Avropa İslahat İnstitutu: Azərbaycan qaz hasil edən ən önəmli ölkələrdən biridir
İngiltərənin Avropa İslahat İnstitutu, Nabucco təbii qaz boru kəməri layihəsinin Türkiyənin Ermənistan siyasəti səbəbiylə ləngidiyini bildirib. İnstitutun Nabucco layihəsi ilə bağlı yayımladığı hesabatda, Azərbaycanın qaz hasil edən ən önəmli ölkələrdən biri olduğu vurğulanıb. Hesabatda, Nabucco layihəsi üçün nə qədər təbii qazın hansı qiymət və şərtlərdə nəql olunması mövzusunda Türkiyə ilə Azərbaycan arasında fikir ayrılığı olduğu bildirilib.
"Ermənistan ilə münasibətlərini istiləşdirməyə başlamış Türkiyənin Azərbaycan ilə münasibətlərin gərginləşib, bu da Nabucco layihəsinin ləngiməsinə əsas rol oynayıb. Öncə Nabucco üçün nəzərdə tutulan 8 milyard kubmetr təbii qazın "Şahdəniz" yatağından çıxarılması planlaşdırıldığı halda hazırda bölgədəki neft şirkətləri burada kəşfiyyat işlərini dayandırıb", - deyə hesabatda vurğulanır.
Nabucco layihəsi ilə bağlı durumun çox da yaxşı olmadığı qeyd olunan hesabatda sonda Türkiyə ilə Azərbaycanın razılığa gələcəkləri bildirilir. "Bakı Avropanın təbii qaz bazarına çıxmağı çox istəyir. Türkiyənin enerji bazası olmaq istəyi də güclüdür. Hər 2 ölkə təbii qazın axmağa başlamasından sonra bir çox neft nəhənglərinin gözünü bu bölgəyə çevirəcəyini yaxşı bilirlər", - deyə hesabat müəllifləri vurğulayıblar.