Xoşbəxt ailənin səkkiz sirri
Psixoloqlar ailə xoşbəxtliyinin şərtlərini təsnifatlara ayırıblar . Hegel deyirdi: "İki müxtəlif cinsin nümayəndəsi arasında nikah adlanan əlaqə sadəcə olaraq, təbii heyvani əlaqə və hətta mülki müqavilə də deyildir. O, hər şeydən əvvəl ər ilə arvadın ikisini bir şəxsə çevirərək, qarşılıqlı sevgi və inam əsasında yaranan mənəvi ittifaqdır". Təbii ki, bu ittifaq - ailənin əsasını təşkil edən nikah qarşılıqlı sevgi və inam hissinə arxalandıqda daha möhkəm olur. Ailə də öz növbəsində sağlam olmalıdır ki, cəmiyyət də sağlam olsun. Psixoloqlara görə ailə xoşbəxtliyinin səkkiz şərti var. Ganca.az saytında həmin şərtlər sadalanıb. Oxuculara həmin şərtləri təqdim edirik.
Psixoloqlar ailə xoşbəxtliyinin şərtlərini belə təsnifatlara ayırıblar.
1. Ailə həyatı ilə yaşamaq lazımdır. Bu sözlər ər və arvada eyni dərəcədə aiddir. Onlardan heç biri özünü həyat yoldaşından, uşaqlarından ayırmamalı və öz ömründə onların ömrünü yaşamalıdır. Ər-arvad ailənin sevinc və kədərini birlikdə yaşamalı, bir-birinin zövqünü, marağını və arzusunu nəzərə almalı, bir-birinin qayğısına qalmalı, asudə vaxtlarını bir yerdə mənalı keçirməli, öz xoşbəxtliklərini uşaqların səadətində axtarmalıdır.
2. Ər-arvad özlərinə övladlarının gözü ilə baxmalıdır. Ər-arvad bir-birinə təkcə ər-arvad kimi deyil, birinci növbədə, ana və ata kimi yanaşmalı, özlərinə övladlarının gözü ilə baxmalıdır. Bu yolla, eyni zamanda uşaqlarımızın psixi sağlamlığını qorumuş oluruq. Çünki onların əhvalı ana və atanın ovqatından asılıdır.
3. Xoş ünsiyyət (Yəni söz-söhbətsiz, giley-güzarsız, ixtilafsız ünsiyyət). Bu əlamətlərə görə, ailə xoşbəxtliyinin sirlərini müxtəlif istiqamətlərdə təhlil etmək olar. Ailə münasibətlərini xərçəng kimi içindən didən-dağıdan birinci hal deyingənlikdir. Qadının həmişə nədənsə narazı olması ailədə sakitliyi, əsl xoşbəxtliyi pozur və evə kədərli, soyuq ab-hava gətirir. Kişilər isə buna əhəmiyyət vermir, qadının nədən narazı olması ilə maraqlanmırlar. Bəs kişilər nə üçün deyinirlər? Həssas qadın həmişə bu suala cavab axtarır, evdə yersiz söz-söhbətin olmamasına çalışır. Ancaq o, öz təcrübəsində bir həqiqəti gec-tez kəşf edir ki, kişi deyinməyə sadəcə olaraq adət edib, deyinməsə darıxar. Psixoloqlar isə imkan daxilində deyinməməyi məsləhət görürlər. İkinci hal, ərin və ya arvadın bir-birini danlaması, tənqid etməsidir.
4. Həyat yoldaşının əhval və ovqatına həssaslıqla yanaşmaq lazımdır. Onun sevincinə şərik olmaq, dərdilə yaşamaq gərəkdir. Həyat yoldaşının hisslərini bütün zərifliyi ilə başa düşmək və ona həyan olmaq əslində ər-arvadlıq istedadıdır.
Psixologiyada başqa adamın sevincini, dərd-sərini sezməyə, ona şərik olmağa, bu emosional halların təsiri ilə yaşamağa empatiya (empateya - latın sözü olub, "hisslərlə yaşama" mənasında işlədilir) deyilir. Onun kökünü rəğbət hissi təşkil edir. Tanımadığımız, ancaq xoşladığımız, bəyəndiyimiz adamların halına belə, tez acıyırıq.
5. Etibar: ər və ya arvad bir-birinə etibar etməli, inanmalıdır. Etibar olmayan yerdə sədaqət də, vəfa da öz dəyərini itirir. Ər arvada, arvad da ərə inanmadığı üçün bir-birində qiymətli keyfiyyətləri görmür, görsələr də, onu başqa meyarlarla qiymətləndirir. Həmişə səmimi olmaq, həyat yoldaşından heç nəyi gizlətməmək, hər şeyi açıq etiraf etmək, yalan danışmamaq lazımdır. Qısqanclıq, ər və ya arvadı güdmə, telefon söhbətlərinə qulaq asma, cibini və ya çantasını xəlvəti axtarmaq və kim bilir daha nələr, ailə həyatının ab-havasını tədricən zəhərləyir.
6. Bir-birini anlama. Ər-arvadın bir-birini başa düşməsi onların sədaqəti ilə bağlıdır. Lakin bu iki amili eyniləşdirmək olmaz. Ailə münasibətlərinin inkişafında onlardan hər birinin öz yeri var. Ərlə arvadın bir-birini başa düşməsi və anlaması ailənin normal həyatı üçün olduqca zəruridir.
7. Normal intim həyat. Ər-arvad həyatının çox mühüm bir sahəsi onların intim münasibətləri ilə bağlıdır. Məhz bu münasibətlər sahəsində ərlə-arvad bir-birini təmin etmədikdə ailədə söz-söhbət, dava-dalaş üçün şərait yaranır, ailə münasibətləri tədricən pozulmağa başlayır, kişi və ya arvad evdən soyuyur, hətta kişinin gözü başqa qadınlarda qalır. Həkimlər bunu seksual uyğunsuzluq kimi qiymətləndirirlər. Mütəxəssislərin hesablamalarına görə, boşanmaların təxminən 30%-i məhz seksual uyğunsuzluq zəminində baş verir.
8. Və... öz Evlərinin olması. Psixoloqlar bu məsələdən danışarkən "Ev" sözünü böyük hərflə təsadüfən yazmırlar. Burada söhbət hər hansı bir yaşayış sahəsindən deyil, ailə münasibətlərini öz hərarəti ilə isidən doğma evdən gedir. Bu ocaq bənzərsiz, təkrarolunmazdır.