"Aqo"nun formatı dəyişdirilə bilər
Dünən Avropa Şurası Nazirlər Komitəsinin 1076-cı iclası keçirilib. APA-nın Avropa bürosunun məlumatına görə, toplantıda AŞ Nazirlər Komitəsinin "Aqo" qrupunun 2009-cu ilin noyabrın 20-25-də Azərbaycan və Ermənistana səfərinə dair hesabatı dinlənilib. Avropa Şurası Nazirlər Komitəsi sədrinin müavini və "Aqo" qrupunun katibi Kristof Puarel məsləhətləşmələr başa çatdıqdan sonra hesabatın AŞ Nazirlər Komitəsinə təqdim olunacağını bildirib.
Müzakirələr zamanı "Aqo" qrupuna daxil olan səfirlər Azərbaycandakı proseslərdən və irəliləyişlərdən məmnun olduqlarını bildiriblər. Azərbaycanla bağlı hesabat ümumilikdə müsbət qiymətləndirilib. Həmçinin iclasda qrupun gələcək fəaliyyəti ilə bağlı da müzakirələr aparılıb. Müzakirələrə görə, "Aqo" qrupunun formatının dəyişdirilməsi məsələsi gündəmdədir. İclasda Dağlıq Qarabağ probleminə dair aparılan danışıqların indiki mərhələsi ilə bağlı da müzakirələr aparılıb. Müzakirələr zamanı Azərbaycan hökümətinə müsbət irəliləyişləri inkişaf etdirmək barədə çağırış edilib.