QOCAMANLARIN DÖYÜŞÜ
Bu mübarizədən kim qalib ayrılacaq - "Neftçi", yoxsa "Qarabağ"?
Bir aylıq fasilədən sonra bu gün milli futbol çempionatında növbəti tur start götürür. Unibank premyer-liqası yeni qaydalarla keçirildiyindən çempionat 18-ci turdan davam edəcək. Həm bu gün, həm də sabah azarkeşləri maraqlı oyunlar gözləyir.
Bakının "Neftçi", Ağdamın "Qarabağ" klubları arasında sabah baş tutacaq qarşılaşma tura xüsusi gərginlik qata bilər. Bunun üçün bir neçə səbəb var. Əvvəla, hər iki klub milli çempionatın qocamanlarından sayılır. Həm paytaxt, həm də Ağdam təmsilçisi bütün çempionatlarda iştirak ediblər. İkincisi, "Neftçi" ilə "Qarabağ" arasında qarşılaşmalar həmişə öz prinsipiallığı ilə seçilir. Üçüncü səbəb təbii ki, Vaqif Cavadovla bağlıdır. Aparıcı oyunçusunu Hollandiyanın "Tvente" klubuna satan "Qarabağ" öz ənənəvi dəsti-xəttini qoruya biləcəkmi? Qış fasiləsində klubların çempionatdakı uzun marafona necə hazırlaşdığı ilə bağlı marağı da dördüncü səbəb kimi göstərmək olar.
Sabah meydan sahibi rolunda çıxış edən "Neftçi" heyətini yeni futbolçularla gücləndirib. İlk altılığa düşmək uğrunda mübarizəni davam etdirən Vaqif Cavadovun yetirmələri həmin yeni oyunçularla azarkeşlərin qarşısına çıxacaq. Yeni transferlərdən danışanda Valeri Abramidzeni xüsusi qeyd etmək olar. Gürcü müdafiəçi əvvəllər də "Neftçi"də forma geyindiyindən bu klubun tərəfdarları arasında nüfuz qazana bilib. Moldova millisinin üzvü Sergey Alekseyev və Estoniya yığmasında çıxış edən Vladimir Voskoboynikov fasilədən sonra "Neftçi"nin uğurları üçün çalışacaqlar. Dünən hər üç yeni oyunçu "Trend" informasiya agentliyinin mətbuat zalında ictimaiyyətə təqdim olunub.
"Qarabağ" da heyətinə Azərbaycan azarkeşlərinə yaxşı tanış olan futbolçu qatıb. "Neftçi"də və "Bakı"dakı oyunu ilə yaxşı tanış olan Georgi Adamiya qış fasiləsində Ağdam klubuna transfer olunub.
İlk dövrədə bu klubların Quzanlıda keçirilən oyunu Ağdam təmsilçisinin minimal hesablı qələbəsi ilə başa çatıb. İndi "Tvente"nin oyunçusu sayılan Vaqif Cavadovun vurduğu baxımlı qol oyunda yeganə olub.
Sabah meydanda kimin qalib gələcəyi böyük maraq doğurur.
ETİBAR