
Milli Məclisin yaz sessiyasının ilk iclasında spiker Oqtay Əsədov bir qrup deputatdan narazılıq edib. O deyib ki, yaz sessiyası III çağırış Milli Məclisin son sessiyasıdır: "Ona görə, gərək bu sessiyada özümüzü ləyaqətlə aparaq. Bəzi deputatlar deyirlər ki, parlament işləmir, səlahiyyəti yoxdu, olan səlahiyyətlərini də yerinə yetirmir. Baxmayaraq ki, onlar öz aramızda oturublar, amma belə danışırlar. Belə deputatlar mövqesiz deputatlardı". Açıqlamadan görünür ki, spikerin söylədikləri müxalif deputatlara aid olmayıb. Çünki adətən belə hallarda müxalif millət vəkilləri adekvat cavab verirdilər. Amma bu dəfə onlardan səs çıxmadı.
Spikerin açıqlaması ilə bağlı millət vəkili Nazim Məmmədov qeyd etdi ki, o, O.Əsədovun fikri ilə razıdı: "Konkret olaraq mən bilmirəm ki, spiker kimi və ya kimləri nəzərdə tutub. Amma yəqin ki, onun əlində bunu demək üçün əsas var. Ümumiyyətlə, mən deputatların həmkarlarının çıxışına, fikrinə replika atmağı, parlamentin fəaliyyətsizliyi haqqında mətbuata danışmağı məqbul hesab etmirəm. Hansı deputat deyirsə ki, Milli Məclisin fəaliyyəti qənaətbəxş deyil, demək onun özünün də işində nöqsanlar var. Əgər sən parlamentdə oturursansa və buranı tənqid edirsənsə, demək elə sənin özünün də bunda günahın var. Bir də ki, parlament işləmirsə, onda deputatın orada nə işi var? Bu baxımdan hesab edirəm ki, O.Əsədov doğru olaraq belə açıqlamalar verən deputatları qınayır".
Millət vəkili İqbal Ağazadə isə Qaynar.info-ya açıqlamasında bu sualın spikerə ünvanlanmasını daha məqsədəuyğun hesab etdi: "Hər halda Oqtay müəllimin əlində əsas var ki, belə danışır. Yəni heç kəs əlində əsas olmadan heç nə deməz. Bu baxımdan məncə spiker nəsə bilir".
Deputat Fəzail Ağamalı da spikerin fikirlərinə şərik çıxdı: "Şübhəsiz ki, bununla bağlı sədrin əlində məlumatlar, faktlar var ki, həmin faktlara əsasən belə deyir. Çünki parlament 4 il ərazində minə yaxın qanun qəbul edibsə demək artıq ciddi şəkildə fəaliyyət göstərib.