Beş üstə gələk beş və çıxaq beş...
Əbülfət MƏDƏTOĞLUBir anlıq illərin qanadında bu gündən, bu saatdan qopub ayrıldım. Və xəyal məni düz 21-22 il bundan öncəyə apardı. O yerlərə apardı ki, orada ayrı bir dünya var idi, ayrı bir həyat var idi. Elə bir dünya, elə bir həyat ki, onun müəyyən qayda-qanunlarını, müəyyən çalarlarını, müəyyən ab-havasını həsədlə yada salıram və onlara içimdə indi də bir dəli həsrət var... İlahi, bu necə həsrət, bu necə nisgil. Onu necə çözüm, onu necə yozum. Ümumiyyətlə, bu həsrətə dözmək özü-özlüyündə bir qəhrəmanlıq deyilmi? Məni qınamayın. Çünki "keçən günə gün çatmaz" deyənlər yanılmayıblar. Kim istəyir inansın, kim istəyir inanmasın. Şəxsən mən gələn günlərimi keçən günlərim üçün qurban verərdim. Bəlkə də düşünürsünüz ki, bu cağırılmış bayatıdı . Bilirik ki, gələcəyi keçmişə qurban vermək mümkün deyil. Ona görə də həmin arzunu dilə gətiririk. Amma nəyə inanırsınız, ona and içə bilərəm, mən gələn günlərimin nələr gətirəcəyini, hansı uğurları, hansı sevincləri bağışlayacağını gözümün önünə gətirmədən, onların barəsində düşünmədən arxada qalan günlərimi qurban verərəm. Ən azından ona görə ki, arxada qalanları artıq yaşamışam, onların dadını-tamını bilirəm və o daddan, tamdan doymamışam. Nə isə...
Həyatın elə anları olur ki, özündən asılı olmadan onu olduğu kimi yaddaşına köçürürsən, olduğu kimi canında, qanında yaşatmağa çalışırsan. Çünki həmin an ondan sonra gələnlər üçün bir bünövrə, bir ip ucu olur və həmin o bünövrənin üzərində qarşıdakı günlərin çözümü başlayır... Kərpic-kərpic ucalır o özülün üzərində hördüklərimiz... Mən həyatımın bütün ağrı-acılarına baxmayaraq, bir çox mənada özümü xoşbəxt insanlardan sayıram. Çünki Tanrı mənə qələmə söykənmək, ürəyimdəkiləri pis-yaxşı necə bacarıramsa yazmaq imkanı verib. Və mən də o imkanın sayəsində ürəyimdəkiləri vərəqlərə köçürüb oxuculara, Azərbaycan insanına çatdırmaq yolu ilə həm həmsöhbətlər tapmışam, həm də həmfikirlər...
Onunla ilk dəfə 1988-ci ildə rastlaşdım. Harda işlədiyini, nə işlə məşğul olduğunu bilmirdim. Filarmoniyanın yanındakı, qala divarlarının dibindəki çayxanada rastlaşdıq. Onun dostları sırasında mənim də tanıdığım, münasibətdə olduğum insanlar var idi. Məhz həmin insanların sayəsində bir-birimizə əl uzatdıq. Adını eşidəndə üz-gözümdən bir təbəssüm keçdi. Bilmirəm təzə tanışım bunu duydu, yoxsa yox, amma rəhmətlik həmkarımız Söhbət Səfərli sonralar mənə dedi ki, qardaşımla ilk tanışlığınızda nəyə sevindiyini göydə tutdum, sadəcə üstünü vurmadım. Gözlədim ki, özünüz doğmalaşanda o da bir sürpriz olsun. Mən mövzunu dərhal anladım və Söhbət Səfərlinin dediyi günü gözlədim.
Bəli, o gözlədiyim gün mənim də taleyimə gəldi. Daha doğrusu, günlərin bir günündə artıq ömrünün ikinci ilinə qədəm qoymuş "Ədalət" qəzetində işə qəbul oldum. Təzə iş yerinin, təzə imzaların, təzə insanların arasında o da var idi.
- Babək Yusif oğlu Abiyev!
"Ədalət"in şöbə müdiri olan Babəklə münasibətlərimiz doğmalaşanda ailələrimizdən, övladlarımızdan danışarkən bildirdim ki, oğlum səninlə adaşdı. Gözləmədiym halda Babək Yusifoğlu həmin o ilk görüşümüzü xatırlatdı və özünəməxsus bir şəkildə vurğuladı ki, indi bildim ki, ilk dəfə rəhmətlik Söhbət Səfərli bizi tanış edəndə niyə üz-gözündən bir təbəssüm keçdi. O rəhmətlik də bunun səbəbini bu günə kimi mənə deməyib. İndi bu adaşlıq söhbəti özü-özlüyündə bəlli oldu.
Qələm adamı ailəsində doğulmaq, qəzetin evə, ailəyə gətirdiyi sevinci, qayğıları əl boyda olan vaxtdan yaşamaq, sonra da məqsəd, məram kimi atanın yolunu tutub qəzetçi olmaq istəyi ilə yaşamaq hər övlada nəsib olmur. Babək isə rəhmətlik Yusif müəllimin təkcə əməllərini, xatirələrini yaşatmaq yox, həm də onun qələminin ömrünə ömür calamaq arzusunu da gerçəkləşdirdi. Bu gerçəkləşən arzu Babək Yusifoğlu imzasını Azərbaycan oxucusuna tanıtdı. Özü də qərəzsiz, gerçək bir şəkildə. Çünki qoşalaşan ata-oğul imzası təkcə yazı müəllifinin yox, həm də onun söykəndiyi, güvəndiyi bir ruhun da işığını, hərarətini özünə hopdurmuşdu və Babək müəllimin yazılarında oxucu hərarəti, səmimiyyəti, ən vacibi isə gerçəkliyi görüb duya bilirsən. Oxucuya lazım olan da elə gerçəklik və səmimiyyətdir.
Arxada qalan illərdə bütün ağrı-acılarımızı birgə bölüşə-bölüşə bir-birimizin sevincinə, kədərinə şərik ola-ola övladlarımızla birlikdə özümüz də böyüdük. Daha doğrusu, övladlarımız böyüdü, biz yaşlaşdıq. Və bir də baxıb gördük ki, fevralın 2-di. İlk ağlımıza gələn Gənclər Günü oldu. Amma sonra baxıb gördük ki, biz gəncliklə sağollaşıb ayrılmışıq. Bəs onda 2 fevralı mənim üçün, Babəkin ailəsi üçün, dostları, doğmaları üçün əziz edən, xatırladan nədi? Bax elə bu sual da özü-özlüyündə məni yenidən uzaqlara çəkdi. Və düz beş il arxaya apardı məni. Biz - Nazim Ağamirov, Oqtay Salamov, Faiq Qismətoğlu, Rüstəm Hacıyev, Nizami Allahverdiyev, Ceyhun Rüstəmov, İlqar Məmmədli, Hidayət Elvüsal və mən nəşriyyatın 4-cü mərtəbəsində Babəkin 50 yaşını özümüzəməxsus şəkildə qeyd etdik. Məclisin ortasında o zamanlar qəzetimizin baş redaktoru olan millət vəkili Aqil Abbas da bu balaca mərasimə qatıldı.
İndii də Babəkin 55 yaşı tamam oldu. Bilmirəm, yenə 4-cü mərtəbədə yığışacağıq, yoxsa yox, amma çox dəqiq bildiyim iki məqam var. Onlardan biri Babəkin jurnalist fəaliyyəti ilə, qələm ilə bağlıdı. Deməli, ötən illər, ötən aylar Babəkin qələmini öz yolundan sapdırmayıb. O yenə qələminə güvənir, yenə həmin qələmlə səmimi və gerçək düşüncələrini, arzularını, reallıqları oxucularına çatdırır. Şair demişkən: əlindədi hələ qələm!! Və qələminə də, sənətinə də, Babək Yusifoğlu imzasına da etibarı saxlamaqla sevgini də yaşadır, ömrünü uzadır.
İkincisi, Babək Yusifoğlu ailəsinə də, nəvəsinə də, dostlarına da, eləcə də çalışdığı qəzetə də münsibətdə əvvəlki bütövlüyünü qorumaqda, yaşatmaqda davam edir. Necə deyərlər, onun üçün dəyişən illərdi. Sevgilər isə təzə tər...
Bəli, bir anlıq gözümün önünə gətirdim 55 yaşı. Maşallah olsun!.. Ha istədim ki, ordakı beşlərin arasında bir üstə gələk işarəsi qoyum. Babəki çəkim aparım lap uşaqlığa. Gördüm gücüm çatmadı. Sonra fikirləşdim ki, bəlkə 55-dən beşini çıxım, ona də gücüm çatmadı. Çünki bu beş ildə Babək baba olub və ömrünün daha bir mənalı səhifəsini yaşamaqda davam edir. Mənim onun bu haqqını əlindən almaq ixtiyarım yoxdu. Deməli, ortada bir nəticə, bir yozum qalıb. O da beşin üstə beş də gəlsəm, 55-dən beş də çıxsam dəyişməyən, bütöv olan Babək Yusif oğlu Abiyevin maraqlı, mənalı və təkcə ailəsinə, dostlarına deyil, Azərbaycana da gərəkli olan ömür yoludu. Bu yolun uzanıb nəvələrə, nəticələrə doğru gedəcəyinə, sahibini, onun imzasını uzun-uzun illər oxucuya sevdirəcəyinə inamı var bizim ürəyimizdə. Kaş Allahın sevdiyi bəndələrindən saydığı Babək Yusifoğlu ömrünün istisini, hərarətini, sevgisini və jurnalist qələmini daha neçə-neçə onilliklərə qovuşdursun. Ondan sonra növbəti yubileylərin necə və harda keçirilməsi barəsində düşünərik.