Güləşçilərimiz Ermənistana getməyəcək
Ölkəmiz Yunan-Roma güləşi üzrə Ermənistanda keçiriləcək Dünya Kubokundan rəsmi şəkildə imtina edib. Bu haqda məlumatı "Novosti-Armeniya"ya turnirin mətbuat katibi Eduard Kələntəryan bildirib. Ermənistan Güləş Federasiyası Beynəlxalq Güləş Federasiyaları Assosiasiyasından (FİLA) məktub alıb. Sənəddə Azərbaycan yığmasını Dünya Kubokunda Özbəkistanın əvəzləyəcəyi göstərilib.
Kələntəryanın sözlərinə görə, Azərbaycan tərəfi iki gün davam edəcək yarışdan imtinasına səbəb kimi 13 - 18 apreldə Bakıda keçiriləcək Avropa çempionatına daha yaxşı hazırlaşmaq istəyini göstərir. O, həmçinin FİLA-nın buna görə Azərbaycan Güləş Federasiyasına heç bir intizam sanksiyası tətbiq etməyəcəyini açıqlayıb. Xatırladaq ki, Dünya Kubokunda Türkiyə, İran, Rusiya, Gürcüstan, Ermənistan, Kuba və Macarıstan da mübarizə aparacaq.
Vüsal