
Telekanal rəhbərlərinin milli-mənəvi dəyərlərə xüsusi diqqət yetirməməsi, bu məsələdə maliyyə problemini ümumi əsas kimi götürməsi hələ də qalmaqdadır. Hesab edirəm ki, televiziyada çalışan insanlar milli-mənəvi məsələlərdə maliyyə cəhətini əsas kimi götürməməlidir. Onlar cəmiyyətin doğru istiqamətdə tərbiyələndirilməsi, maarifləndirilməsi və məlumatlandırılmasını əsas götürməlidir.
MTRŞ sədrinin Turan agentliyinə müsahibəsini ixtisarla təqdim edirik
Azərbaycan Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli Turana müsahibəsində Azərbaycan televiziya sənayesində mövcud vəziyyət, şou proqramları, radio yayımları, kabel televiziyaları, Milli Teleradio Şurasının televiziya kanalları ilə münasibətləri, peyk rabitəsi vasitəsilə yayım məsələlərinə toxunub.
-Azərbaycan Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin televiziyalarla bağlı tənqidi məqaləsindən sonra bu sahədə hansı islahatlar aparılıb?
-İslahatların aparılması yalnız Prezident Administrasiyasının rəhbərinin məqaləsi ilə bağlı deyil. Azərbaycanın efir məkanındakı mövcud vəziyyətin ictimai müzakirəsi efirdə şou-biznes xarakterli verilişlərin artım tendensiyasının qarşısını aldı. Efirdə şou xarakterli verilişlərin keyfiyyətində də müəyyən qədər irəliləyişlər oldu, sünilik, şitlik müəyyən qədər azaldıldı. Amma bu sahədə hələ problemlər var və görüləsi işlər çoxdur.
-Bəs, görüləsi işlər nədir?
-Görüləsi işlər deyəndə, məsələyə kompleks yanaşmaq lazımdır. Kadr potensialı, jurnalistlərin peşəkarlıq məsələsi var. Telekanal rəhbərlərinin milli-mənəvi dəyərlərə xüsusi diqqət yetirməməsi, bu məsələdə maliyyə problemini ümumi əsas kimi götürməsi hələ də qalmaqdadır. Hesab edirəm ki, televiziyada çalışan insanlar milli-mənəvi məsələlərdə maliyyə cəhətini əsas kimi götürməməlidir. Onlar cəmiyyətin doğru istiqamətdə tərbiyələndirilməsi, maarifləndirilməsi və məlumatlandırılmasını əsas götürməlidir.
-Bir çox yerli və beynəlxalq hesabatlarda Azərbaycanda bütün televiziya sənayesi hökumətin tam nəzarətində olduğu bildirilir. Bu hesabatlar haqlıdırmı?
-Bu həmin təşkilatların hesabatlarıdır və mən bu barədə bir söz deyə bilmərəm. Bəyan edirəm ki, Milli Teleradio Şurası televiziyaların yaradıcılıq işlərinə və proqram siyasətinə ümumiyyətlə qarışmır.
-Sizin monitorinqin nəticələrinə görə, Azərbaycan televiziyalarında proqram siyasəti necədir? Verilişlərin hansı hissəsini şou proqramlar təşkil edir? Gənclərə, cəmiyyətin sosial-iqtisadi problemlərinə nə qədər veriliş həsr edilir?
-Ötən ilin ortalarına qədər şou xarakterli verilişlər artmaqda davam edirdi. Bu tendesiyanın artması ictimai müzakirələrə səbəb oldu. İndi bu tendensiyanın qarşısı alınıb.
Ümumiyyətlə proqramlar əyləncəli, maarifləndirici, məlumatlandırıcı tendensiyalar üzrə tərtib edilir. Bu tendensiyalar üzrə vaxt bərabər bölünməlidir və bu, artıq gözlənilir. Müəyyən qədər narahatlıq doğuran uşaq verilişlərinin azlığı və yerli istehsalın olmamasıdır. Cizgi filmlərin yaradılması sahəsində ciddi işləmək tələb olunur.
Daha bir problem Azərbaycanda kinofilm istehsalının az olmasıdır. Efiri daha çox xarici filmlər tutur. Daha çox problem doğuran isə televiziya aparıcılarının az olmasıdır. Aparıcıların işə qəbulunda tələbat artırılmalı və sərtləşdirilməlidir.
-Radio sahəsində vəziyyət necədir? Radio tezliklərlə bağlı tenderlər keçirilməsi nəzərdə tutulurmu? Bu sahədə problemlər də müşahidə edilir. Bakıdan qərb və cənub istiqamətinə 50-100 kilometr getdikdə fars və erməni dilində, şimal istiqamətində rus dilində, Gəncə regionu da daxil olmaqla, qərb regionunda isə gürcü dilində radioların səsləri yerli radioların tezliklərində eşidilir. Azərbaycan radiolarının səsi harada eşidilir?
-Azərbaycan televiziya və radiolarının görüntüləri və səsi həm Rusiya, həm Ermənistan, həm Gürcüstan, həm də İranda müşahidə edilir. Bu təbii bir prosesdir. İstənilən ölkənin televiziya siqnalları digər qonşu ölkədə 60-70 kilometr məsafədə müşahidə edilir. Buna qeyri-adi baxmaq lazım deyil.
Amma siqnallar digər ölkənin 300-400 kilometr dərinliyinədək gedirsə, bunun qarşısı alınmalıdır. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi bununla bağlı müəyyən işlər görür. Son zamanlar yeni ötürücülər alınıb, sərhəd zonalarında yerləşdirilib. İndi bu ötürücülər Azərbaycan televiziya və radiolarının tezliklərinin tam gücü ilə işləməsini təmin edir.
Bəzən isə Azərbaycan televiziya və radioları tezliklərini tam həcmdə işlətmir və bu səbəbdən həmin tezliklərə qonşu ölkələrin siqnalları daxil ola bilir.
-Yaxın zamanlarda yeni radio tezlikləri tenderə çıxarılacaqmı? Yeni televiziyanın açılacağı gözlənilirmi?
-Azərbaycanın əhalinin sayına, reklam bazarının həcminə görə yetərincə televiziya kanalları var. Amma bu o demək deyil ki, yeni televiziyalar açılmayacaq. Zərurət yaranarsa, yeni televiziya kanalları açılacaq. Ancaq hesab edirəm ki, hazırda yeni kanalların açılması üçün şərait yoxdur. Reklam bazarına nəzər salan hər bir şəxs deyə bilər ki, yeni televiziyanın yaradılması ümumi televiziya məkanının ziyanına olar. Eyni zamanda, bunun üçün kifayət qədər kadr potensialı da yoxdur.
Son üç ildə Azərbaycanda İctimai Televiziyadan başqa, Xəzər, İdman-Azərbaycan televiziyası, iki regional televiziya kanalı, Xəzər və FM Media radioları açılıb. Amma bəziləri hesab edir ki, Azərbaycanda bütün tezliklər tutulmalıdır. Bu düzgün yanaşma deyil.
- Deməli, yeni tezliklərə tender elan edilməyəcək?
-Jurnalistlər arasına çox qəribə bir fikir var ki, tezliklərin hamısına tender elan edilməlidir. Kifayət qədər tezlik var. İndi rəqəmsal sistemə keçirik. Bu keçiddən sonra tezliklər kifayət qədər çoxalacaq. Bu o demək deyil ki, bütün tezliklər doldurulmalıdır. Çalışmaq lazımdır ki, mövcud teleradio kanallarının keyfiyyəti daha da yaxşılaşsın.
-Xarici radioların yenidən yerli FM tezliklərində verilişlərinin bərpası mümkündürmü?
-Xarici radioların yerli FM tezliklərində yayımlanması prosesi artıq arxada qaldı. Bu keçmiş SSRİ-yə daxil olan ölkələrin bir çoxunda bir proses idi. Artıq bu proseslər arxada qalıb. Hər bir ölkənin dövlət siyasəti var. Bu siyasətə uyğun olaraq, bütün tezliklər ölkənin daxili resurslarıdır. Ölkə tezliklərdən bildiyi formada istifadə edir. Azərbaycan FM tezliklərini yalnız milli qurumlar üçün nəzərdə tutub. Xarici ölkələrin radiostansiyalarının Azərbaycanda yayımı digər vasitələrlə mümkündür və bu sahədə müəyyən işlər görülür. Xarici radiolar ölkədə kabel televiziyası, İnternet və peyk rabitəsi vasitəsilə yayımlana bilər. Hesab edirəm ki, bunlar insanlarımız üçün yetərincə əlverişlidir.
-Azərbaycanda kabel televiziyası sahəsində vəziyyət necədir? Nə qədər kabel televiziyası fəaliyyət göstərir? Son zamanlar kabel televiziyalarında senzuralarla bağlı fikirlər səslənir. Xüsusilə, Azərbaycanın əleyhinə olan filmlərin dayandırılması, matəm günlərində xarici televiziyaların kabel ilə yayımının dayandırılması nə qədər qanunauyğundur?
-Kabel şəbəkəsi tamamilə özəl qurumlara məxsusdur. Bu sahədə özəl şirkətlər çalışır. Amma elə məsələlər də var ki, Teleradio Şurasının qaydaları ilə müəyyənləşir. Milli Teleradio Şurası bir qayda olaraq, Azərbaycanın, dövlətçiliyin əleyhinə, sərhədlərin dəyişdirilməsi ideyasını irəli sürən verilişlər yayan istənilən televiziyanın ölkə ərazisində yayımını dayandıra bilər. Biz bunu özbaşına müəyyənləşdirməmişik, dünya təcrübəsinə əsaslanmışıq.
Yayım hüququ kabel şəbəkələrinə verilərsə, onlar hətta Ermənistan televiziyalarını yayımlaya bilər. Biz buna, eyni zamanda da Azərbaycanın əleyhinə verilişlər yayan xüsusi kanalların yayımına icazə verməyəcəyik. Bu yaxınlarda Euronwes ilə bağlı belə problem yaranmışdı. Biz bildirdik ki, Azərbaycanın əleyhinə yönəlmiş, birtərəfli verilişlərin yayımı davam etdirilərsə, həmin kanalın yayımının dayandırılması məsələsinə baxıla bilər.
-"Dövlətçiliyə zidd verilişlər" nə deməkdir? Bu nə ilə və ya hansı qanunvericilik aktı ilə müəyyən edilir? Məsələn, bu yaxınlarda, media yazmışdı ki, müxalifətdə olan "Müsavat" başqanının Rusiyanın NTV televiziyasındakı çıxışının Azərbaycanda bir kabel televiziyasında yayımı dayandırılıb.
-Bilirsiniz, görünən dağa bələdçi lazım deyil. Bu məsələni bu cür xırdalamağa da ehtiyac yoxdur. Bu bəsit, çox kortəbii bir şeydir, həm də çox kortəbiicəsinə verilmiş bir anlayışdır. Dövlətçiliyə aid olan məsələlər tək bizə aid olan məsələ deyil, bütün dünya ölkələrində var. Əgər Siz bu gün Böyük Britaniya əleyhinə kabel televiziyası vasitəsi ilə mütəmadi verilişlər yayarsınızsa, bu ölkədə də buna icazə verməyəcəklər. Amma bir çox məsələlərdə kabel şəbəkələri müstəqil fəaliyyət göstərir və bizim onlara tapşırıq verməyə ixtiyarımız yoxdur. Onlar müəyyən günlərdə və ya vaxtlarda yayımı dayandırırsa, bu onların daxili işidir. Bu kabel televiziyaları ilə abunəçilər arasındakı məsələdir. Bizim buna müdaxilə etməyə icazəmiz yoxdur.
-Abunəçilər həmin kabel şəbəkələrini məhkəməyə verə bilərmi?
-Abunəçilərin hüquqları pozulubsa, istənilən halda məhkəməyə müraciət edə bilərlər.
-Bu il Azərbaycanda parlament seçkiləri ilidir. Təbii ki, əvvəllər olduğu kimi, yenə xarici televiziyalar Azərbaycandan birbaşa verilişlər yayımlamağa çalışacaqlar. Azərbaycanda peyk vasitəsi ilə birbaşa verilişlərin yayımlanması hazırda necə nizamlanır?
-Bu sahədə qanunvericilik sahəsində görüləsi işlər var. "Peyk yayımı haqqında" qanun hələ qəbul edilməyib, qaydalar müəyyənləşdirilməyib. Xarici televiziyaların Azərbaycan ərazisindən canlı yayımı necə həyata keçirmələri, ölkəyə necə daxil olmaları, nə qədər qalmaları, yerli tezliklərdən istifadə edərək, verilişləri ötürmələrinin qiymətləri hələ müəyyən edilməyib.
-Bir qayda olaraq, seçkilər zamanı regional televiziyaların rolu artır. Hazırda ölkənin bütün regionlarında yerli televiziyalar varmı?
-Ötən parlament seçkilərində regional televiziyalar olmadığından namizədlər öz təbliğatını mərkəzi televiziyalar vasitəsi ilə aparmağa üstünlük verib. Biz qarşımıza məqsəd qoyduq ki, bütün regionları əhatə edən yerli televiziyalar yaradaq. Bundan sonra Yevlax şəhərində Qarabağ zonası üzrə və Şəki şəhərində yeni telekanalların yayımını həyata keçirdik. Hazırda Şirvan şəhərində Mərkəzi Aran zonasında yayımlanacaq yeni televiziyanın açılması üçün hazırlıq işləri aparırıq. Gələcəkdə isə İmişli, Saatlı zonasını əhatə edən televiziyanın açılmasını nəzərdə tuturuq.
-Yerli televiziyaların bütün ölkə ərazisində yayımı da mümkündürmü?
-Əgər yerli televiziyanın maddi-texniki bazası imkan verərsə, bu məsləyə baxıla bilər. Amma hazırda belə bir maddi-texniki bazaya malik regional televiziya yoxdur.
- Məsələn, Naxçıvan televiziyaları? Naxçıvan neçə illərdir blokada şəraitində yaşayır, əhalinin əksər hissəsinin isə buraya mütəmadi gedib-gəlməsi üçün avtomobil və dəmir yolları işləmir.
-Bu Naxçıvan televiziyasının daxili işidir. Onlar bunu müəyyənləşdirməlidir. Əgər onlar hesab edirlərsə, Naxçıvan televiziyasına digər ərazilərdə baxılmalıdır, bu mümkündür. Naxçıvan televiziyası peyk və kabel televiziyası vasitəsilə də yayımını həyata keçirə bilər.