AZERFON-VODAFONE Naxçıvan şəhərində Satış və
Xidmət Mərkəzini abunəçilərinə təqdim etdi
Naxçıvan şəhərində Azerfon - Vodafone Satış və Xidmət Mərkəzinin açılış mərasimi keçirildi. Naxçıvanda ilk mərkəzin açılış mərasimində Naxçıvan Muxtar Respublikasının Rabitə Nazirliyi nümayəndələri, Azerfon MMC-nin məsul işçiləri, şəhər ictimaiyyəti iştirak edirdi.
Naxçıvan şəhəri N.Əliyev küç., 5 ünvanında yerləşən Mərkəzin açılış mərasimində çıxış edən Azerfon-Vodafone brendinin rəhbəri xanım Leyla Nəsrullayeva Naxçıvan şəhərində 3G texnologiyasının təqdim olunmasının əhəmiyyətindən və bu texnologiyanın abunəçilərə təqdim etdiyi imkanlardan danışdı. "Azerfon-Vodafone istifadəçiləri video-zəng, verilənlərin yüksək sürətlə ötürülməsi, təkmilləşdirilmiş səs keyfiyyəti, habelə genişləndirilmiş əhatə dairəsi kimi 3G xidmətlərindən bəhrələnə biləcək ilk Azərbaycan istifadəçiləridir" - L. Nəsrullayeva bildirdi.
Naxçıvan şəhərində açılan Satış və Xidmət Mərkəzi Azerfon-Vodafone brendinin regionlarda açılan ikinci mərkəzidir. Artıq Bakıda iki mərkəz fəaliyyət göstərir. Naxçıvan və Gəncə şəhərlərində yerləşən mərkəzlər 3G texnologiyasından istifadə etmək istəyən hər bir şəxsə yüksək keyfiyyətli xidmət göstərməyə hazırdırlar.
İlkin mərhələdə sözügedən xidmətlər Azərbaycanın böyük şəhərlərində - Bakı, Sumqayıt, Gəncə, Şirvan, Naxçıvan, Mingəçevir, Şəki, Tovuz, Şəmkir, Abşeron yarımadası - daha sonra isə digər şəhərlərində də təqdim olunacaq
Azerfon-Vodafone brendi altında təqdim olunan xidmətlər yeni 077 prefiksilə təqdim olunub. Azerfon-Vodafone istifadəçiləri həmin kod vasitəsilə 3G xidmətləri və yeni məhsullardan istifadə edə bilir və Azerfon-Vodafone mərkəzlərində yeni xüsusi nömrələri seçmək imkanını əldə ediblər.