrə Avropa Çempionatının seçmə mərhələsi üçün püşk atılıb. Bazar günü Polşanın paytaxtı Varşavada düzənlənən mərasimdə Azərbaycan yığmasının da rəqibləri məlum olub.
Öncədən onu vurğulayaq ki, siyasi problemləri nəzərə alan və keçmiş səhvlərindən nəticə çıxaran UEFA Azərbaycanla Ermənistanı, Gürcüstanla isə Rusiyanı eyni qrupa salmamaq üçün önləyici tədbirlər görüb. Püşkatamaya gəlincə, təxminən 600 milyon insanın canlı yayımda izlədiyi mərasimdə Azərbaycan milli komandasının rəqiblərinə aydınlıq gəlib. Alman çalışdırıcı Berti Foqtsun yetirmələri "A" qrupunda mübarizə aparmalı olacaqlar. Özü də tanış rəqiblərlə. Püşk millimizi əvvəlki seçmə mərhələlərdə dəfələrlə görüşdüyümüz komandalarla yenidən üz-üzə gətirib.
"A" qrupu
Almaniya,
Türkiyə,
Azərbaycan,
Avstriya,
Belçika,
Qazaxıstan
Püşkatma mərasimində iştirak etmək üçün Varşavaya gedən yığmamızın baş məşqçisi Berti Foqts rəqiblərimizin adı məlum olandan sonra açıqlama verib: "Çox güclü qrupda mübarizə aparmalı olacağıq. Almaniya qrupumuzda favorit olsa da, Türkiyəni də hesabdan silmək olmaz". Almaniyalı futbol mütəxəssisi planlarından da danışıb: "Bütün komanda ilə seçmə mərhələnin görüşlərinə ciddi hazırlaşmalı, güclü təlim-məşq toplanışları keçirməliyik. Çalışacağıq ki, uğurlu nəticələr qazanaq və azarkeşlərimizə baxımlı oyun nümayiş etdirək".
Qrupumuzun lideri sayılan Almaniya yığmasının baş məşqçisi Yoahim Löv artıq Avropa Çempionatının final mərhələsi barədə düşündüyünü gizlətməyib: "Açığı, püşk məni təəccübləndirmədi. Türkiyə ilə birgə qrupumuzun favoritləriyik. Buna görə də indidən final mərhələsi barədə düşünürəm". Löv Azərbaycanda və Qazaxıstanda oyun keçirməyin çətinliyini də vurğulayıb.
"A" qrupundakı oyunların təqvimi fevralın 18-də dəqiqləşəcək. Baş məşqçilər və milli federasiyaların nümayəndələri həmin gün Almaniyanın Frankfurt şəhərinə toplaşaraq bu məsələyə aydınlıq gətirəcəklər. Seçmə mərhələnin oyunlarına bu ilin sentyabrında start veriləcək.
2011-ci ilin noyabrında isə Avropa Çempionatına vəsiqə qazanan milli komandaların adları məlum olacaq.
Turan İSMAYILZADƏ