Dəniz, balıqçı uşaq və it...
Dəniz amansız, qanlı döyüşdən qayıdan qəhrəman kimi süs düşmüşdü, bir əzası belə tərpənmirdi. Ancaq xırda, qırçın ləpələri günəşin şəfəqləri altında şəbnəm kimi bərq vururdu.
Balıqçı əlini neçə gündən bəri əynindən çıxartmadığı boz, nimdaş şalvarın cibinə qoyub həyətdə, narın qumsallıqda var-gəl edirdi. İri, uzunboğaz çəkmələrinin ləpirlərini hirslə tapdalaya-tapdalaya dodaqaltı nəsə deyirdi. O bu neçə gündə xeyli arıqladığını hiss edirdi- şalvarı belində durmurdu.
On üç, on dörd yaşlı uşaq - balıqçının sonbeşiyi- sahildə çönbəltmə oturub dənizə baxırdı, sanki lap uzaqlarda nəyi isə axtarırdı. Hərdən də dönüb atasına nəzər salır və ona rəhmi gəlirdi. Uşaq atasının gücsüz, naəlac olduğunu görür, ancaq ona təsəlli, kömək üçün nə deyəcəyini, necə deyəcəyini bilmirdi. Bir də nə desin ki...
Neçə il qabaq - artıq bunu ata və oğul xatırlamırdı - bu ailəyə pənah gətirən qulağı uzun, qara it başını qabaq ayaqlarının üstünə qoyub tənbəl-tənbəl mürgüləyirdi. Hərdən də daha bulanmış gözlərini açıb narahat-narahat gah balıqçıya, gah da uşağa baxırdı. Sanki it ayağa qalxıb bir vaxtlar o baş-bu başa qaçdığı həyətdə addım atmağa, gəzməyə ehtiyat edirdi.
Balıqçı da, uşaq da, it də neçə gündən bəri düz əməlli yemək yemədiklərini də unutmuşdular. Balıqçının hər gün evin arxasında, külək tutmayan yerdə asdığı mis, qara qazanlar tərtəmiz yuyulub səliqə ilə təndirin kənarındakı üstü örtülü kiçik taxçada bir-birinin üstünə qalaqlanmışdı. İrilərini həftədə bir dəfə ocağa asar, ata-bala paltarlarını dəyişərdilər. Uşaq çirkli boxçasını qoltuğuna vurub qonşu kənddəki bacısıgilə aparardı. Son vaxtlar tez-tez xəstələndiyindən böyük bacısı ilə yaşayan anası da uşağın cod, qara saçlarını qarışdırıb üzündən öpəndən sonra sakit, mülayim, titrək səslə soruşardı: "Ata neynir?"
O gün balıqçı dözməyib xeyir-şər paltarına ütü çəkəndən sonra əyninə keçirib yaşadığı şəhərin lap böyüyünün yanına getmişdi. Ömründə heç vaxt ayaq basmadığı hündür əzəmətli binada ona hörmət və ehtiramla yanaşmışdılar. Bir xeyli çək-çevirdən sonra başa düşmüşdülər ki, balıqçı dərdinə ancaq ən böyüyə deyəcək. Ancaq iri və uzun otağın o başındakı kresloda yayxınan şəhərin ən böyüyü, cavan oğlan balıqçını dinləyəndən sonra başını bulayıb bircə cümlə demişdi: "Kişi, bizlik bir şey yoxdur."
... Hələ neçə il qabaqsa balıqçı hər gün sübh tezdən kiçik qayığını qumsaldan itələyib dənizə salardı. Digər balıqçı yoldaşlarından fərqli olaraq daha iri balıq dalınca iri qayıqlarda dərinə getməzdi. Günəş dənizdən bir qarış qalxmamış sahilə dönərdi, onda dörd-beş yaşı olan uşaq - oğlu - bir də qulağı uzun qara it onu sahildə gözlərdi. Uşaq sevinə-sevinə qayıqda hələ də çırpınan balıqları həsir səbətə yığardı, qulağı uzun, qara it də bu balıqlara baxa-baxa, quyruğunu oynadaraq qumlu sahildə xeyli atılıb-düşər, hərdən də özünü sahibinə toxuyardı. Balıqçı itin bu şıltaqlığından xüsusi bir ləzzət alardı, gülümsünüb evin pəncərəsindən onlara baxan arvadına işarə ilə salam verərdi.
Balıqçı Allahın ruzisi sandığı, dənizin bərəkəti bildiyi, özünün haqqı çatdığı balıqlardan bir neçəsini elə yolun kənarına qoyub ötüb keçənlərə tez də satardı. Çünki çoxları bəlkə də hələ canlarını tapşırmamış bu balıqların elə də baha olmadığını bilirdi. Balıqçı bu balıqlarla da evini dolandırmışdı, iki qız köçürmüşdü, pisdən-yaxşıdan cehiz vermişdi. Və bu neçə illər ərzində hər cümə günü kənd məscidinin axundu balıqçının balıq payını qəbul etməyə adətkarda olmuşdu: "Əvəzini Allah-təala versin, ruzin həmişə bol, bərəkətli olsun."
Lap yaxınlara, daha dəqiq ötən illərə qədər davam edən xoşbəxt anlar sanki kiminsə qəzəbinə gəldi. Dənizin sahilində yaşayan kənd sakinləri bir də oyanıb gördülər ki, qalın zəncir kimi dənizin ortasına uzanan iri, ağ torlar artıq onların da həyətlərinə gəlib çatıb. Balıqçı şəhərin lap böyüyünün yanına getməmişjən əvvəl bu torları görmüşdü, ancaq bu tezliklə onların kəndlərinə də çatacağını ağlına gətirmirdi. Və bu iri torlar tezcə də kəndin dənizə çıxan bütün yolunu bağladı. Balıqçılar başa düşdülər ki, dənizdən əllərini çəkməyin artıq məqamıdır, çünki bu böyük torların sahiblərinə söz deməkdə onlar çox kiçik idilər. Kəndin düz kənarında dənizə çıxan kiçik zolaqdan da istifadə eləmək ancaq lap kiçik qayıqlara sərf edirdi. Çünki yol elə bu qədər idi...
Balıqçı da çar-naçar xeyli yol gəlib bu kiçik zolaqdan könülsüz-könülsüz dənizə çıxırdı. Sahil boyu arxasınca sürüyüb gətirdiyi kiçik qayıq sanki günbəgün böyüyür, ağırlaşırdı, ancaq əlacsız idi, bundan sonra gedib başqa bir işlə məşğul olmağı ağlına belə gətirmirdi. Uşaq da daha əvvəlki kimi yuxudan erkən oyanıb atasına kömək etmirdi. Qara, qulağı uzun it də obaşdan, sübh tezdən qapını cırmaqlayıb içindən aramsız hürmürdü.
Balıqçı uşaq və it üçün ən gözlənilməzi, dəhşətlisi isə o oldu ki, bir neçə gün əvvəl dənizə çıxan o kiçik zolağında tutulduğunu gördülər - iri torları birləşdirib yolu kəsmişdilər. Bir anlıq neyləyəcəklərini heç biri kəsdirə bilməmişdi. Xeyli sonra qabaqda balıqçı, sonra uşaq, lap arxada isə it ayaqlarını sürüyə-sürüyə evə qayıtmışlar...
Dənizin özü qədər sahilsiz olan bu bir neçə günün ağırlığından bir dəfəlik can qurtarmaq üçün balıqçı daha böyük şəhərə, paytaxta getməyə qərara aldı. Çöl-bayır paltarına ütü çəkəndən sonra cənubdan-şimala şütüyən maşınların birinə oturub yolun sonunu gözləməyə başladı. Ancaq hələ o böyük şəhərə xeyli qalmış dəniz yavaş-yavaş görünməz oldu. Daha doğrusu sahil boyu çəkilmiş hündür hasarlar səhər yuxusundan çoxdan oyanmış mavi Xəzəri görünməz etmişdi. Getdikcə daha da böyüyən hündür daş hasarlar şəhərə yaxınlaşdıqca bir az da yaraşıqlaşırdı. Bu yaraşıqlı, hündür daş hasarın o tərəfindəki dəniz sanki qorxusundan səsini çıxarmırdı. Arada dincəlmək üçün dənizin lap sahilində dayansalar da bir ləpənin, bir dalğanın belə səsi eşidilmirdi. Hündür, daş hasarların açıq yerlərindən görünən iri, dəmir maşınlarla dənizin içinə tökülən iri daşlar, onları gözləyən torpaq dolu maşınlar sanki dənizə meydan oxuyurdular, onun böyüklüyünü, genişliyini görmürdülər. Balıqçıya elə gəldi ki, gecələr ay işığında, gündüzlər şəfəqlər altında nazlanan, xumarlanan, dəli küləklərdə kükrəyib cilov gəmirən dəniz sahildəkilərdən inciyib, küsüb. Yoxsa belə asanlıqla tabemi olardı, belə süsmü düşərdi?...
Balıqçı məhz bu an başa düşdü ki, bu qarmaqarışıq, səs-küylü, böyük binalarla zəngin olan bu möhtəşəm şəhərdə dərdini deyə biləcək bir adam belə tapmayacaq. Hətta şikayətini bilib maraqla, təəccüblə ona baxan, çox yəqin ürəyində gülən insanları nəzərinə gətirib öz sadəlövhlüyünə acıdı, ürəyində həmkəndlilərinə haqq qazandırdı. Və getdikcə böyüyən, onun nəzərində bütün sahili əhatə edən hündür, daş hasaraları görməmək üçün maşını saxladıb düşdü. Yolun əks tərəfinə keçib gözünü cənuba uzanan yollara dikdi: "Çox nahaq gəldim"
...İlk dəfə idi ki, uşaq onu qarşılamırdı, evin arxasındakı ocaq yerində külə kartof düzürdü. Elə bil atasının gəldiyini ya görmür, ya da görmək istəmirdi...
Qulağı uzun, qara it də gözünə dəymədi, ləpirlərini qumsallıqda axtarsa da tapa bilmədi. İt təzmişdi...
Dəniz yaxşıca döyülmüş, axşamdan ac-susuz yatan uşaq kimi sakit və səssiz idi. Elə bil oyanmasından qorxurdu, ona görə də tərpənmirdi. İlk dəfə dənizə yazığı gəldi...
Balıqçı qəhərləndiyini dəniz görməsin deyə kürəyini ona çevirdi. Və ona elə gəldi ki, dəniz də onu başa düşdü. Bir anlıq yüngülcə ləpələndi də...
Səxavət Məmmədli