Ana səhifə   Açılış səhifəsi edin   Seçılmışlərə əlavə edin   Əlaqə  
  www.adalet-az.com
arxiv:
QƏZET 1990-CI İLİN İYUNUNDAN ÇIXIR                                    Bu bir xalq qəzetidi
Gündəm
Siyasət
Hadisə
Hüquq
Dünya
Müsahibə
Kriminal
Məmləkət
Mədəniyyət
İdman
Yazarlar
Be
Ça
Ç
Ca
C
Ş
B
1
2345678
9101112131415
16171819202122
23242526272829
30
Təsisçi:
Aqil Abbas

Baş Redaktor:
İradə Tuncay
Sumqayıtda əhali su sayğacı ilə təmin edilir
Qubadakı məzarlıqda muzey tikilməsi üçün vəsait ayrılacaq
Prezident Bolqarıstana işgüzar səfərə getdi
O QATARIN DALINCA...
"Bitməmiş yazı"
HƏSƏNQULUNU DƏLİ EDƏCƏK XƏBƏR...
ABŞ İrana acığını bütün müsəlmanlardan çıxır
Yeni "Titanik" fəlakəti baş verə bilər
RONALDO PORTUQALİYAYA İNANIR
"QARABAĞ" OYUNÇUSUNU İTİRİR
FABİANO "SEVİLYA"DAN GETMƏK İSTƏMİR
"XƏZƏR LƏNKƏRAN" OYUNÇUNU CƏZALANDIRDI
RƏŞAD SADIQOV BƏƏ-də MÜAYİNƏ OLUNACAQ
"REAL"IN PREZİDENTİ HƏBS OLUNDU
LEMPARD UZUN MÜDDƏT "YATACAQ"
BUFFON ENKENİN ÖLÜMÜ HAQDA DANIŞIB
QONSALES MƏŞQLƏRƏ BAŞLADI
SOS... Öpüşməyin
"Nazpəri xanım elə deməyib..."
Fərqanə Qasımova: ""Gözümü açandan evdə münaqişə görmüşəm"
Kukla Teatrında "Çay dəstgahı"
"Qala" filmi Azərbaycanı Sankt-Peterburqda təmsil edəcək
"Elif"in yeni sevgilisi Sezen Aksunun oğlu imiş
GÜNÜN LƏTİFƏSİ
   
ŞAİR XALQIN XALQSIZ ŞAİRLƏRİ
(Hamıya və heç kimə)
Hamı qaçıb gizlənəndə
   
   Sınıq pəncərələrə tutulmuş
   
   qəzet kimi
   
   Şairlərə gəlir dünyanın
   
   soyuğu.
   
   
   
   Vaqif Bayatlı Odər
   
   
   
   Bildiyiniz kimi, qədim Gəncə qapıları Tiflisdə saxlanılır. Nə qədər çalışsaq da qonşularımız quldurluqla çırpışdırıb apardıqları bu qapıları bizə qaytarmadılar. Bilirsiniz niyə?
   
   
   
   Ona görə yox ki, bu qapılar çox qiymətlidi
   
   
   
   Ona görə ki, tarixlərində heç bir zəfər qazana bilməmiş gürcülər bu qapılarla öyünürlər. Dünkü, bu günki və gələcək nəsillərinə göstərirlər və göstərmək istəyirlər ki, baxın, haçansa biz də zəfər çalmışıq, bu qapılar da zəfər qənimətidi. Özü də görün kimlərin qapısını sökmüşük?! Türklərin!
   
   Bəli, iqtidar və yerli icra hakimiyyəti Gəncənin əvvəlki şöhrətini özünə qaytarmaq üçün çox işlər görür. Amma Gəncənin Nizamiləşməsi dövlətin işi deyil. Konyanı Mövlanalaşdıran nə böyük Osmanlı imperiyası olub, nə də bügünki Türkiyə dövləti. Konyanı Mövlanalaşdıran Türk xalqıdır. Kimsə bunu dinlə bağlamasın. Çünki Mövlana həzrətlərini ziyarətə gələnlər təkcə müsəlmanlar deyil, yəhudilər, xristianlar, bütpərəstlər də bu Tanrı elçisinin ziyarətinə gəlirlər. Özü də dünyanın hər yerindən. Uzaq Amerikadan, uzaq Yaponiyadan belə. Ziyarətə gələnlərin sayı ildə təxminən 2 milyona çatır. Konyanı türk xalqı Mövlanalaşdırdığı kimi, Gəncəni də yalnız və yalnız Azərbaycan xalqı Nizamiləşdirə bilər.
   
   Quba yolunda Beşbarmaq deyilən dağın döşündə bir pir var. Bu pirdə Tanrısına qovuşan şəxs (qəbri nurla dolsun) nə peyğəmbər övladıdı, nə də peyğəmbər nəslindəndi. Azərbaycanı qılıncla islamlaşdıran və Azərbaycana İslam bayrağı gətirən bir sərkərdədi. Bu yoldan keçən hər yüz maşından 80-90-nı burda saxlayır, adam əlindən tərpənmək olmur. Fürsətgirlər də bu müqəddəs ziyarətgahı bazara çeviriblər, pullu tualetindən tutmuş, burda hər şey satırlar.
   
   Burda nəsə də tikiblər - nə məscid kimi məsciddi, nə də türbə kimi türbə. Hamı elə bilir ki, sərkərdənin (xalq onun sərkərdə olduğunu bilmir, peyğəmbər övladı kimi qəbul edir) qəbri burdadı. Əslində isə həmin sərkərdənin qəbri pirdən təxminən 700-800 metr aralıda dağın döşündədi. Burda çoxlu dini kitablar, peyğəmbər və imamlarımızın rəsmləri (hərçənd ki, İslamda insan üzünü çəkmək qadağan olub) satırlar. Özü də nə gəldi. Çoxu da İranın bizə sırımaq istədiyi zərərli dini kitablar.
   
   Bəli, bu pirdə hamı dayanır, dayanmayanlar da ehtiram əlaməti olaraq heç olmasa maşınlarını sıfırla sürürlər. Mənim xalqın inancı ilə işim yoxdu, özüm də inancı olan adamam. Heç bir pirdən yan keçmərəm, düşərəm nəzir-niyazımı verərəm, bir "Fatihə" surəsi oxuyaram. Və bəlkə Quba yolundakı həmin pirin nəzir qutusuna da indiyədək bir maşının pulunu atmışam.
   
   Və onu da qeyd etməyə bilmərəm ki, xalqın inancı bu gün ölkədə bir biznesə çevrilib. Çox pulu olanlar göydələn, az pulu olanlar isə pir tikmək yarışına giriblər ki, sonra göydələn tiksinlər. Halal xoşları olsun.
   
   
   
   Azərbaycanı qılıncla müsəlmanlaşdırana bu ehtiramı göstəririk
   
   
   
   Olsun. Əslində biz həmin sərkərdəyə deyil, dinimizə, imanımıza, Tanrımıza ehtiram göstəririk. Bəs bu balaca məmləkəti dünyaya tanıdan, Azərbaycanı dünya mədəniyyətinin beşiyi edən, Tanrı mələkləri kimi bu məmləkəti çiyinlərində saxlayan Nizami Gəncəviyə niyə bu ehtiramı göstərmirik?!
   
   Niyə Nizami Gəncəvinin məqbərəsinin yanında, yolun kənarında bir kitab mağazası açmırıq? Bu mağazada Nizaminin əsərlərini, onun yaradıcılığı ilə bağlı kitabları (özü də təkcə Azərbaycanda deyil, bütün dünyada nəşr olunan kitabları), şairin əsərlərinə çəkilmiş rəsm və illüstrasiyaları, əsərlərinə bəstələnmiş musiqiləri, onun haqqında çəkilmiş filmləri, Nizami Gəncəvi ilə və elə Gəncənin özü ilə bağlı suvenirləri qoymuruq? Bayaq dedik ki, Gəncəni Nizamiləşdirmək şair xalqımızın işidi, amma bu kitab mağazasını açmaq dövlətin işidi. Sözgəlişi. Bunu iş adamları da edə bilər və çox yaxşı da pul götürər.
   
   Gəncədə onlarla məktəb var, mən hələ Goranboydakı, Daşkəsəndəki, Göygöldəki, Samuxdakı məktəbləri demirəm. O məktəblərin müəllimləri heç olmasa ildə bircə dəfə öz şagirdlərini bu Poeziya Kəbəsinə ziyarətə aparırlarmı?! Heç olmazsa ildə bircə dəfə Nizami Gəncəvi ilə bağlı hansısa bir dərsi bu məqbərədə keçirlərmi?! Gəncədəki başqa ali məktəbləri demirəm, Pedaqoji Universitetin (onun da başqa fakültələrini demirəm) heç olmazsa ədəbiyyat və tarix fakültəsinin tələbələri dörd ildə bircə dəfə bu məqbərəni ziyarət edirlərmi?
   
   Gəncənin yarım milyonluq əhalisinin (mən hələ Goranboyu, Samuxu, Göygölü, Daşkəsən kimi Gəncəyə yaxın rayonları demirəm) nə qədəri bu məqbərini ziyarət edib?
   
   ... Bakıda Nizami Gəncəvinin möhtəşəm bir heykəli var. Kimsə haçansa, kiminsə bu heykəlin önünə bir dəstə gül qoyduğunu görübmü? Və yaxud haçansa kimsə kiminsə Füzulinin, Nəsiminin, Sabirin, Cəfər Cabbarlının, Səməd Vurğunun, Axundovun heykəllərinin önünə gül qoyduğunu görübmü? Dövlət tədbirlərinin buna dəxli yoxdu.
   
   ... Gül qoymaq cəhənnəm, yadınıza düşürsə, bir nəfər (özü də alim idi)
   
   
   
   Axundovun heykəlini uçurmuşdu ki
   
   
   
   nədi-nədi, arxası onun pəncərəsinədi.
   
   Sovetlər dönəmində evlənənlər "26-lar"ın abidəsinə təmtəraqla əklil qoyurdular, şəkillər çəkdirirdilər, o şəkilləri də otağın ən baxımlı yerindən asırdılar. Gənclər Nizamidən, Füzulidən xeyir-dua almaq əvəzinə Şaumyandan xeyir-dua alırdılar. Yaxşı, deyək ki, bunu hökumət təşkil edirdi və ya hökumətə xoş gəlmək üçün edirdik və sair və ilaxır. Məgər hökumət Nizaminin və ya Füzulinin abidəsinə gül qoymağı qadağan eləmişdi?!
   
   Gərək ki, Bəxtiyar Vahabzadənin fikridir ki, qızlarınıza cehiz verərkən cehizin üstünə "Xəmsə"ni qoyun. Çox gözəl. Görən kimsə şairi eşidib qızına "Xəmsə"ni cehiz veribmi?! Elə şairin özü də öz qızına cehiz verəndə "Xəmsə"ni onun üstünə qoyubmu?!
   
   Mənim toyuma Bakıdan gələn şair, yazıçı dostlarımın çoxu pul deyil, kitab bağışlamışdılar: İbn Sinanın, Nitsşenin, Şopenhauerin, Qumilyovun, Oljas Süleymenovun... kitablarını.
   
   Həyatımın ən sevincli günü idi. Düzdür, sonralar bu hadisə Ağdamda bəzi qohumlarımın lağına çevrildi, amma mən buna dilxor olmadım.
   
   Bu gün də mənə ad günümdə kitab bağışlayan dostlar var və mən də bir çox dostlarıma ad günlərində kitab bağışlayıram.
   
   Yeri gəlmişkən. Məmməd Araz da şair dostunu eşitməmişdi, qızına "Xəmsə"ni cehiz deyil, olub-qalan maşınını satıb Rumın mebeli vermişdi. Təsəvvür edin, Məmməd Araz qızına mebel yox, kitab cehiz verir. Bəlkə də atam buna təbii baxardı, amma anam yəqin ki, düz yüz il bunu gəlininin başına qaxanc edərdi.
   
   Mənim Ağdamda 10-12 minlik bir kitabxanam vardı. Ya yandı, ya da ermənilər oxuyur. İndi 6-7 minlik bir kitabxanam var. Elə həftə olmaz ki, xeyli kitab almayım. Xanımım soruşur ki, bu qədər kitabı neyləyirsən? Deyirəm, nəvəmə cehiz verəcəm. Gülür! Amma mən doğru deyirəm.
   
   Nizami muzeyi çox yüksək səviyyədə yenidən qurulub. Dövlət milyonlarla vəsait ayırıb bu muzeyi dünya standartlarına uyğun bir hala gətirib.
   
   Yadınızdadırsa təxminən 10 il əvvəl bu muzey sözün əsl mənasında karvansaraya çevrilmişdi: çayxanalar, kafelər, pivəxanalar, pal-paltar mağazaları, məbəddə alkoqol verilirdi.
   
   İndi qapılarını dünyaya aça biləcək bir muzey. Görəsən, ölkəmizin demirəm, heç olmasa şəhərimizin əhalisinin ikicə faizi bu muzeyi ziyarət edibmi?
   
   Bir az əvvəl Gəncəni yazmışdım.
   
   Bəs Bakıda necə?
   
   
   
   Məktəbliləri, tələbələri ildə bircə dəfə bu muzeyə...
   
   ... olsun Səməd Vurğunun, Mirzə Cəlilin, Üzeyir Hacıbəyovun, Cəfər Cabbarlının və sair və ilaxır...
   
   ... aparırlarmı? İnanmıram. Belə olsaydı bu muzeyin önündə uzun bir növbə yaranardı. Nizami muzeyinin önündə haçansa növbə görən olubmu?! Vaxt varıydı Sabir poeziya günləri Şamaxıda, Bakıda təmtəraqla keçirilirdi. Şair xalqımızı qoyaq bir kənara, şair və yazıçılarımız Şamaxıdakı mərasimə qatılmaq üçün az qala başyardıya çıxardılar. Şamaxıdakı mərasimdən sonra yemək-içmək də vardı axı. Televiziya, radio gur-gur guruldayırdı. İndi son 2-3 ildə keçirirlər, onu da öz şəxsi vəsaiti hesabına Əjdər Ol keçirir. Amma təmsiz-təmtəraqsız. Nə mətbuat elə ilgi göstərir, nə telekanallar. Nə oldu? Sabir öldümü?!
   
   Şimali Qafqaz mineral suları bölgəsindəki sanatoriyalara gedənləri yığırlar avtobuslara gətirib tökürlər Pyatiqorskiyə, Lermantovun olduğu yerləri bir-bir göstərirlər:
   
   - Lermantov burda filankəslə dalaşıb...
   
   - Bu ağacın altında filan xanımı öpüb...
   
   - Bu evdə filan xanımla yatıb...
   
   - Burda Martınovla mübahisə edib...
   
   - Güllə dəyəndə bu ağacın altına yıxılıb...
   
   Və sair və ilaxır.
   
   Hər yer Lermantovlaşıb, Lermantov çox böyük şairdi, bu onun haqqıdı.
   
   Səməd Vurğun, ya Rəsul Rza Lermantovdan kiçik şairlərdimi? Ya olsun Üzeyir Hacıbəyov, Qara Qarayev.
   
   Səməd Vurğunun Azərbaycanda ayağı dəymədiyi bir yer yoxdu. Onlarla evdə qonaq qalıb. Nə qədər adama tüfəng, saat bağışlayıb. Onlarla gənci kəndlərdən gətirib oxudub adam eləyib. Görüş keçirdiyi yerlər, nələr-nələr.
   
   Bir dəfə tanınmış jurnalist Mehman Cavadoğlu Məmməd Arazı İsmayıllıya - öz evlərinə qonaq aparmışdı. Rayonun katibi Məmməd Arazın İsmayıllıda olduğunu eşidib onu Qonaq Evinə dəvət eləsə də şair Mehmangildə qalacağını bildirdi.
   
   Axşam Mehmanın anası kitabxanalarından bir köhnə kitab gətirdi. Sözgəlişi, Mehmangilin çox böyük kitabxanaları var. Səməd Vurğunun kitabı idi, ön səhifədə də şairin Mehmanın atası Cavad kişiyə yazdığı avtoqraf vardı.
   
   Heç demə Səməd Vurğun bir neçə dəfə Cavad kişinin qonağı olubmuş, bu evdə qalıbmış.
   
   
   
   Mehmanın anası
   
   bununla fəxr edirdi
   
   
   
   Onu da qeyd edim ki, təkcə Səməd Vurğun yox, Azərbaycanın bir çox görkəmli şair və yazıçıları zaman-zaman bu evin qonağı olublar.
   
   Mehmana dedim ki, dostum, siz xoşbəxt adamsız, Səməd Vurğun evinizdə qonaq olub. Dedim ki, sənin yerinə olsam darvazaya belə bir lövhə vuraram: "Filan ilin filan günündə Səməd Vurğun bu evdə qonaq olub". Təəssüf ki, Mehman məni eşitmədi, amma gec deyil.
   
   İndi siz mənə bu boyda Azərbaycanda bir yer göstərə bilərsinizmi ki (Azərbaycanı qoydum bir kənara, heç olmasa Qazaxda bir bulağın üstündə), belə bir lövhə vurulub: "Filan ayın filan günündə Səməd Vurğun burda olub". Göstərə bilməzsiniz!
   
   Bəlkə Üzeyir Hacıbəyovun, Qara Qarayevin, Bülbülün, Rəsul Rzanın... adlarına hardasa bir lövhə görmüsünüz? Görməmisiniz, heç görməyəcəksiniz də. Yalnız yaşadıqları binalardan başqa. Nə olsun? Ədalət Şükürov da haçansa Sumqayıtda yaşadığı binaya çox gözəl və təmtəraqlı bir lövhə vurdurub. Bu lövhənin açılışını da televiziya kanalları əlli dəfə fırlatdı, qəzetlər də bir ay yazdı.
   
   Gənc şairə Aysel xanım ATV-nin "El içində" verilişində çox maraqlı bir məqama toxundu. Bir azərbaycanlı alim Londonda olarkən Nyutonun oxuduğu universitetə gedir və universitetin qapısından öpür ki, Nyuton bu universitetdə oxuyub. Aysel xanım dedi ki, bizim də çox görkəmli alimlərimiz var, görəsən kimsə onların oxuduğu universitetin qapısını öpübmü?! Eh, qızım, nəyi qoyub, nəyi axtarırsan? Amma könlünü bir az xoş eləyim. Bu əmin ilk dəfə Xızıda Cəfər Cabbarlının doğulduğu evi ziyarət etməyə gedəndə diz çöküb qapının kandarından öpdü ki, haçansa Cəfər Cabbarlının ayağı bura dəyib. Yəni deyirəm, qızım, elə özümüzdən başlayaq.
   
   Qayıdaq söhbətə. Bu dahilərin yeganə və ən böyük faciələri heç də zindanlarda çürümək, Sibirdə güllələnmək, diri-diri soyulmaq, dörd parçaya bölünmək, 9 axçaya möhtac olmaq deyil. Əgər peyğəmbərlər dünyanın bütün əzablarını çəkiblərsə, adları peyğəmbərlərdən sonra çəkilən şairlərin bu əzabları yaşaması adi bir şeydi. Və bu həyatı onlar özləri seçiblər.
   
   Onları çarmıxa çəkiblər, amma xalqa sevgilərini, əqidələrini, Tanrıya məhəbbətlərini çarmıxa çəkə bilməyiblər. Onları diri-diri yandırıblar, amma xalqa və Tanrıya sevgilərini yandıra bilməyiblər.
   
   
   
   Onları Sibirdə çürüdüblər
   
   
   
   amma içlərindəki o böyük eşqi çürüdə bilməyiblər. Onları güllələyiblər, amma sevgilərini, eşqlərini güllələyə bilməyiblər.
   
   Onların faciələri odur ki, yolunda həyatlarını, övladlarını, ailələrini, arzularını, sevinclərini (insanlıq adına nə varsa) qurban verdikləri, ruhlarını, mənəviyyatlarını, qanlarını hər cür işğaldan qoruduqları, çiyinlərinə qaldırıb min ildi yaşatdıqları şair xalqlarının xalqsız şairləridi.
   
   Qayıdaq Bəxtiyar Vahabzadənin anım gününə. Çox şeylərdən danışıldı, xatirələr, təriflər... Şair xalqımızdan, Türk dünyasından...
   
   Mən da danışdım, bir az Konyadan, bir az Mövlana həzrətlərindən, bir az Nizami Gəncəvidən, Lermantovdan (biz az əvvəl yazdıqlarımı) və bir də...
   
   ... dedim, çox gözəl tədbirdi, ənənəyə çevrilsin, amma xala-xətir ənənəsinə yox, Bəxtiyar Vahabzadəyə layiq bir ənənəyə. Gəlib bir az danışıb, sonra yeyib-içib getməyək. Şəkini Bəxtiyarlaşdıraq. Bəxtiyar müəllim harda olub, hansı evdə yaşayıb, harda çay içib, harda qonaq qalıb, hansı bağda nərdtaxta oynayıb, hansı bulağı daha çox sevərdi... Gələn turistləri və qonaqları Xan sarayına apardığınız kimi, Karvansarada yedirdib-içirtdiyiniz kimi, Mirzə Fətəli Axundovla bağlı, Bəxtiyar müəllimlə bağlı yerlərə də aparın. Qonaqlara o bulağın üstündə süfrə açın ki, qonaqlar da bilsin ki, Bəxtiyar müəllim həmişə bu yerdə çörək yeyib. Qoy bu şəhərə gələn hər kəs Axundovu görsün, Bəxtiyar Vahabzadəni görsün. Konya Mövlanalaşan kimi Gəncə Nizamiləşsin, Naxçıvan Cavidləşsin, Qazax Səmədləşsin, Göyçay Rəsullaşsın, Ağcabədi Üzeyirləşsin...
   
   Olmamışam. Deyirlər Luvrda bəzi yerlərə ayaq basmağa icazə vermirlər ki, guya haçansa Napoleonun ayağı həmin yerlərə dəyib. Millətə bax, oğlunun ləpirini də müqəddəsləşdirib...
   
   Bəxtiyar Vahabzadənin anım günündə görkəmli professor Şirməmməd Hüseynov qeyri-adi bir çıxış elədi. Və sonda
   
   
   
   Ürəyi ağrıya-ağrıya bir faktı söylədi
   
   
   
   Şəkidə Mirzə Fətəli Axundovun yaşadığı ev var. Həmin evin həyətindəki ağaclar quruyub. Bilirsinizmi nədən? Axundovun həyətinə çəkilən suyu bir imkanlı iş adamı kəsib öz həyətinə aparıb.
   
   Şair xalq öz şair oğlunun, mütəfəkkir oğlunun suyunu kəsib. Necədi sizinçün?
   
   Bəli, xalqımız şair xalqdı, amma adlarını çəkdiyim və çəkmədiyim dahilər isə bu şair xalqın xalqsız şairləridi.
   
   
   
   Vaqif Bayatlı:
   
   
   
   Çox ölüm, ölüm deyirlər
   
   Ölsəydi:
   
   Dünyanın bütün qara torpaqları
   
   Doldurammazdı onun üz qırışlarını
   
   
   
   ... Dənizkənarı bulvarda dünyanın bütün qara torpaqlarının üz qırışlarını doldura bilməyəcək Səttar Bəhlulzadənin, bütün Azərbaycanı kətana, Azərbaycanın ağrı-acılarını öz sifətinə köçürən Səttar Bəhlulzadənin hər gün çay içdiyi bir çayxana vardı! Sökdülər...
Aqil ABBAS aqilabbas@rambler.ru
Oxunub: 438
SARI ODALAR
- Gəl, gəl görüm, balaca. Nədi, nə atılıb-düşürsən? Darıxmışdın? Elə mən də darıxıram, gəl bir az söhbətləşək. Qulaq asmaq istəyirsən mənə? Üzbəüz oturub danışmaq üçün bir kimsənə yoxdu. Hərçənd... Nə isə... Bax o gün ad günümdə bir cavan dostum təbrik yazıb mənə. Yazıb ki, "Siz çox dözdünüz, hər şeydən əvvəl ədəbiyyat mənasında, sonra dilləndiniz". Gör ha, mən elə fikirləşirdim dözə-dözə yaşadığım bilinmir, dişimi sıxıb yaşadığım bilinmir. Bilənlər varmış - amma ədəbiyyatdan əvvəl dözdüyüm nələrsə daha çoxdur. Ədəbiyyat bilirsən nədi? Yox? Yaxşı ki bilmirsən...
   
   Balaca, bax yarım əsri qatlayıb qoydum bir tərəfə. Bunun 30 ilini də ayırım başqa tərəfə. Əvvəlki 20 ili yada salıram. Hımm... ORDA QARANLIQ DA VARDI AÜLIQ QƏDƏR...
   
   ...Görəsən indi həmin balkondan dəniz görünürmü? Yasamaldakı evimizin balkonundan. Çətin, inanmıram. O qədər binalar tikilib, bütün gözəlliklərin qarşısına divar çəkilib. Amma son vaxtlar içimdə dəli bir istək oyanır. Uşaqlığım keçən o həyətə getmək, yüyürə-yüyürə beşinci mərtəbəyə qalxmaq keçir ürəyimdən. Süd rəngli taxta qapını döymək, kandardan içəri boylanmaq istəyirəm. İç-içə iki balaca otağın divarlarında əlimi gəzdirmək, üzümü söykəyib divarlara hopan qoxuları içimə çəkmək arzum var. Hər dəfə o tərəfdən keçəndə maşından düşüb həmin həyətdə özümü axtarmaq istəyirəm - balaca qızcığazı. Gərək gedəm. Nə qədər o binalar sökülməyib, gedəm. Qalxam beşinci mərtəbəyə orada yaşayan tanımadığım insanlara "qorxmayın, mən dəli deyiləm, amma özümü axtarıram" deyəm. Xatirələrimiz daş-daş sökülür. Elə biz də. Sarı Odalar...
   
   Salam, "Kommunist" küçəsi. Salam, salam! "Kommunist" küçəsi? Hanı o küçə? Yoxdu deyəsən. Salam, mənim universitetim. Salam, salam... O da yoxdu. Bu da bir Sarı Oda...
   
   
   
   HADİ BAKALIM, UNUT, UNUTA BİLİRSƏN. HADİ, OL O ƏSGİSİ GİBİ, OLA BİLİRSƏN...
   
   
   
   ... Mən axı buralarda qalmaq istəmirdim. Qoymadı atam getməyə. Bəlkə hər şey başqa cür olardı, tamam başqa cür...
   
   Nədi, niyə elə baxırsan? Gəl, balaca, qoy başını dizimin üstünə. Gəl, sığallayım səni. Bax, sən həm balacasan, həm də ağıllısan. Mənə qulaq asa bilirsən. Elə sözlər var ki, bir gün onları deməyin vaxtı gəlib çatır. Mən də elə yaşdayam ki, hansısa bir sonuc verməliyəm axı. Elə bilmə başım xarab olub, fəlsəfə danışıram. Fəlsəfə bilirsən nədi? Yaxşı ki bilmirsən... Hə, elə bir vaxt gəlir ki, həyatına kənardan fəlsəfi baxmalı olursan. Onda arxada qoyduğun bütün ağırlıqlar bir az da ağırlaşır qayıdır üstünə. Eşitdiyin bütün tənə-töhmətlərin rəngi bir az da qatılaşır. Günahlarını götür-qoy edirsən - cəzası beləmi olmalıydı? Təbəssümlə, gülə-gülə udduğun acılar ilana dönüb qıvrılır damarlarında. Yır-yığış çağı könlünə üz tutursan, hər şey yarımçıq, yarı-yarımçıq... Mən buralara aid deyildim - deyirsən. Boşuna, canım, boşuna...
   
   Oxumaq, oxumaq, yenə də oxumaq. Düzdür, oxuyub alim ola bilmirsən. Amma nəsə də öyrənirsən. Öyrənirsən ki, heç nə bilməmək daha gözəl imiş. Yaşın iyirmiykən ümidlisən, inamın var. Dünyanı dəyişəcək dahinin məhz sən olduğundan əminsən. Sonra həyatın bir-birindən gözəl simaları açılır - çırpılır sənin üzünə.
   
   
   
   YAÜDI, YAÜDI ÜSTÜMƏ HATIRALAR...
   
   
   
   Bilirəm, ağıram, çox ağıram. Amma bu ağırlıq o qədər yüngüllükləri tarazlayıb ki... Niyə unudulub görəsən, tərəzinin gözünə qoyulan ağırlıq daşı - dərk elə və yaşa. Görüntü yaratmaq üçün fiqur. İndi anlayıram ki, bu məmləkətdə hamı bu işlə məşğuldu. Hər kəs xoşbəxt tablo yaradır. Hər kəs də yalan olduğunu bilir. Görüntü... Bunları içindən keçirəndə intihar edən insanları da anlayırsan. İntihar bilirsən nədi, balaca? Yaxşı ki, bilmirsən... Çox fikirləşirəm bu barədə. Afaqın sərçələrinə qoşulmağım gəlir. İllərimi saxtalıqdan, riyadan, yalandan qaçmağa sərf elədim. Məlum olur ki, bu da bir aldatmacaymış. Özümü ovutmuşam. Qum üstündə evcik tikmişəm. Gözümün qabağında külək sovurur, hər qum zərrəsinin dalınca da qaça bilmirəm. Çox yorğunam. Fəhləlik yorub məni. Bütün dünyanın qara vətəndaşları kimi payıma düşən tör-töküntü olub, artıqlar olub... Hər şey tələsik, qaçaraq və minnətlə...
   
   Gör necə şəkləmisən qulaqlarını? Afərin, balaca, təşəkkürlər. Eşidə bilirsən. Sözüm var ey, mənim. Doğru-düzgün olmaqdan, bağışlamaqdan, hamının əvəzinə çalışmaqdan, yıxılana dəstək olmaqdan bezmişəm. Özümlə danışmaqdan, içimdə yaşamaqdan usanmışam. Səhəri kipriklərimlə açmaqdan, sərməst, xumar baxışlardan, gözümün içinə deyilən yalanlardan, pünhan yaşamaqdan... BU OYUNDA KİM UDUZDU, KİM UDDU... Peşman olan mənəm deyəsən. Bir tərəfdə boş içki şüşələri, bir tərəfdə boş dərman şüşələri. Hər şeyin dərmanı varsa, bir sərməstlik də mənə ver, Allahım. Unudum, unudum, unudum... Məlhəm ver, Allahım, yaralarım sağalsın. Səbr, dözüm ver, bütün dözülməzliklərə dözüm ver.
   
   
   
   BİR AZCA DA DÖZ, HƏ?..
   
   
   
   Çox qəribədi, çox qəribədi, bütün gözəlliklər səndən uzaqlarda dastan yaradır. Dastan bilirsən nədi, balaca? Yaxşı ki bilmirsən. Mənim lap yaxınımda o qədər dastanlar yaradılıb ki...
   
   Uslan, ay qız, niyə belə çırpınırsan? Nə birincisən, nə sonuncu. Gündə neçə dəfə çıxacaqsan edam kürsüsünə, başını qoyacaqsan o kötüyün üstünə, edam eləyəcəksən özünü? Bu "gərək-gərək"in içində nə qədər çabalamaq olar?
   
   
   
   ...ÖMÜR KEÇDİ, ƏLLİ DƏ OLDU. GƏRƏK NƏDİ BU GƏRƏKSİZ DÜŞÜNCƏLƏRDƏN... ELƏ NECƏ OLMALIYDI, ELƏ DƏ OLDU...
   
   
   
   Balaca, bu həyatdı. Həyat nədi, bilirsən? Yaxşı ki bilmirsən. Hər il keçdikcə səndən alır, aparır. Gözəlliyini, gəncliyini, yaxınlarını, inancını.. . Bircə yaddaşın yüklənir, artır. Deyir, alimlər bir dərman tapıblar, onu içirsən və bütün olan-bitən dərdlərin, xatirələrin pozulur beynindən. Xoşbəxtlik iksiri tapılıb?! Ağ vərəq və yenidən yaz. Nə yaz, necə yaz? Orada nə yazılacağını kim bilir? Göstərin, gedim soruşum... Sən də səbirlisən ha, balaca. Mənə heç kim belə qulaq asmayıb, heç vaxt. Çox şirinsən, yaxşı ki danışmırsan, ancaq eşidə bilirsən. Amma eşitmək də bir şey deyil - yalan əhd-peymanları, yalan vədləri, yalan and-amanları. Yox, balaca, mən də yalan dedim. Mən də özümü aldatmaq istəyirəm. Gördüyümün gözəl olduğuna inanmaq istəyirəm. Alınmır. Hələ üstəlik özümün də bir görüntü kimi istifadə olunduğumu dərk eləyəndə... Nə ağır dərdiymiş görüntü olmaq... Bir az da döz, qızım, bir azca da...
   
   
   
   AÜIR BİR SƏNƏTƏ KÖNÜL BAÜLADIM, BƏXTİMƏ DƏRDİN DƏ AÜIRI DÜŞDÜ...
   
   
   
   (Qadın olmaq zor bir şey, Aysel. Sən niyə həqiqəti eşitmək istəyirsən ki? İndidən aldatmacalara öyrət özünü. Gəncsən, hələ vaxtın var. Sarı Odalardan uzaq dur. Kimsəni də sevmə. Dünya qəlbi kor, qəlbi müflis adamların əlindədi. Çox yandıracaqlar səni. Peşman olacaqsan).
   
   Hə, balaca, sağ ol. Qulaq asdın mənə. Gəl qulaqlarını, quyruğunu sığallayım, nə şirin burnun var. Yaxşı, yaxşı cırmaqlama məni. İçim cırmaq-cırmaq, çölümü də sən yaralama. Sən get öz yerinə, mən də öz Sarı Odalarıma. Amma bir gün başımı alıb gedəcəm və deyəcəm:
   
   
   
   BEN SƏNİN HƏYATINDAN GİTDİM, OÜLUM. HADİ, KOY YERİMƏ BİRİNİ KOYA BİLİRSƏN. HADİ DUR O SARI ODALARDA, DURA BİLİRSƏN...
İradə TUNCAY iradetuncay@rambler.ru
Oxunub: 417
BİR GÜNÜN XƏLİFƏLİYİ BİR ÖMÜRLÜK XATİRƏDİR
Bu hadisə miladi tarixi ilə 2009-cu ilin on birinci ayının say hesabına görə nəhs günündə, yəni 13-də, Bakı Slavyan Universitetində vaqe oldu. Həmin gün on yaşlı ali təhsil ocağının rəhbərliyi könüllü surətdə öz fəaliyyətini dondurub, bu şərəfli və məsuliyyətli işi tələbələrin içərisindən təbii seçim yolu ilə meydana çıxan namizədlərin ümidinə buraxmışdılar. Namizədlərin seçimi və hazırlığı təxminən iki ay sürdü. Nəhayət gözlənilən an gəlib çatdı. Rektor Kamal Abdulla başda olmaqla bütün prorektorlar, dekanlar o gün vəzifədən kanarlaşdıqları üçün əmək haqqı da almayacaqdı. Hər birinin alnına bir günlük xəlifəlik yazılan gənclər onları əvəz edəcəkdi. Kamal müəllimin göstərişi, Nüşabə xanımın (Baş mühasib-E.B.) rizası ilə həmin günün əmək haqqı da tələbə rəhbərlərin şəxsi hesabına köçürüləcəkdi. Bu barədə padşahın fərmanı qədər ciddi hüquqi qüvvəyə malik olan əmrin surətini Malik müəllim (kadrlar şöbəsinin müdiri -E.B.) xüsusi elan lövhəsində asmışdı. Universitetin Tələbə radiosunu eşidənlər, "Tələbə dünyası" qəzetini oxuyanlar "Xəlifə günü"nün nə demək olduğundan qabaqcadan xəbərdar idilər. Qoy mənim oxucularım da bunu bilib agah olsunlar ki, olduqca orijinal və böyük tərbiyəvi əhəmiyyətə malik təşəbbüs Allahın verdiyi yazıçı, alim, müəllim istedadını göz bəbəyi kimi qorusa da, tələbələrin yolunda onu səxavətlə xərcləməyi xoşlayan, cəmiyyətdə cibinin yox, qəlbinin, düşüncəsinin, xəyallarının, arzularının böyüklüyü ilə nüfuz qazanan rektor Kaman Abdullaya aiddir. "Xəlifə günü " dördüncü dəfədir keçirilir. Bütün tədris müəssisələrində olduğu kimi, BSU-nun da tədris proqramı Təhsil nazirliyində təsdiqlənir. Amma "Xəlifə günü" Universitet rəhbərliyinin dərs proqramına, çox uğurlu əlavəsidir. Görünür Təhsil nazirliyində də bu fikirdədirlər. Yoxsa neçə ildən bəri davam edən "özbaşınalığın" qarşısını çoxdan alardılar.
   
   Noyabr ayının 13-də səhər tezdən BSU-nun giriş qapısında rektorun qara rəngli xidməti maşının qapısı açılanda içindən Aytən Hüseynova çıxdı. O, səlahiyyətlərini yerinə yetirmək üçün ikinci mərtəbədəki iş otağına doğru yollandı. Köməkçisi, katibəsi ilə görüşüb kabinetə daxil oldu.
   
   Saat 8.30-dan Universitetdə dərslər öz minvalı ilə davam edirdi. Amma, auditoriyadan kənar dərslərin, görüşlərin sayı xeyli artmışdı. Görünür, Xəlifə belə istəmişdi.
   
   Akt zalında Polşa Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Kşistov Krayevski, Konstitusiya məhkəməsinin məsul işçiləri, Azərbaycan Kinomatoqrafçılar İttifaqının katibi, xalq artisti Rasim Babayev, əməkdar incəsənət xadimi Əbdül Mahmudov, əməkdar artist Xalidə Qasımova , Böyük Vətən müharibəsi veteranları ilə maraqlı görüşlər oldu. Universitetin Heydər Əliyev Tələbə teleradio şirkətinin studiyası da elə hey dolub-boşalırdı. Canlı verilişlərin sayı xeyli artmışdı. "Xəlifə günü"nün xoş təəssüratı ilə bölüşənlərlə müsahibə aparan jurnalist tələbələr idi.
   
   Fəxri Qonaqlar kitabına yazılan ürək sözlərindən bəzi sətirlər.
   
    Rasim Balayev - xalq artisti:
   
    Bakı Slavyan Universitetinə ilk dəfədir ki, qədəm basıram. Haqqında çox gözəl sözlər eşitmişdim. Amma bu təhsil ocağındakı yeniliklərin, nailiyyətlərin, inkişafın bugün şahidi oldum. "Xəlifə günü" çox maraqlı pedaqoji tapıntıdır. Mən onun bütün iştiralçılarına şəxsi həyatlarında, təhsildə böyük uğurlar diləyirəm.
   
   Dürdanə Məmmədova -Azərbaycan Konstitusiya Məhkəməsinin şöbə müdiri:
   
    "Xəlifə günü" nündə iştirak etməyim mənə çox xoş təsir bağışladı.Tələbə özünüidarə etməsi gözəl təşəbbüsdür. Gənclərdə özünə inam hissini artırır, müstəqil qərar çıxarmağ ıöyrədir. Görüş zamanı bizə verilən suallardan aydın olurdu ki, tələbələrin ümumi hazırlığı yüksək səviyyədədir. Bütün bunlar BSU-da Pol Loi təhsil sisteminin
   
    Tələbə idarəetmə günüdə auditoriyalarda keçirilən ustad dərslərin də sayı artmışdı. Jurnalistika fakültəsində Avropa Şurasının Azərbaycanda jurnalistika tədrisinin inkişafına dəstək layihəsi çərçivəsində London Sənət Universitetindən gələn foto jurnalistika üzrə təlimçi Pol Luinin mühazirəsi maraqla qarşılandı. BBC ilə sıx əməkdaşlıq edən yüksək peşəkarla işgüzar söhbət, foto müxbirlik sənətinin incəlikləri barədə tələbələrlə fikir mübadiləsi böyük maraq doğurdu. Bir sözlə, tədbirlər çox, təəssüratlar böyük, qonaqların sayı çox idi. Hətta Təhsil nazirinin müavini Elmar Qasımov da "Xəlifə günü"ndə BSU-nun rektoru Aytən xanımla tanış olmaq üçün bura təşrif buyurmuşdu. "Xəlifə günü" təkcə tələbələr üçün deyil, həm də müəllimlər üçün növbəti sınaq oldu. Mən inanıram ki, bir günlük xəlifəlik hər bir iştirakçının yaddaşında nə az, nə çox - bir ömürlük xatirə kimi qalacaq.
Etibar Babayev etibarbabayev@gmail.com
Oxunub: 407
Antireklam nəyə lazımdır?!
Bunu kim bilmir ki?! Amma kim bilir bu üsuldan istifadə etməklə irəli düşməyin müxtəlif yollarını?! Şəsxən mən bilirəm. Ən azından ictimai qazanda qaynayıram. Dərk etmişəm ki, artiq kimisə tərifləməklə gün-güzəran qazanmaq, cibişdanı doldurmaq, gündəmdə qalıb sevilmək dövrü keçib. Zəmanəylə ayaqlaşmaq lazımdır. İndi gərək ucdantutma hamını düzəsən sıraya. Artıq nə qədər aşağı səviyyəyə düşürsənsə, o qədər xoşbəxt görünürsən. Bizə də həqiqət lazım deyil. Ona-buna acıq vermək üçün görüntü bizə bəs edir. 2-3 düşmənimizin ürəyini partlatdıq kifəyətdir. Onsuz da dünyada tam xoşbəxtlik yoxdur. Artıq orta statistik azərbaycanlının düşüncə tərzi, həyat amalı, devizi budur. İnkar etmək lazım deyil. İnkar etdikcə güzgüdə daha da eybəcər görünürük.
   
   Peyğəmbərimiz Məhəmməd səlləllahü əleyhi vəsəlləm dünyanın son gününü bilməsə də, onun yaxınlaşmasının əlamətlərini demişdi. O deyirdi ki, əgər qadınlar kişi, kişilər qadın paltarları geysələr, darvazaların hamısı dəmirdən olsa, insanlar göyün 7-ci qatında yaşasalar o zaman qiyamət yaxınlaşır deməkdir. Bu deyilənləri əsas götürsək onda şələ-küləmizi yığışdırmağın vaxtıdır. Demək ki, bəsirətli peyğəmbərlər hər şeyi öncədən görüblər. Bir tək insanın özünü antireklam etməsi, yəni, ya biabır etməsi, ya başqasına sataşması, ya özü haqda yalan şayiələr çap etdirməklə, özünü öldürməklə yüksəlməsi barədə özlərini elədikləri reklamdan başqa. Yəni bu hiylə bəşərin son icadıdır.
   
   Bu günlərdə bir informasiyaya rast gəldim. Guya kimlərsə məşhur milli İyo-kiyo babamız (biz baba və qardaş tapanda daha ürəkli oluruq deyə belə yazdım) Zirəddin Rzayevin adından yalan informasiyalar yayır, məşhur tanışlıq saytlarında onun adından fala baxırlar. Və buna etiraz edən Zirəddin xoca (müəllim və bəy sözünün məhz burada yeri yoxdur) həmin an kəskin təkzib verib. Xalqımızı düşünərək ayıq olmağa çağırıb. "Fırıldaqçılara inanmayın. Zirəddin var axı". Guya ki, özünün verdiyi proqnozlar daha çox həqiqətə uyğundur.
   
   Düzünü Allah bilir. Bax, bunu deyən yoxdur. İnsanların taleyi ilə əlinin içində buruşdurub top kimi oynatdığı adi bir kağız parçasından fərqli davranmayan bu insanlar dedikləri sözlər üçün qətiyyən məsuliyyət daşımırlar. Orası bəlli. Amma siz fəndə fikir verin. İnformasiyanın axırına baxaq. Sözləri olduğu kimi verirəm. "Hal-hazırda Moskvada yaşayan və oradakı nüfuzlu klinikalarda çalışan tanınmış azərbaycanlı ekstrasens Zirəddin Rzayev bildirdi ki, onun iki rəsmi saytı fəaliyyət göstərir: www.ziraddinrzayev.com və www.phainomenon.com. Bu saytlardan başqa, heç bir sayt Zirəddin Rzayevə məxsus deyil: "Mənim canlı qəbuluma düşmək istəyənlər isə bu telefon nömrəsinə zəng edərək qəbula yazıla bilərlər": Daha nömrəni mən yazmıram.
   
   Qardaş, halal olsun səni yetirən torpağa! Bir məşhur filmdə deyildiyi kimi, oğulda fərasətə bax. Necə bacarmısan, ağlına gəlib bu üsul. Ola bilsin ki, mən də reklam yaradacam ona. Necə? Onu beləcə sağına-soluna tənqid etməklə. Bilirsinizmi, artlq televiziya və qəzetlər kimisə tənqid etməkdən belə qaçmağa başlayıb. Çünki artıq tənqid də bir reklam vasitəsi sayılır. Bu məqaləni oxuyan bir oxucu bəlkə elə mənim acığıma, hətta məni qınayacaq da. Və ən yaxın rəfiqəsinə, ya dostuna nömrəni verib deyəcək ki, "götür, zəng elə, dərdini de, danışırlar da. Elə bilirsən bu jurnalistlərin özləri getmir falçı yanına?! Yalandan hörmət qazanmaq istəyirlər. İşində ol, olan elə bizə olur, qara camaata".
   
   Hə, bununla başlayır hər şeyin əvvəli, gəlir hər şeyin sonu. Burada başqa bir nüans da var. İnformasiyanın daha bir maraqlı məqamı var. Burada oxucuya eyham olunur. Yenə faktları olduğu kimi verirəm. "Zirəddin Rzayevin özü də bu faktı təsdiqlədi və bildirdi ki, bu saxta "Zirəddinlər" barədə onun özünə çoxlu sayda telefon zəngləri daxil olur: "Mənə yaxın dostlarım, tanışlarım, qohumlarım zəng edir və mənimlə internetdə danışdıqlarını bildirirlər. Mən isə hər dəfə bildirmişəm ki, nə mən, nə də mənim ailə üzvlərim heç vaxt internetdəki tanışlıq saytlarında, ünsiyyət portallarında heç kimlə yazışmamışıq. Mən ancaq canlı şəkildə insanları qəbul edirəm və onlara öz proqnozlarımı verirəm. Bir daha bəyan edirəm ki, mən Zirəddin Rzayev heç vaxt internet üzərindən heç kimə proqnoz vermirəm və heç vaxt da verməyəcəm".
   
   Hə, bu torbada başqa pişik var. Fikir verin, burada nə qədər inkar sözləri var. Psixoloji məqamları açır bu yazı, yalnız informasiya xarakterli olduğunu düşünmürəm. Fakt burada cücərir. Demək torbadakı pişik hətta balalayıb da.
   
   Zirəddin Nostradamos Azərbaycanın ovsun və fal qabiliyyətini gedib ruslara, qeyri-millətlərə elə göstərdi ki onların özləri məəttəl qaldı. Rəhmətlik Sabir demişkən, "Sağdan-sola, soldan-sağa sal boynuna heykəl, qoy cinni məəttəl". Görəsən, Zirəddinin öz qabiliyyətləri, ona verilən vergi adlı nəyinsə verilməsi ilə bağlı iddialarını o falçı şounun birinci yeri tutan rus xalqının nümayəndəsinə də şamil etmək olarmı? Görəsən, o rusa da vergini yuxusundakı ağ paltarlı adamlarmı verib? Yoxsa, bu nə xoşbəxtlikdirsə yalnız bizim milləti tapır? Nə hikmətdirsə bu ağ paltarlılar yalnız bizim əməli saleh falçılarımızın yuxusundan əl çəkmirlər.
   
   Cin kimi rusları da məttəl qoydu həmyerlimiz. Rusları başqa nədə təəccübləndirə bilərik ki?! Elmdə, musiqidə, hərbidə onlar bizi heyran edirlərsə, biz də Zirəddin kimi qızıldiş el oğlumuza arxayınıq. Ərə verməkdən başlamış ərsiz qadını xalq artisti eləməyə qədər möcüzələri var bu ustadın. Məncə, Zirvədəkilər mükafatına o, daha çox layiqdir. Heç olmasa, kiminsə yaralı barmağına dərman olub. Bu mükafatın o biri nümayəndələrindən az da olsa irəlidədir. Amma dili qurusun, o Namiqin. O gün müsahibə verib ki, "Zirəddinin danışdıqları boş şeylərdir, mən ona inanmıram. Biz Aygünlə ayrılan deyilik".
   
   Heç olmasa şou biznes əhlindən kimsə Zirəddinin ovsunundan çıxdı və yada saldı ki, göydə Allahdan, yerdə də insanın ağlından, qurduğu münasibətlərdən və xarakterindən başqa bəşər övladının heç bir köməyi, xilaskarı yoxdur. Allah biz insanları çoxdan eşitmir. Elə Zirəddin kimilərin üzündən. Heç olmasa Allah, ağlımıza dəyməsin, yüz belə Zirəddinlər görüb bu dünya, sonra da göndərib bəşəriyyətin toz basmış arxivinə.
İradə İSAQ irada-isaq@rambler.ru
Oxunub: 272
Bahar şənlikləri
Bir gün maşınınızla dayanacağın yanından keçirsiniz. Orada xəstəxanaya aparılmağa möhtac qoca və xəstə bir qadın, sizin çoxdandır görmədiyiniz uşaqlıq dostunuz və illərlə xəyalınızda canlandırdığınız o mələk baxışlı qız. Amma iş də orasındadır ki, sizin maşınınız iki nəfərlikdir. Özünüzdən başqa bir nəfər minə bilər. Qoca qadını götürsəniz, qayıdanda digərləri artıq orda olmaya bilər. Dostunu və ya qızı götürsəniz qayıdanda orada qoca qadının cansız bədənini görməkdən daha əzablı bir görüntü ola bilməz. Allah dərd verirsə dərmanını da verir. Allah heç kimə çəkə bilməyəcəyi əziyyətləri vermir. Yalnız qorxaqlar ona üsyan edirlər. Məncə bu vəziyyətin də bir çıxışı var. Yəni əslində bu bir məntiqi sualdı və cavabı var. Cavabını isə bir az gözləməli olacaqsınız.
   
   
   
   ***
   
   Türkiyədə universitetlərdə May ayında "Bahar şənlikləri" keçirilir. Tələbənin əylənə biləcəyi bütün şərait ona universiteti tərəfindən yaradılır. Məşhur musiqiçilərin pulsuz konsertlərindən tutmuş müxtəlif maraqlı şoulara qədər hər şeyi bu şənliklərdə tapa bilərsiniz. Əslində isə mənim demək istədiyim bu əyləncələrdən tamam uzaq bir şeydir. Bu şənliklərlə yanaşı Türkiyə universitetlərində oxuyan xarici tələbələrə öz ölkə mədəniyyətlərini göstərmək və ölkələrini tanıtmaq üçün imkanlar yaradılır. Hər ölkəyə bir stand verilir. Kobud şəkildə desək bir köşk. Tələbələr burada milli geyimləri nümayiş etdirir. Milli musiqinin sədaları altında milli aksesuarlar göstərilir. Hərdən bəzi tələbələr qol-qanad açaraq milli musiqiyə qapılıb şıdırğı bir milli rəqs göstərməyi də ehmal etmirlər. Yəni ki, bu standların mənası həmin bu əyləncəli günlərin rəngarəngliyini artırmaqdır. Hansısa qara dərili bir tələbə gəlib bizim milli geyimi geyinib şəkil çəkdirirsə çox maraqlı bir mənzərə çıxır ortaya. Ancaq bizim o milli aksesuarların içində həmişə Xocalı hadisəsi, 20 Yanvar hadisəsi ilə bağlı kitablar və şəkillər də orada nümayiş etdirilir ki, mən bunun mahiyyətini anlamıram. Düşməni unutdurmamaq üçün atılmış hər bir addımı dəstəkləyirəm. Amma bu cür günlərdə belə şeylərə ehtiyac yoxdur axı. Sanki bütün millətlərin arasında "yazıq" havasına bürünmüş bir enerji bürüyür orda insanı. Onsuz da müxtəlif konfranslar və toplantılarla bu mövzulara dəfələrlə toxunulur. Bu bahar şənliklərində belə mövzuları bir kənara qoymaq lazımdır.
   
   Qarabağ problemi həll olunmaz deyil əlbəttə. Heç bir vəziyyət çıxılmaz deyil, nə qədər ki, insan övladı o problemdən qorxmur. Cəsarət problem qarşısında ağıl və zəkanın birgə istifadəsidir. Biz hərdən azadlıqdan tam yararlana biləcək vəziyyətlərdə, özümüzə bir qəfəs tapıb içinə girə bilən xalqıq. Ruhumuzu uçmağa qoya biləcək qədər cəsarətli deyilik. Nəsə bir hərəkət edəndə, hansısa bir addım atılanda həmişə ağlımızda əlavə fikir mütləq olmalıdır: "Yaxşı deyil ee.." Torpağı uğrunda canından keçən insanlar bunu niyə edirlər? Torpaqları düşmən əlinə keçməsin və o torpaq parçası üstündə yaşayan xalq azad və firavan həyat sürsün. Millətin beynini o tükürpərdici erməni vəhşilərinin etdiyi səhnələrlə doldurmaqdansa öz qəhrəmanlıqlarımızla bəzənmiş bir görüntüləri seçərəm. Milləti haqqında heç bir düşüncəsi olmayan bir insana həmin görüntüləri göstərəndə fikirləşər ki, biz nə yazıq millətik. Elə sakitcə oturum, kimsə gəlib başıma qapaz vurmasın. Səsimi çıxardaram məni də elə edərlər yoxsa.
   
   Həmin o içlər ağrıdan görüntüləri görən hansısa bir başqa xalqın nümayəndələri də bizə yazıq və əlindən bir şey gəlməyən bir xalq kimi baxır. Hərdən mənə belə bir sual yönəldənlər də olur. "Necə oldu axı siz 4 milyonluq ermənilərə məğlub oldunuz?" Ya da hər hansı bir xarici ölkədə olanda hansısa bir məsələnin müzakirəsində belə bir fikir də eşidə bilərsiniz, diqqətli olun. "Siz əvvəlcə gedin öz torpaqlarınızı geri qaytarın, sonra gəlib bizə ağıl öyrədərsiniz". Bunlara veriləcək cavablar tapmaq elə də çətin deyil. Amma sonra insan özü təklikdə düşünəndə fikirləşir ki, verdiyim cavablar öz sınmış qürurumu bərpa etməkdən başqa bir şey deyildi. Qürur, cəmiyyətin yaratdığı və bunun sayəsində sənin oyuncaqla oynamağa davam edə bildiyin və nəticə olaraq heç vaxt doğru olanı soruşa bilmədiyin bir aldanışdır.
   
   Gəlin sualın cavabına qayıdaq. Bəlkə də bu cümlələrin davamını izləməkdənsə qəzeti bir kənara qoyub özün də bu sual haqqında düşünməlisən. Bunu edib etməyəcəyin sənin özündən aslıdır. Mən sualın cavabını deyirəm. Əvvəlcə maşından aşağı enmək lazımdır. Açarı uşaqlıq dostuna verib, xəstə qadını xəstəxanaya aparmasını xahiş edə bilərsən. İllərlə yuxularında və gözünün yol çəkdiyi anlarda sənə baxan o mələyin əlindən tutub günəşin batdığı yöndə addımlaya bilərsən. Hərdən yazıları bir görüntü ilə sonlandırmaq çox asan olur.
Fərhad Şabanov, Ankara farhhad.shabanov@ggmail.ccom
Oxunub: 460
YAD ADAM SEVGİSİ
Zəngləşmişdik. Günün ikinci yarısı görüşməli idik. Həm də bu görüşümüzün konkret məqsədi də var idi. Onunla birlikdə "Çinar-çap" nəşriyyatına gedəcəydik. Orada dostların köməyi, Füzuli ictimaiyyətinin dəstəyi ilə çap prosesində olan "Ürəyimdəki sənsən" kitabımın son nəşr işləri ilə məşğul olacaq, məsləhətlərini verəcəydi. Amma şərtləşdiyimiz vaxta təqribən bir saat qalmış telefonuma zəng gəldi . Bildirdi ki, başqa vacib bir işi çıxıb. Zarafat da elədi:
   
   - Evdən komanda almışam. Mütləq o işləri günün axırına kimi çatdırmaliyam . Üzürlü say, sabahda, birigündə səninlə nəşriyyata baş çəkərik.
   
   Doğrudur, bir az içimdə incidim, sıxıldım, amma biruzə vermədim. Hava şəraitini də, onun səhhətini də, göstərişin hardan gəldiyini də ürəyimdə götür-qoy edəndən sonra təkliflə barışmalı oldum. Bir də barışmayıb nə edəcəkdim. Əlim əlinə çatmırdı, hökmüm hökmünə.
   
   Bakının havasından elə bil ki, sıxıntı, ağrı-acı tökülürdü. Nə qədər çalışsam da qurtula bilmirdim bu sıxıntıların əlindən. Ümidim onun gəlişinə idi, o da ki, sözünə sahib çıxmadı. Və ona görə də məcbur olub elə ürəyimin səsini kağıza köçürməyə başladım:
   
   
   
   dan yerinin
   
   üzünün şehli vaxtı
   
   günəşdən də qabaq
   
   ruhumun qapısını döyüb
   
   arzusunda olduğum
   
   bir xəyal
   
   mürgüsü perikmiş
   
    gözlərimə baxdı...
   
   dan yerinin
   
   közərə-közərə
   
   alışan vaxtı
   
   qonşu binada
   
   susmağı
   
   çoxdan unutmuş
   
   radionun
   
   qarışıq dalğasında
   
   könlümü oxşayan
   
   bir köhnə mahnı
   
   pəncərəmdən
   
   muştuluqçu kimi
   
   üzümə baxdı:
   
   - yar bizə qonaq gələcək!-
   
   təbii ki,
   
   ürəyi hökm edən vaxtı...
   
   
   
   ***
   
   Bir neçə gün öncə ad günü oldu. Və mən bu ad gününə qədərki bütün illərin mənə bəlli olanlarını bir-bir xatırlamağa çalışdım. Cəhd etdim ki, heç nəyi unutmayım. Hər şey yerli-yerində, nöqtəsindən vergülünə kimi zəncirvari şəkildə boysırasına düzülsün. Və mən də o sıraya baxanda sıra baxışına dayanmış əsgəri bir nizamı görüm. Amma...
   
   İnsan yaddaşı nə qədər cəhd etsə də kompüteri əvəz edə bilməz. Ona görə də fikirlər, daha doğrusu, tarixi ardıcıllıq bəzən həmin o xatırlama məqamında yerini səhv salır, irəli-geri vurur. Təbii ki, söhbət əsnasında üzbəüz olanda bu qüsuru tez aradan qaldırmaq mümkün olur. Amma kağız-qələmlə baş-başa qalıb həmin o düşüncələri, o tarixi ardıcıllığı yazıya köçürəndə bu imkan olmur. Odur ki, həmin məqamları dəqiqləşdirmək zor bir suala çevrilir. İlk öncə burda iki səbəb ortaya çıxır. Birinci, ya gərək kimdən yazacaqsansa həmin adama üz tutasan. Onda da sirrin, yəni sürpirizin üstü açılır. Bu da ki, yaxşı ovqat yaratmır. Təbii ki, yazının müəllifi olmaq istəyən üçün.
   
   İkincisi də qarşılıqlı müzakirə əsasında yazı yazılanda onda həmsöhbətinlə sən müəllif statusuna sahib olursan. Bu da ləzzət eləmir. Hər iki halda ümumiyyətlə sürpriz alınmır. Odur ki, nəyi necə xatırlayıramsa o cür də yazsam zənnimcə daha yaxşı alınar...
   
   Lap uşaq yaşlarımdan atasını tanımışam. Bütün Azərbaycanın fəxri olan bir insanın oxucusu olmaq şərəfi mənə də nəsib olub. Sonra utana-utana evlərinə bir neçə dəfə ayaq açmışam. İlk yazılarıma münasibət bildirib, məsləhətlər verib. Elə orada da onu uzaqdan-uzağa tanımışam. Sonra həyat yoldaşı ilə tanışlığımız, münasibətlərimiz yaranıb və bu da gələcək günlərin bir növü ipucu, körpüsü olub.... Daha sonra taleyim bu ailə ilə məni bir az yaxınlaşdırıb. Ən doğma bildiyim ocaqlardan biri kimi evlərinin, həyət-bacalarının səmtini, qibləsini tanımışam. Necə deyərlər, çörəklərini kəsib, duzlarını dadmışam. Ədəbiyyatla, mətbuatla bağlı çoxlu sayda fikir mübadilələrinin, müzakirələrinin müşahidəçisi, şahidi olmuşam. Övladlarının necə böyüdüyünü, bu evin hansı qayğılarla yaşadığını içəridən və çöldən izləmək şansım olub. Hər dəfə də gəldiyim nəticələr bir nöqtədə üst-üstə düşüb:
   
   - SON DƏRƏCƏ DÖZÜMLÜ, SON DƏRƏCƏ İNADKAR, SON DƏRƏCƏ REALİST VƏ SON DƏRƏCƏ DƏ DAXİLƏN ZƏNGİN - OLDUÜU KİMİ GÖRÜNƏN BİR İNSANDI!
   
   Sonralar həyat hərləyib-fırlayıb dünyanın çarxını, bir növü çoxlarımızın istəyini əksinə səmtlədi. Və bəlkə də bu elə mənim, bizim, oxucuların şanslı olması idi. Məhz həmin şansın hesabına da birgə işləmək, onu bir az da yaxından tanımaq imkanı qazandım və yazıları ilə düşüncələri, xarakteri ilə qələmi, bir-biri ilə üst-üstə düşən, səsləşən bu xanımın kollektivi idarə etmək məharətini də gördüm.
   
   İndi doğum günü ilə bağlı düşündüklərimi yazmağa çalışdığım anda birdən ağlıma gəldi ki, kimlərsə məni düzgün başa düşməyəcək, səmimiyyətimi harasa yozacaqlar, hətta arxada ağız büzənlər də olacaq... Olsun. Tanrı hər şeyin şahididir. Ondan böyük və ondan ədalətli varlıq yoxdur! Məhz o Tanrının qanadları altında bir vaxtlar yazdığım və bütün yadları mənə doğma edən hisslərlə kağıza köçürdüyüm bir şeiri həmin xanımın doğum gününə hədiyyə edirəm:
   
   
   
   mən bir yad Adamı sevdim-
   
   tamam yad Adam...
   
   necə sevdimsə
   
   qopdum sığındığım yerdən
   
   və ayılanda
   
   birdən...
   
   gördüm ki
   
   tamam yadam-
   
   indi bütün doğmalara!
   
   məni özünə
   
   özünü mənə hopdurub
   
   doğmalaşdıran
   
   sən ay yad Adam -
   
   xəbərin olsun,
   
   səndən başqa artıq
   
   hamıya yadam-
   
   mən də!
   
   
   
   ***
   
   Elə anlar olur ki, hamıdan, hər kəsdən, bütövlükdə insanlardan üz çevirib əl çatmayan, ün yetməyən qəribliyə çəkilmək istəyirəm. Çünki xırda bir detalın, xırda bir təşəbbüsün və yaxud da ötəri bir fikrin, düşüncənin təsiri ilə bəzən ən böyük duyğular, ən böyük münasibətlər yaralanır, alt-üst olur. Ona görə də "suyu üfurə-üfürə içmək" məni tamam əldən salır. Başqalaşmaq, ütülü olmağı bacarmıram. Özüm kimi olmaq isə ətrafımdakılara xoş deyil.
   
   Götür-qoy edirəm, dağı arana, aranı dağa çəkirəm. Düşünürəm ki, görünən və görünməyən günahları bağışlatmaq mümkündürmü? Ümumiyyətlə, belə bir hal hardasa, nə vaxtsa baş veribmi? Bu suallara da cavab tapmıram və yenə də gücüm öz pıçıltılarıma çatır. Həmin pıçıltıların təsiri altında xatirələrim közərir, istədiklərim, istəyənlərim gözümün önündən gəlib keçir, hamısı da ən xoş və ən yadda qalan, eləcə də həyatın özü kimi real olan xatirələri ilə birlikdə.
   
   Neynəyim ki, bu yazıya kökləndiyim notlar üzərində mənzil başına çata bilmədim. Öncə qərarlaşdığımız kimi nəşriyyat səfərimiz baş tutmadı, sonra doğum gününə ünvanladığım yazının qəhrəmanının kim olduğunu bilgisayar yazarımız Gülər xanım nöqtəsiz, vergülsüz birbaşa dedi və sonra da aramsız telefon zəngləri fikirlərimi altı-üst etdi. Nə isə...
   
   Görünür bütün istəklərim kimi bu yazı ilə bağlı düşündükərim də eləcə bir arzu kimi gözümdə qaldı. Yəqin...
   
   
   
   Mənim günahlarım nə böyük imiş
   
   Məni ürəyimdən dara çəkirlər...
   
   Mənim günahlarım mənim yerimə
   
   Xəlvət üzlərinə qara çəkirlər
   
   
   
   Tanrı sevdalıyam- ovum, ovulum
   
   Adəm babam kimi qovun!-qovulum...
   
   Dənsiz dəyirman tək sovun-sovulum
   
   Özünüz görün ki, hara çəkirlər.
   
   
   
   Qisməti dərd olub mən fağırın da
   
   Çəkdim yüngülun də, ən ağırın da
   
   Bayram məqamında, il axırında
   
   Könlümə hədiyyə - yara çəkirlər!
   
   
   
   Çırpdım qanadımı - uça bilməyə
   
   Yerimdən sıçrayıb qaça bilməyə
   
   Əbülfət, çoxların uca pilləyə-
   
   Sənisə astaca gora çəkirlər...
Əbülfət MƏDƏTOĞLU abulfatmadatoglu@adalet-az.com
Oxunub: 308
ÖZÜNÜZÜ ALDADA BİLİRSİNİZMİ?
Yeri gəlməsə də o məşhur məsəli xatırlatmalı olacam: əzrayılla dost olan biri papağını yan qoyub gəzir ki, dostum canımı almamışdan qabaq xəbər eləyəcək. Bir gün kişinin sağ tərəfindəki qonşusu rəhmətə gedir. Kişinin vecinə olmur. Bir gün soldakı qonşu ölür. Yenə vecinə almır. Bir gün də Əzrayıl müəllim qapını kəsdirir ki, hazırlaş, gedirik. Ay dad, ay aman, bəs söz vermişdin, xəbərdarlıq edəcəkdin, bu nə kişilikdi, bu nə namərdlikdi?.. Əzrayıl müəllim müəllimliyini yadından çıxarıb qəşəng bir söyüş söyür və deyir:
   
   - Alə, quşbala, xəbərdarlıq bə nətəhər olur, sağından apardım, solundan apardım, bilmirdin ki, növbə ortanındır?..
   
   Donuz qripindən danışmaq istəyirəm. Sağımızda-solumuzda tüğyan eləyir, yatmışıq filin harasındasa. Elə rahat, elə sakit danışır, hərəkət eləyirik ki, sanki ya donuzlarla doqovor bağlamışıq, ya da qripin özü ilə. ANS-də adamın gözünü deşən qırmızı hərflərlə yazırlar ki, noyabrı 15-dən Azərbaycana donuz qripinə qarşı vaksin gətiriləcək. Qardaşım, ölüyə apisilin vurmağın mənası yoxdur ey... Qrip uje burdadır, özü də saatbasaat artmaqdadır. Vaksin artıq burada olmalı idi!
   
   Dezinfeksiya kampaniyasına baxırsınızmı? Məktəblərin bir hissəsini guya dezinfeksiya etdilər, televizora da çəkdilər, hesabat da verdilər. Xəbəriniz oldumu ki, məktəb zavxozları ilə briqada rəhbərləri arasında danışığa əsasən bir çox yerlərdə ancaq giriş qapısının ağzına dərman vurdular - onun da hansı keyfiyyətdə olduğunu özlərindən başqa heç kim bilmədi? O nə qırmızı yalan idi ki, televiziya ekranından məsul şəxs dedi ki, bağçalarda dezinfeksiya etməyə ehtiyac yoxdur. Metro işçilərinin bayramını təbrik edirəm. Amma hər vaqonun qırağına bir-iki "pıss" eləməklə qripdən qorunmaq olmayacaq, vallah, olmayacaq.
   
   Qoy o bu gün üçün effektli sayılan "teraflyu"-du-nədi Azərbaycana gətirilsin, o dəqiqə elan edəcəklər pulsuz verilir: ancaq xəstəxanalarda olur. Amma apteklərdə onun qiymətinə baxırsınız. A kişilər, biz ölümlə alver eləməyə də çəkinməyən qövmük. Adicə masqa nədir ki, əvvəllər modabazlar itlərinin ağzına taxırdı, indi onun da həm defisiti çıxıb, həm də qiyməti qalxıb ceyran dalına.
   
   İstəsək də, istəməsək də gələcək. Bu pandemiyadı, mən ölüm-sən öl qanmır. Bu templə onu qarşılamağa hazırlaşmaqda davam eləsək, özümüzü əziyyətə salmasaq yaxşıdır, elə birdəfəlik silib aparacaq. Özü də varlıya-kasıba, yekəburuna-fındıqburuna baxmayacaq, hamını bir ostanovkaya sürüyüb ictimai nəqliyyatla aparacaq. Əh, yeganə millətik ki, "SOS" deyəndə də ondan başqa məna çıxarırıq. Vallah, bəlkə də donuz qripi o qədər də qorxulu deyil, amma donuzxislətlilər çoxdur, ona görə də qorunmaq vacibdir.
   
   
   
   P.S. Çoxdandır məlum səbəbdən iş yerinə gəlmirəm. Yəqin ki, kollektivin köhnə mehribanlığı qalmaqdadır. Mehriban olun, amma qadanızı alım, görüşəndə öpüşməyin. Mənim tövsiyəmdi deyən qulaq ardına vurmayın. ÜST də, NATO da, ATƏT də belə deyir. Şefə xatırladın ki, qrip deputat toxunulmazlığını heç harasına almır ha. Allah amanında, işçilər də, oxucular da, millət də. Amma vəziyyət çox təhlükəlidir, bacardıqca özünü qorumağa çalışın!..
Oqtay SALAMOV
Oxunub: 298
TORPAQ PİLLƏKƏN
(Hekayə)
...Boynumu çiyinlərimə qısıb indicə keçib gedən gəminin dalğalandırdığı sulardan gözümü çəkmirdim. Zəki o biri sahildə qayanın qatı kölgəsində dayanıb qayıq gözləyən oğlana baxırdı. Oğlanın dayandığı yer quzeydi, yəqin, indi soyuqdan titrədirdi. Günorta bir azca havanı ilıqlandırmağa macal tapmış günəş indi çayın o biri sahilindəki meşənin arxasına enir, endikcə dörd bir yanı tünd narıncı od rənginə boyayırdı. Yarpağı tökülüb budaqları çılpaqlaşan yoğun gövdəli ağacların, üstü böyürtkənli qayaların getdikcə uzanan kölgələri Kürün çalxalanan bozumtul sularında bir-birinə qarışmışdı...
   
   Suların sakitləşməsini gözləyirdik. Yoxsa, indi çaya qayıq salmaq mümkün deyildi.
   
   -Gəl gedək, Zəki, yazıq soyuqdan öldü...-zənciri açıb yırğalanan qayığa mindim...
   
   O biri sahilə yaxınlaşanda birdən-birə tutuldu, soyuqdan bozarmış sifəti qızarıb pörtdü. Adəti üzrə sol yanağı iki dəfə qəzəblə dartıldı. Oğlan salam vermədi, heç üzümüzə də baxmayıb qayığa mindi...
   
   Qayıdanbaş mən avar çəkirdim. Zəki qayığın uc tərəfinə vurulmuş taxtanın üstündə oturmuşdu. Oğlan islaq, çirkli oturacağı bəyənməyib dimdik ortada dayanmışdı. Qoltuğunda qəzet bağlama vardı. Belə soyuq havada qırmızı neylon köynəkdən , yaxası zolaqlı jaketdən başqa heç nə geyinməmişdi. Başı da açıqdı... İkisi də başımın üstündən sahildə nəyəsə diqqətlə baxırdı. Arxaya dönəndə çaydan su dolduran Cəmiləni gördüm. Qız elə bil baxışlardan özünü itirdi, səhəngi çiyninə alıb tələsik qayanı çıxmaq istəyəndə ayağı sürüşdü, üzü üstə yerə yıxıldı. Səhəngin suyu boynuna axıb yaylığını, başını islatdı. Zəki bərkdən içini çəkib yerindən dik atıldı. Qayıq ləngərlədi, oğlan yıxılmamaq üçün qollarını açıb sürətlə havada fırlatdı, qəzet bağlama şappıltıynan suya düşdü. Birtəhər müvazinətini saxlayıb tez bağlamanı sudan götürdü. Zəki təzədən səhəngini dolduran Cəmilədən gözlərini ayırıb təlaşnan mənə baxdı, tez də üzünü çevirdi... Sahildə oğlan əlini cibindən çıxarıb ovcundakı xırda pulları qonşuma uzatdı. O da məhəl qoymayıb qayığı lap qırağa çəkdi, yulğun kolunun dibinə vurulmuş ağac mıxçaya bağladı. Oğlan duruxub mənə baxdı, mən də qonşuma, sonra çıxıb getdi. Zəki belini dikəltdi, boğazlı yun köynəyinin ətəyini dartışdıra-dartışdıra uzunboğaz rezin çəkmələrinin palçıqlı burnuynan qayığı təpiklədi.
   
   - Zəhrimar,-dedi,- bu da bir peşə deyilmiş. İnstitutu qurtarım, atamı qoymıyacam işdəsin.
   
   - Bəs, onda kim işdiyəcək?
   
   -Kim işdiyir-işdəsin. Amma atamı qoymıyacam...
   
   Bayaqkı oğlanın gəlişi kefini pozmuşdu. Yavaşca dilləndim:
   
   - Axı, hamı bir deyil...
   
   - Hamı birdi. Hamı bir bezin qırağıdı. Yaxşı adamdılar, yığışıb çayın üstünnən körpü salsınlar. Elə bilirsən, gücdəri çatmaz?! Çatar, lap artıqlamasıynan çatar. Evlərinə az taxta-tuxta yığsınnar, qızlarına beş maşın yox, lazım olduğu qədər cehiz versinlər, toylarda pulu yağış kimi səpələməsinlər, onda çatar... Hə, nə döyürsən gözdəruvu yapalaq kimi? Yalan deyirəm?...
   
   Dinmədim. Elə bilməyin ki, məni yapalağa oxşatması xətrimə dəydi. Yox, onun belə sözlərinə çoxdan öyrəşmişəm. Lap uşaqlıqdan. Aramızda üç-dörd yaş fərq olsa da, özünü mənnən tay-tuş kimi aparır, heç nəyi gizlətmir. Amma yaman səbirsizdi. Kitab oxuyanda, yazı yazanda yanına getsən, ya da çağırsan, ürəyi partlar. O dəqiqə üstümə çımxırıb məni geri göndərir. Üstündən beş dəqiqə keçməmiş dalımca gəlib boynumu qucaqlayır, üzümdən öpüb "sən mənim böyük qardaşımsan" deyib könlümü alır. Bilir ki, mənə "böyük qardaş" deyəndə xoşum gəlir. Doğrudan da, özümü onun yanında böyük kimi aparmaq istəyirəm. Bu da həmişə alınmır. Elə indi alınmadığı kimi... Məsələ burasındadı ki, o, düz deyirdi... Qayğılı-qayğılı o biri sahilə baxdı:
   
   - Görəsən, day kim gələcək?
   
   - Bundan sonra, heç kim...
   
   - Onda, getdik... Heç kim o tayda da gecələyə bilər...
   
   Əzilib torpağa yapışmış böyürtkən kollarının üstüynən yavaş-yavaş addımladıq. Sifəti yenə tutulmuşdu. Elə mən də fikrimi cəmləşdirə bilmirdim.Deyəsən, heç birimiz evə getmək istəmirdik. İkimiz də bilirdik ki, günün bu şər qarışan çağında bu sahildə nəyisə həll eləməsək, yoluna qoymasaq, nə bir tikə çörək yeyəcək, nə də yata biləcəkdik. Ayaq saxladı, başını qaldırmadan çürüyüb palçığa qarışmış yarpaqları çəkməsinin burnuynan eşələyə-eşələyə soruşdu:
   
   - Cəmiləni buna vermək istiyillər?
   
   Bildiklərimi, eşitdiklərimi ona çatdırmağın əsl vaxtıydı:
   
   - Hə... Ancaq qızın onnan zəhləsi gedir. O, gələndə kənddən də çıxmaq istiyir. Deyir, özümü Kürə ataram, ancaq ona ərə getmərəm. Atalığı da qızı hədələyib ki, qardaşıma ərə getməsən, səni də, ananı da atacam bayıra. Anası da öz ucbatınnan düşüb qızın üstünə, gününü eliyib qara.- Eşitdiklərimi ona danışıb öz fikrimi də əlavə elədim.- Bütün günahlar da elə ondadı. Heç ana da öz övladını ərinin ayağına verər? Xalis Gertrudadı...
   
   Gözlərini yerdən ayırmadan fikirli-fikirli gülümsədi. Mənim birdən-birə gedib Şekspirə çıxmağıma gülürdü yəqin. Bayaq Cəmilənin yıxıldığı yerə çatanda dayandı, fikirli-fikirli üzümə baxdı:
   
   - Bilirsən nə var? Qaç evdən iki dənə bel gətir...
   
   Axşamın qaranlığı düşənəcən işləyib həmin qayada rahat bir pilləkən qazdıq. O gecəki kimi rahat yatdığım yadıma gəlmir...
   
   Üç-dörd gün keçdi. Özlərinə rahat yol tapmış qadınlar suya gedib-gələndə pilləkən düzəldənlərə ürəkdən dua eliyirdilər. Amma qızlar ora çatan kimi pıçhapıç, pıqqapıq başlanırdı..
   
   Həmin oğlan da hələ kənddə idi...
   
   ***
   
   ...Elə çaşmışdım ki, ayaqqabımın bir tayını tapa bilmirdim. Yuxulu-yuxulu balkonun o başına gedəndə qamış çəpər şaqqıldadı, Zəki həyətə tullandı. Məni görən kimi: - Geyinmisən? Tez ol, - dedi.-kimsə boğulur. Çayın qırağınacan yüyürdük, təngənəfəs zənciri açıb qayığı suya saldıq. Səs gələn tərəfə yaxınlaşanda su motorundan bir az aralı başqa qayıq göründü, içində də başlıqlı brezent plaş geyinmiş iki adam vardı.
   
   -Qışqıran kimiydi?- Zəki bərkdən soruşdu. Qayıqdan səs gəldi:
   
   - Biz idik, ay qardaş, qayığımız qarqaranın üstünə çıxıb. Hardan avar çəkirik, sürüşür, irəli getmir. Düz turbanın ağzına gedirik...
   
   Qışda sular donanda çayda iri buz layları axır. Kişi "qarqara" deyəndə onu nəzərdə tuturdu. Zəkidən səs çıxmırdı, yəqin onları xilas eləməkçin yol axtarırdı. Bəlkə... tərəddüd eliyir?! Səsin yiyəsini tanımışdıq- Cəmilənin atalığıydı. Həyəcanla ona baxdım. Birdən kömək eləməz...Narahatlıqla o tərəf-bu tərəfə boylanırdı. Deyəsən, mənim düşündüklərim ağlına da gəlmirdi. İnsan fikrinin sürətlə işləməsi həmişə xeyirli olmur- bəzən xəcalət gətirir, bəzən peşimançılıq, bəzən də... Qəfil tərpəndik, Zəki düz onların yanına sürdü. Qayıq buz layına toxunub yırğalandı. Yenə həmin səs eşidildi:
   
   - Neyniyəcəksən, başuva dönüm? Bir az ehtiyatlı ol haa...
   
   - Yalvarmaq lazım deyil. Avarların birini bəri uzat... Kişi avarların birini açıb ona uzatdı. Zəki avardan yapışıb mənə işarə elədi:- çək... Sahilə çıxdıq. Ancaq indi balıq tutmaqçın qayığa bağlanmış toru gördük. Zəki qəzəb qarışıq təəssüflə dişlərini sıxıb:- Gör, biz kimləri xilas eləmişik?-dedi,- balıq oğrularını... Üzünü görməsəm də, hiss elədim ki, sol yanağı yenə qəzəblə dartıldı. Kişi bizə yaxınlaşdı, bilmirəm, qorxudan yoxsa soyuqdan taqqıldayan çənəsiynən ağır-ağır fısıltılı səsnən:
   
   - Sizdən soruşub eliyən olsa... dəvə gördün, heç qığını da görmədim...
   
   Zəki kobud danışdı:
   
   - Heyvanı murdarlama, kişi. Dəvələr oğurluq eləmirlər...
   
   - Bu uşaq-muşağı da qudurdan elə böyük qurumsaqlardı. Balam, Sovet hökuməti də ağın çıxardıb. Dəryada balığa da ağalıq eliyir. Bu camaat elə dədə-babadan Kürdən balıq tutur day...
   
   - Dədən-baban acınnan tuturdu. Sən ki, Allaha şükür, acınnan ölmürsən.
   
   Bayaqdan bəri səsini də çıxarmayan ikinci adam plaşının başlığını geri itələyib irəli yeridi:
   
   - Bura bax ey, çox ağız-burun aparırsan ha... Kimnən danışdığıvı bilirsən?
   
   - A-a, bu sənsən, gecəquşu? Srağagün bundan ötrü soyuqdan əsə-əsə Kür adlayırdın? İslanmış konfet gətirib camaatı qudurtmusan, yoxsa?
   
   Sözünü qurtarmamış oğlanın yumruğu ayaqlarını yerdən üzdü. Qonşum arxası üstə torpağa sərildi, qışqırıb özümü oğlanın üstünə atmaq istəyəndə qarnımdan elə təpik ilişdirdi ki, səsim içimdə qaldı. İkiqat olub çökdüm... Başımı qaldıranda Zəkiynən oğlan bir-birlərini yumruqnan əzişdirirdilər. Kəsik-kəsik nəfəs alır, şillə-təpiknən oğlanı yormağa çalışırdı. Hiss eliyirdim ki, əldən düşür- oğlan onnan ikiqat cüssəli, qüvvətliydi. Birdən necə oldusa aralandı, sağ yumruğunu zərbnən oğlanın köksünə vurdu. Oğlan dalı-dalı səndələyib böyürtkən kolunun içinə yıxıldı. Zəki dönüb mənə baxdı.... Elə bu anda kişi qara əlcəkli əlində parıldayan iri bıçağı düz onun çiyninə sancdı....... Bircə dəfə "ımm" eləyib çökdü, bədəni qıvrılıb açıldı, sustalıb üzüüstə yıxıldı. Qardaşlar harasa əkildilər. Bir anlıq hər şey sükuta daldı. Elə bil bizdən başqa sahildə heç kim olmamışdı. Yerimdə donub qalmışdım, işin belə qurtaracağını ağlıma da gətirə bilməzdim. Bu vəziyyətdə nə qədər sahildə qaldığımızı bilmirəm. Bir-iki adamnan gəlib çıxan çay nəzarətçisi fənəri üzümə tutub:
   
   -Burda nə olub? Hə...niyə dinmirsən?- deyə soruşanda elə bil yuxudan ayıldım, hər şeyi təzədən xatırlayıb başa düşdüm. Bir kəlmə də deməyib hönkürtüynən ağladım...
   
   ***
   
   Tələbələrin qış tətili qurtardı. Zəkiynən gələn uşaqlar instituta döndülər. O, hələ də rayon mərkəzindəki xəstəxanada yatırdı. Bir gün dərsdən qayıdıb nahar eliyəndə anam ehtiyatla üzümə baxa-baxa yavaşca dedi ki, Cəmiləni nişanlayıblar. Elə bil boğazımın deşiyi daraldı, çeynədiyim tikəni gücnən udub soruşdum:
   
   -Kimə?
   
   -Kimə olacaq? Anasının qaynına...
   
   "Gertrudanın qaynına..." Bunu ürəyimdə dedim. Bərkdən desəydim, gərək " Hamlet"i başdan-ayağa anama danışaydım...
   
   - Bəs, onu tutmıyıblar?
   
   - Nə olsun, tutublar. Əvvəl-axır buraxacaqlar da... Onsuz da Zəkinin atası şikayət vermir...
   
   - Nahaq yerə. Mən olsaydım, verərdim..
   
   - Sən uşaqsan hələ. Hələ bilmirsən el-camaat nə deməkdi. Sizi pis öyrədillər məktəbdə. Gərək həmin axşam işi o yerə çatdırmayaydız. Onsuz da, xəlvət-aşkar bu kənddə çoxları balıq tutur...
   
   - Bəs, Cəmilə nə deyir? Elə oturub baxır?
   
   - Nə diyəcək? Qız xeylağıdı, əlinnən nə gəlir? Üstəlik, anası da o diyəni demir...
   
   Daha yeyə bilməyib evdən çıxdım. Başına ağac dəymiş adam kimi həyətdə vurnuxmağa başladım. Əməlli-başlı bir şey fikirləşə bilmirdim. Elə bil fikirlərim nəsə qüvvətli bir şeyə toxunub dağılır, sonra təzədən toplanıb irəli cumurdu. Görəsən, Zəki eşitsə nə deyəcək? Bəlkə elə oturub gözləyəcək, sağalandan sonra da çıxıb gedəcək dərsinə?! Bunnan da hər şey bitəcək. Hələ Cəmilə? Yoxsa, o da bu qanmazlara baş əyib oturacaq? Ola bilməzdi ki, Zəkini sevdiyini açıb deyəydi?! Bəlkə heç sevmirmiş, biz aldanmışıq? Yox, əşi... Zəki gələnnən Kürdə su qoymayıb, hamısını daşıyıb doldurub qab-qacağa. Bəs, indi nə oldu? Hər şey bitdi? Nədənsə, bu dəm çayın qırağına getmək, Cəmilə üçün qazdığımız torpaq pilləkənə bir də baxmaq keçdi ürəyimdən. Bəlkə, özü də suya gəldi. Kaş, tək olaydı. Tək olmasa da, qırağa çəkib bir-iki kəlmə söz deyəcəm ona. Deyəcəm ki, mənim dostumu atmağa sənin qətiyyən haqqın yoxdu. O, səni sevir, özü də lap çox sevir. Sənsə bu sevgini ucuzlaşdırdın, öz hərarətinə güvənən bir qəlbi alçaltdın. Ancaq bilməlisən ki, səni yalnız o, xoşbəxt edə bilərdi. Bununçun onun hər şeyi var: gəncliyi, sağlamlığı, sevgisi... Deyəcəm ki, hələ gec deyil, bəlkə lap əsl vaxtıdı. Sən razı ol, biz hər şeyə hazırıq. Axı, o, pis vəziyyətdədi. Razı olma ki, dostum şəhərə ürəyi nisgilli qayıtsın. Əgər razı olsan, elə bu dəqiqə səni öz evimizə apararam. Qoy, camaat nə deyir-desin. Nə vaxtacan söz-söhbətdən qorxacağıq? Sonra sizə toy edərik. Sən də bizim evdən qonşumuza gəlin köçərsən. Hə... bəs, fədakarlıq dediyin nədi? O təkcə oğlanlarçın deyil. Bax, indi bizə sənin fədakarlığın lazımdı. Əgər başqa cür eləsən, ömrüm boyu siz qızlara lənət yağdıraram... Öz-özümə nə qədər danışdığımı bilmirəm, bir də onda ayıldım ki, gülməli bir vəziyyətdə qayanın başında dayanmışam. İndi mən dalğaların şahə qalxdığı dənizin qırağında dayanıb monoloq deyən ədəbi qəhrəmana bənzəyirdim. Zəki məni bu vəziyyətdə görsəydi yəqin gülüb boynumu qucaqlayar, kürəyimə vura-vura deyərdi: " Böyük qardaş ki, böyük qardaş..."
   
   Sahil bomboşdu. Bizim pilləkən gediş-gəlişdən bərkiyib, bir az da sürüşkən olmuşdu. Gəzə-gəzə gəlib hündür bir qayanın başına çıxdım. Burda dayanıb o biri sahilə baxmağa başladım. Hava qaralanacan burdan heç yana tərpənmədim. O tayda ocaq qalayıb qızınan iki naxırçı qalxıb mal-qaranı haylayanda mən də dönüb ağır-ağır evimizə tərəf addımladım... Heç getmək istəmirdim. Öz evimiz də, Zəkigilin evi də mənə soyuq, bomboş görünürdü. Evə girməmiş onların həyətinə boylandım. Qapının ağzındakı ayaqqabıların sayı həmişəkindən xeyli çoxdu...
   
   Həmin axşam Zəkiyə dəyməyə gələnlər gedib ara sakitləşənnən sonra gecə yarısınacan onun otağında oturub tədbir tökdük. Ayrılanda mənə bir kağız verib bərk-bərk tapşırdı:
   
   - Bu axırıncı ümidimizdi. Çatdıra bilməsən, batdıq...
   
   - Axı, Cəmilə day çaya getmir. Qoymullar onu...
   
   Solğun bənizi bir az da ağardı:
   
   - Bəs, necə olsun?
   
   - Bəlkə, sinfimizdəki qızların birinə verim, aparsın?
   
   - Bir adama-zada deməzlər ki?
   
   -Arxayın ol...
   
   ***
   
   ...Gecə saat dörddə soyuqdan əsə-əsə qayıqda oturub gözləyirdim. Ətraf səssizlikdi. Elə bil yerlə göy yerini dəyişmişdi. Çay aydınlıq gecədə səmanı bölüb keçən kəhkəşana bənzəyirdi. Heç vaxt gecənin bu vədəsində çay qırağında olmamışdım. Sahil bu dəqiqə elə mənzərəli, elə sirli bir aləm idi ki, evdə yatanlara yazığım gəlirdi. Meşə o qədər sıx və müdhiş görünürdü ki, yadıma Amerika hinduları haqqında oxuduğum romanlardakı təsvirlər düşürdü... İndicə ağacların budaqları aralanacaq, oradan başı lələkli qırmızı dərililərin parıldayan iri gözləri baxacaqdı... Görəsən, bizim meşənin də adam yaşayan çağları olubmu?! Gəlib çıxmaq bilmirdilər. Bəlkə evdəkilər xəbər tutublar?! Elə olsa, deyəsən, mən özüm həmişəlik bu meşədə yaşamalı olacaqdım... Qayanın başında iki qaraltı göründü. Yerimi rahatlayıb avarlardan yapışdım. Zəkinin əlində çamadan, bir də iri bağlama vardı. Qalın yun şala bürünmüş Cəmilə bərk-bərk onun qolundan tutmuşdu. Səssizcə qayığa mindilər. O biri sahilə çatanda da heç biri dinmədi. Zəki bir əliynən boynumu qucaqlayıb başımı sinəsinə sıxdı. Cəmilə üzünü yana çevirdi. Ağlamamqçın mən də səsimi çıxarmadım. Onlar sahilə çıxıb gözdən itincə gözlədim. Geri qayıdanda xoruzlar ağız-ağıza verib banlaşdı. Ancaq indi təzə bir sabahın açılacağını düşünüb özümə gəldim...
   
   Evə girib yatağıma uzansam, da yata bilmədim. Sahilə qayıdıb qayanın başına çıxdım. Ömrümdə səhərin açılmasına tamaşa eləməmişdim. Qaranlıq yavaş-yavaş çəkilir, hava xəfif-xəfif işıqlaşır, amma səhər birdən açılır. Ətrafı seyr edə-edə düşünürdüm ki, gör, bir gecədə nələr olurmuş, nələr ola bilirmiş... Əgər yatmaq olmasaydı, insan bütün ömrü boyu təbiətin qoynunda olar, onun bütün gözəlliklərini görüb daha yaxından duyardı... Bu da səhər... Quşlar civildəşə-civildəşə uçub meşədən çıxdılar. Suyun qırağına, kolların başına qonub sabahın açılmasını istədikləri, bildikləri kimi qarşıladılar. Sahil gəmiynən şəhərə gedənlərin hay-küyüynən doldu. Qulağıma tanış kəlmələr dəydi. Nə tez xəbər tutmuşdular. Düz bir ay işimiz vardı. Hər şey yaddan çıxacaqdı, dildə-ağızda ancaq bu gecə baş verənlər olacaqdı. Zarafat deyil, müharibədən keçən iyirmi ildə kəndimizdə nə bir qız qaçıran olmuşdu, nə də bir oğlana qoşulub qaçan. Su aparmaqçın çaya enən qızların qaqqıltısını kim kəsə bilərdi. Odey, biri əliynən torpaqdan qazdığımız pilləkəni göstərib deyirdi:
   
   - Ay qızlar, ehtiyatlı olun ha, bu sehrli pilləkəndi. Onnan düşən bir də geri qayıtmır...
   
   Qızlara baxa-baxa fikirləşirdim ki, görəsən, mən bir də kimdən ötrü " sehrli pilləkən" düzəldəcəyəm?!
   
   Səs-küy kəsildi. Gəmi sahildən aralanıb çayın axarına qarşı üzməyə başladı. Yenə sular çalxalandı, ləpələr şappıltıynan qayalara çırpılıb soyuq damcılarını sıçratdı. Adama elə gəlirdi ki ağaclar, qayalar, hətta sahilə yaxın evlər belə gurultudan qorxub vahimə içində titrəyirlər. İndi nə o biri sahildə gözləyən vardı, nə də mən suların sakitləşməsini istəyirdim. Əksinə, bu gurultu mənə xoş gəlirdi. Elə bil, ləpələr adamların səs-küyünü həmişəlik batıracaq, bir azdan başlanacaq sorğu-sualdan canımı qurtaracaqdı... Arxadan səs eşidib döndüm. Hündür bir qayanın başına çıxmış qadın əl-qolunu ölçə-ölçə nəsə deyir, barmağıynan məni hədələyirdi. Gəminin gurultusu sözlərini ayırd eləməyə qoymurdu...
   
   
   
   Yanvar 1968-ci il.
   
   Kolanı.
Vəsilə USUBOVA vəsilə-usubova@mail.ru
Oxunub: 281
ƏSKİLƏRDƏN GƏLƏN BİR BƏLA
Bugünkü ədəbiyyatımızın və sənətimizin, belə deyək, qeyrətini çəkən və əsl yolunu göstərmək istəyən (təbii nəsihətlə deyil, zövq və mədəniyyətlə) qəzetçilərimiz və yazarlarımız az deyil..Bunu sezmək mümkündür.
   İnsafən, mən bu yazarların yazılarını oxuyuram və onlara da özümə də yazığım gəlir. Doğrudan da onlar bizim bugünkü ədəbiyatımızın və sənətimizin, xüsuilə də musiqi sənətimzin halı-pərişanlığı barədə yazır və mən də çox zaman bu yazıları oxuyanda bir az hali-pərişan oluram.
   
   Və mən də, inanın ki, lap yetmişinci illərdən bu davanı aparan insanlardan biriyəm və aradabir də fəxrlə deyirəm ki, bəs, bir müğənni haqqında bir zamanlar "Melodiya" radio klubunda uzun zaman müzakirə apardığım üçün o zamanlar məni hədələdilər ki, səni öldürərik, ey Şökətə, Saraya satılan alçaq. Və hətda çox mədəni və çox ziyalı olan bir yazarımızın da çox haqlı və mədəni qınağına da tuş gəlmişdim. O zamanlar tutduğu vəzifə nicabı. Bunların olası şeylərdir.
   Ən təəccüblüsü odur ki, bu işin bünövrəsini qoyan sənətçilərimiz və onları alqışlayanlar özləri sinələrini irəli verib bir çoxlarının səhnə mədəniyyəti deyilən şeyin ağını çıxarmaqlarını və ucuz mahnılar, daha doğrusu ara mahnıları əndazəsinin daha da genişləndirildiyinin (amma, bunların əndazəsnin də hardan başlayıb, harda bitdiyini demək çox çətindir, irəlidə bunu izah edəcəyəm.) qayğısını çəkməyə başlayıblar.Təbii, indiki məqamda biz bunu deyirik, amma bir böyük həqiqət var ki, əyər biz daha irəlilərə baxsaq, görərik ki, hər şey əski "ötən ilki... ötən ...ötən ilki...,ötən....ötən...ötən ilki kimi" davam etməkdədir və mən indicə çox-çox illər əvvəl sanki elə bu günümüzü görən böyük, unudulmaz, dünyaca ünlü bəstəkarımız Qara Qarayevdən bir örnəyi eynən burada misal gətirmək istəyirəm: "Mahnı janrı Xalqın həyatında, onun zövqünün inkişafında, daxili aləminin formalaşmasında mahnının böyük rol oynadığını sübut etməyə ehtiyac yoxdur. Bu janr xüsusi diqqət tələb edir. Yaxşı mahnı qədər heç bir musiqi janrı fayda verə bilməz. Əgər mahnı pisdirsə, bayağıdırsa, onun gətirdiyi zərər də başqa janrların zərərindən artıqdır. Bu, musiqi yaradıcılığının çox incə, çətin və məsuliyyətli sahəsidir. Geniş yayılan mahnıların müəlliflərinə çox yüksək ideya və bədii tələbkarlıqla yanaşmaq lazımdır. Gərək bu tələbkarlıq simfoniya və opera müəlliflərinə göstərilən tələbkarlıqdan az olmasın. Bu fikirdə heç bir şişirtmə və hiperbola yoxdur. Bunu respublikamızın bəstəkarlarının, bütün ölkəmizin mahnı yazanlarının və bütün dünyada mahnı janrının inkişaf təcrübəsi də təsdiq edir. Respublikamızda mahnı janrının ustaları çoxdur. Səid Rüstəmovu, Tofiq Quliyevi, Cahangir Cahangirovu, Rauf Hacıyevi, Ağabacı Rzayevanı, Emin Mahmudovu, Polad Bülbüloğlunu və başqalarını bütün ölkəmizdə tanıyırlar. Məntiqi nəticədən belə çıxır ki, məhz bu bəstəkarlar öndə getməli, aparıcı qüvvə rolu oynamalı, məhz onlar respublikamızda mahnı janrının inkişaf yollarını istiqamətləndirməli, bu işə təkan verməlidirlər. Lakin son illər qəribə anlaşılmazlıqlar baş verir. Həvəskarların bitib-tükənməyən məhsulları əsil mahnı sənətkarlarını bir küncə sıxışdırıb. Bu mahnı quraşdıranlar əslində bütün efiri, ekranı, salonları tutublar, bütün bəndləri-bərələri bağlayıblar, necə deyərlər, "şahlıq taxtını" zəbt ediblər.
   Məni düzgün başa düşsünlər; öz istirahətlərini mahnı yazmağa sərf edən musiqi həvəskarlarının əleyhinə çıxmıram. Əksinə, belə hesab edirəm ki, onların arasında professional sənət yoluna çıxa biləcək adamlar tapılır. Amma bu şərtlə ki, ilk hazırlıq keçməyə cəsarətləri çatsın, özlərində mərdlik və qətiyyət tapa bilsinlər. Mən Polad Bülbüloğlunun adını təsadüən çəkmədim. Onun tərcümeyi-halı yuxarıda dediklərimə gözəl misaldır. O, professional yola həvəskarlar arasından gəlib. Dərk eləmişdi ki, evdə özü üçün mahnı quraşdırmaq zahiri müvəffəqiyyət qazandırsa da, istənilən nəticəyə gətirib çıxarmayacaq. O, konservatoriyaya gəlib beş il vicdanla məşğul oldu, öz sənətinə yiyələndi. İndi haqlı olaraq dinləyicilərin və ifaçıların məhəbbətini qazanıb. Beləliklə, mən bir daha təkrar edirəm ki, adamların öz təbii hisslərini musiqi dili ilə ifadə etmələrinə heç bir etirazım yoxdur. Söhbət radio və televiziyada, mətbuatda, estradalarda dinləyicilərə yanlış təbliğat aparıldığından, çiy, sənətdən uzaq quraşdırmaların əsil bədii əsərləri sıxışdırmasından gedir. Həmin başabəla musiqi yüz minlərlə adamın əqlinə, daxili aləminə, zövqünə güclü təsir göstərməkdə həlledici amilə çevrilib. Etiraz edib deyə bilərlər ki, yazılı və digər formalarda həmin mahnıların verilməsini çox tələb edirlər. Buna görə də onları ifa edirik, çünki biz xalqa xidmət göstəririk. Əvvəla, biz nəinki xalqa xidmət göstərməli, eyni zamanda onun zövqünü tərbiyə etməliyik. İkincisi, bu tələblərdə heç bir qəribəlik yoxdur: reklamın, özünüreklamın elə güclü mexanizmi, elə güclü təbliğat vasitələri işə salınıb ki, bu məhsullar elə yayılır ki, belə səs axını qarşısında yalnız qulağına pambıq tıxayanlar dayana bilər.
   Üçüncüsü, yoldaş musiqi redaktorları, bu tələblər, bu xahişlər sizin əməllərinizə bəraət qazandırmır, əksinə, onlar ifşaedici sənədə çevrilir, dil açıb deyir ki, görün xalqımızın musiqi zövqünü və ümumi mədəni səviyyəsini yüksəltmək işinə necə böyük ziyan vurulub.
   Gör iş nə yerə çatıb ki, bu başıbəla quraşdırıcılar öz xidmət vəzifələrini yerinə yetirmək üçün əsas ixtisasları üzrə xaricə, kapitalist ölkələrinə gedir, orada şəxsi məşğuliyyətlərini bizim musiqi mədəniyyətimizin nailiyyəti kimi qələmə verir, özlərinin hansı vasitələrləsə vala yazdırılmış şübhəli əsərlərini radiostansiyalarda hərləyirlər, bizim mətbuatımız, qəzetlərimiz isə bundan vəcdə gələrək oxuculara musiqimizin xaricdəki növbəti qələbəsi haqqında məlumat verirlər.
   Yaxın Şərq ölkələrindən birində olmuş Niyazi və Sultan Hacıbəyov danışırlar ki, orada bizim professional və xalq musiqisinin ifa olunmasına hər vasitə ilə maneçilik törədirlər. Bizim dünya şöhrəti qazanmış bəstəkarların əsərlərini çalmaq üçün böyük səy göstərmək lazım gəlmişdir. Qəzetlərdən aldığımız məlumata görə həmin ölkənin radio stansiyaları bizim bir həmvətənimizin özündən toqquşdurduğu başabəla mahnıları qəribə bir asanlıqla efirə verir. Görəsən elə adamlar tapılarmı ki, həqiqətən bunu incəsənətimizin təbliği saysın? Yox, min dəfələrlə yox. Bu, mədəniyyətimizin əks təbliğidir. Bu vasitə ilə yaxını, yadı bizə güldürməkdir, yüz minlərlə bixəbər xarici radio dinləyicilərini çaşdırmaq üçün məharətlə düzəldilmiş hoqqadır. Belə vəziyyətə daha dözmək olmaz. Kimdən asılıdırsa, o qoy bu biabırçılıqlara son qoysun, musiqi həvəskarları isə öz bədii ehtiyaclarını evlərində ödəsələr yaxşıdır."
   Və bu boyda sənətkarın bir zamalar dediyi bu sözlərdən heç bir nəticə çıxarmadan və bəlkə də bunaları ömründə oxumayan bu bir dəstə mahnı və şarkı "maqandalara" daha deyiləcək bir sözün olmadığını düşünsəm də və düşünməsəm də, görürəm ki, daha heç bir şeylə vəya heç kəslə mübarizə eləməyə nə taqət var, nə səbri-qərar və bu səhər bu qış səhərlərinin birində lap tezdən hardansa bir mahının bir ritmi yadıma duşür və mən də üzümü Bakıya tutub bu mahının iki misrasını özüm üçün oxuyub, keçirəm kompüterin arxasına ki, bu səhərim üçün bir şeylər yazım. O iki misra ibarətdir ondan ki,
   Qalmadı mən də nə taqət
   nə də ki səbrü-qərar,
   səbrü qərar, dərdin alım...
   Unudulmaz Şövkət xanım oxumuş bunu məncə...
   Və bu hardan gəlir sonbaharın erkən saatlarında ağlıma: dünəndən...
   o biri gündən...
   daha o biri gündən...
   daha, daha o biri gündən
   və o gündən ki, biz bir zamanlar qapalı qapılar arxasında yaşayanda başqa dünyaların insanları artıq bizim bu gün həyəcanla seyr elədiyimiz və hətda bir çox hörmətli şair və musiqiçilərimizi ekrana dəvət eləyib müzakirə elədikləri məsələləri artıq illərin arxasında buraxıblar. Dünyanın bir çox xalqları və lap qardaş Türkiyədə artıq çoxdan keçilmiş bir etapdır və bir vaxtlar deyəndə ki, guya Türkiyədə səhnə mədəniyətində bu geyim məsələsi bir problem kimi hətda qərara bağlanır, mənim içimdən qərib bir sızıltı keçir: ola bilməz belə bir şey, ola bilməz ki, Avropanın qapılarını öz arzusuyla döyən və ora girmək üçün illərlə icazə almaq istəyən bir ölkə bu gün durub kimin necə geyiməyini və necə yaşamığını tənzim eləsin. Və bu Avropasız belə mümkün deyil. Danışanlar da gözəl bilir ki, boş danışırlar və hər hansı bir sənətkarı ora çağırıb bu müzakirəni açanlar da gözəl bilir ki, bunun qarışısı alınmaz! Bəs o zaman nədən bunu eləyirlər: ona görə ki, onlara verilən o saatı doldurmaq gərəkdir, o saatlara onların heyfi gəlmir. Daha başqa şeylərə sərf oluna biləcək o gözəl saatları bu GÖBƏK danslarına, bu yarım çılpaq ifaçıların üst-başlarını müzakirə eləməklə doldururlar.
   Təbii, bizim bu gözəl Azərbaycanımız da artıq dünyanın bir parçası olmuş və düynadakı proseslərdən təcrid olunub yaşamaq mümkünsüz olduğu üçün bunun qarşısını heç bir Milli Məclis, heç bir Əxlaqi Möizə ala bilməz və gücü də çatmaz. Bunun ən qısa yolu:
   Biz ƏSL SƏNƏTİ sevək.
   Biz ƏSL SƏNƏTİ qoruyaq.
   Biz ƏSL SƏNƏTİ təbliğ edək.
   Mübarizənin ən gözəl yolu budur, məncə.
Tofiq Abdin atofig@hotmail.com www.tofigabdin.ws.tc
Oxunub: 337
HƏR GÜLÜN ÖZ ƏTRİ
Ötən şənbə günü qəzetimizin "Bayat" səhifəsində gözəl insan və istedadlı şair Vahid Əlioğlunun üç şeiri çap olunub. Həmin şeirlər belə adlanır: "Ayrılıq həsrəti", "Qoymaz" və "Gözəllər". Üç şeirinin hər biri öz-özlüyündə lirika və şeiriyyət baxımından çox unikaldır. Ən birincisi, şeir başdan ayağa səmimiyyət içində qələmə alınıb. Hardasa həsrətdə olan bir gənc öz məhəbbətinin vüsalını gözləyir. Çünki vüsal günü insanı bütün arzularına qovuşdurur. Elə şair də şeirlərində sevənlərə kədərlə yanaşı, vüsal da arzulayır. Daha doğrusu, kədəri arzulamır, kədər özü gəlib insanların qəlbinə girir. "Ayrılıq həsrəti" şeiri qəzetimizdə çap olunarkən kiçik bir xətaya yol verilib. Ona görə də şeirin birinci bəndi belə oxunmalıdır:
   
   Bir zaman səninlə çox xoşbəxt idim,
   Aldılar əlimdən səadətimi.
   Axı neyləmişdim, niyə qırdılar,
   Yetim ürəyini, məhəbbətimi?
   
   Hər hansı şeirdən bir söz düşəndə o dəqiqə həmin şeir öz şirinliyini və axıcılığını itirir. Bir "səninlə" sözünün düşməsi hardasa şeirin qol-qanadını sındırır və ona xələl gətirir. Vahid Əlioğlu o şairlərdəndir ki, hər sözün, hər kəlmənin, hər misranın üstündə yarpaq kimi əsir. Çalışır ki, qələmə aldığı şeirlər çap olunarkən orda nəinki söz səhvi, bir orfoqrafik xəta belə olmasın. Çünki Vahid müəllim bir şeiri nə az, nə çox azı 7-8 dəfə gözdən keçirir və redaktə edir. Heç bir dilçidə olmayan çoxsaylı lüğətlər Vahid müəllimdə var. Hər hansı mübahisəli söz və ifadə olan kimi elə həmin anda şair o lüğətlərə baxır və sözün daha düzgün yazılış formasını şeirə gətirir.
   Vahid Əlioğlunun müxtəlif dövrlərdə "Sevgi ürək yaraşığı", "Sevən ürək kövrək olar", "Sevgi dolu ürəyim var", "Ürək yanmasa" şeirlər kitabı çap olunub. Və həmin şeirlər kitabının hər birində Vahid Əlioğlunun ürəyinin hərarətini və çırpıntısını hiss eləmək olur. Bu çırpıntının içində onun böyük sevgisi, duyğuları və arzuları yaşayır. Biz bir daha bu istedadlı şairə yeni yaradıcılıq uğurlar arzulayır, ondan gözəl şeirlər və yeni kitablar gözləyirik.
   
   ***
   Bir neçə gün bundan əvvəl istedadlı şair Əlisəmid Kürü çox qanıqara gördüm. Adətən o həmişə deyib-gülən və bir qədər da zarafatcıl adam təsiri bağılşayır. Amma bu dəfə çox dilxor idi. Dilxorçuluğunun da səbəbi onunla bağlı idi ki, xalq yazıçısı Qılman İlkinin yas məclisindən qayıtmışdı. Bir siqaret yandırıb Əlisəmid Kür dərindən köks ötürdü. Sonra da dedi ki, görəsən bu dünya niyə dağılmır? Dedim ki, ay qardaş, dağılmağın buynuzu olur? Görmürsən gündə müxtəlif yerlərdə nə qədər sunamilər, zəlzələlər, terror aktları, qəzalar və müxtəlif öldürücü viruslar baş alıb gedir. Dünyanın axırı yaxınlaşır. Təzədən Əlisəmid Kür köks ötürdü və dedi ki, Qılman İlkinin yasında vətəndən, xalqdan, sədaqətdən bol-bol danışan yazıçıların və şairlərin çoxu gözümə dəymədi. Gör indi dünya nə günə qalıb ki, yazıçı yazıçının yasına gəlmir. Amma bir vəzifəli yazıçının, ya da şairin uzaq bir qohumu rəhmətə gedəndə nəinki yazıçılar, hətta çoxları orda məclisin yuxarı başında əyləşir ki, onları görsünlər. Onsuz da bizim millətin çox qəribə bir xasiyyəti var. Vəzifən, pulun olmadı, sənin nə yasına gəlirlər, nə də toyuna. Bir balaca imkanın yaxşı oldu, yuxarılarda işləyən adamın var, bax, onda qapına o qədər adam gələcək ki, heç çoxunu tanımayacaqsan. Onlar da elə-belə gəlmirlər. Çünki indi çox işlər varlı adamların yas məclislərində və toylarında düzəlir.
   Yazıq Qılman İlkin, sənin də qohumlarının və oğlanlarının vəzifəsi olsaydı, qapınızda adam əlindən iynə atsan yerə düşməzdi. Bunun da faydası yoxdur. Ən əsası isə odur ki, sən halal və təmiz bir ömrü yaşamısan və bu halal və təmiz ömrə görə Ulu Yaradan da sənə öz payını verəcək.
   
   ***
   Yaxın dostlarımızdan biri bu yaxınlarda övladına kiçik toy eyləyib. Yəni oğlunu müsəlman eləmək istəyib. Gün o gün olsun ki, onun böyük toyunu görsün. Ancaq başqalarından fərqli olaraq yaxın dostumuz övladının toyunda yeyib-içməyə hər şey versə də, araq verməyib. Arağı stolun üstündə görməyən bəzi qohumlar dilxor olub. Buna görə də kefini yüksəltmək üçün həmin qohumlardan biri xidmətçiyə pul verir ki, get aşağıdan mənə araq al gətir. Bu pulu da verəndə toy sahibi onu görür. Xidmətçini geri qaytarır və özü qohumuna yaxınlaşıb deyir ki, mənim toyuma və sevincimə şərik olmağa gəlmisənsə, gözüm üstə yerin var. Araq içmək istəyirsənsə bu məclisdə sənə yer yoxdur. Qohum bu sözdən heç də pərt olmur, əksinə ayağa qalxıb toy eləyən qohumunu öpür və deyir ki, Allah mənim tamahımı kəssin, araq olmadan yemək mənim boğazımdan keçmir. Amma bu dəfə sənin xətrinə araqsız keçinəcəm.
   Adətən müsəlman toylarında heç araq verilməyib. Bizim kənddə də toylarda uzun müddət stolun üstünə araq qoyulmayıb. Son beş-on ildi ki, kənddəki toylarımız araqlı-çaxırlı keçir və bu zaman da yeyib-içən cavan oğlanlar toyda dava salıb və camaatın qanını qaraldırlar. Ancaq heç kimə demək olmaz ki, sən toyda araq içmə. Onu da demək olmaz ki, filankəs, sən toyunda niyə araq vermirsən? Araqsız keçən toy araqlı toylardan daha istirahətli, daha yaxşı və daha yadda qalan olur.
   
   ***
   Elə adamlar var ki, ömrü boyu pislik eləməkdən, ev yıxmaqdan əl çəkmir. Yəni birinə yüz dəfə yaxşılıq eləyirsən, sabahı günü onun əlinə fürsət keçən kimi sənə pislik eləyir. Bir dəfə əqrəblə qurbağa yoldaşlıq eləməyə başlayırlar. Əqrəb qurbağaya yalvarır ki, məni bu gölün sahilindən o tərəf çıxar. Qurbağa da bir yuxarı baxır, bir aşağı görür ki, aparmasa əqrəb ondan inciyəcək. Deyir, gəl min belimə. Əqrəb də gəlib minir qurbağanın belinə. Sahilə çatmağa az qalmış əqrəb qurbağanı sancır. Qurbağa inildiyə-inildiyə deyir ki, mən sənə nə yamanlıq elədim, məni çaldın. Əqrəbsə özündən çox razı halda bildirir ki, sən mənə yamanılq eləmədin, yaxşılıq elədin. Amma mən əqrəbəm, səni çalmalıyam. Bu sözlərdən sonra qurbağa suyun altına girir və əqrəb də boğulub ölür. Bəzi insanlar, daha doğrusu, pislik eləyən insanlar əqrəb kimi bir şeydilər. Düzdür, atalarımız deyib ki, "yaxşılığa yaxşılıq hər kişinin işidi, yamanlığa yaxşılıq nər kişinin işidir". Ataların bu fikri ilə mən qəti razı deyiləm. Necə yəni birinə yüz dəfə yaxşılıq eləyirsən başa düşmür, min dəfə yaxşılıq eləyirsən anlamır və axırda da sənə pislik eləyir. Elə belə anlamaz və qanmaz adamlara da pislik eləmək lazımdır ki, onlar bəd əməllərindən qorxub çəkinsinlər və pisliklərindən əl çəksinlər. Çünki belələri öyrəşiblər ki, onlar başqalarına nə qədər pislik eləsələr də o pisliyin əvəzini heç kim onlara qaytarmayacaq. Qozbeli qəbir düzəldən kimi belələrini qəbir düzəldər. Yəni belələri əqrəb və ilan xasiyyətindən heç vaxt əl çəkən deyillər.
   ***
   Füzulidə bir yaxşı səsi olan xanəndə varmış. Həmişə də oxuyanda çoxları ona həsrətlə baxırlarmış. Amma xanəndəyə deyirlərmiş sən yaxşı oxuyursan, heyf ki, Xan əmi kimi, İslam kimi, Ağabala kimi səsin yoxdu. O xanəndə də qavalı yerə qoyub və dərindən köks ötürür. Sonra bir də qavalı əlinə götürüb kamançanı və tarı gözləmədən zilə qalxır. O qədər zəngulə vurur ki, ona qulaq asanlar məəttəl qalırlar. Sonra da ona qulaq asanlar deyirlər ki, ay filankəs, a kişi, özünü öldürmə ey, onsuz da sənin yaxşı, bal kimi şirin səsin var. O da qayıdıb deyir ki, elə mənim də səsim Xan əmi kimi, İslam kimi, Ağabala kimi olsaydı, olardım onların tayı. Amma mənim öz səsim var və bu səs də bəsimdi. Bir də eşitməmisiniz, hər gülün öz ətri olur. Bəlkə də hamı eyni cür oxusaydı, onda xanəndələr bu qədər sevilməzdi. Dağlarda güllər, çiçəklər nə qədər rəngarəng olsalar, bir o qədər o güllərə, çiçəklərə baxan çox olar.
   Bir dəfə də ANS-in "Toylar kralı" layihəsində də belə söz-söhbət oldu. Onda da Manaf Ağayev dedi ki, hər gülün, hər çiçəyin öz ətri var. Manafın da səsi şirindi və o səsin də öz pərəstişkarları var. Heç kimi qınamaq olmaz ki, niyə sənin Xan əmi kimi, Qədir Rüstəmov kimi, Arif Babayev kimi bal kimi şirin səsin yoxdur. Rəhmətlik Hacıbaba Hüseynovun balaca bir səsi vardı. Amma o xanəndə o balaca səsdə elə xırdalıqlar, elə gəzişmələr, elə boğazlar eləyirdi ki, zil səsi olan xanəndələr bunu bacarmırdılar. Deməli, həqiqətən də hər gülün öz ətri var.
FAİQ QİSMƏTOĞLU faiqqismetoglu@rambler.ru
Oxunub: 286
Özümüzə Qayıdaq
Cahan ara cahan içrədir arayı bilməzlər Ol mahilər ki, dərya içrədir dəryayı bilməzlər. Xəyali
Yuxarıdakı beyt 15-ci əsrdə Anadoluda dünyaya gözlərini açmış bir klassik şairimizindir və başa düşənlərə çox şey deyir.
   Azərbaycan və Türkiyə sadəcə olaraq Yaxın Şərqdə yerləşən və bir-birinə qonşu olan iki coğrafi məkan, iki ayrı dövlət deyil. Onlar bir-birinin ekiztay qardaşıdır, bir ürəyin iki bölməsidir, bir-birinin darda qalanda arxası, xoş günündə süfrəsinin başında oturan, ağlayanda ağlayanı, güləndə gülənidir.
   Bəli Azərbaycan, Qafqazda, Yaxın Şərqdə yerləşən, həddən artıq strateji önəmə malik bir coğrafi məkandır, bunu hamı bilir; ancaq Azərbaycanın Türk dünyasına tayı bərabəri olmayan insanlar yetirdiyini hamı bilmir. Onlardan biriylə tanış olaq.
   Şeyx Nəsrəddin Mahmud əl Xoyi, digər adıyla desək əxi əvran, Azərbaycanın 12-ci əsrdə Türk dünyasına bəxş etdiyi nəhəng bir şəxsiyyətdir.
   Azərbaycanın Xoy şəhərində dünyaya gələn və ilk təhsilini burada alan əxi əvran üz tutur Türkmən oylağı Xorasana və burada Fəxrəddin Razinin şagirdi olur, ilk təsəvvüf tərbiyəsini burdakı Yesəvi dərvişlərindən alır. Həccə gedir və bu səyahət əsnasında Şeyx əvhadud din Kirmani ilə tanış olur, onun müridinə çevrilir, sonra da qızı Fatma ilə ailə qurur. Abbasi Xəlifəsi Nəsir Lidinillah tərəfindən qaynatası ilə birgə Anadoluya yollanır. Kaysəri şəhərində bir dəbbağxana açır və burada həm işləyir həm də öz nəfsini tərbiyə edir. Bu əsnada əxi təşkilatını qurur və Anadolunun hər şəhərini, hər kəndini dolanıb əxiliyi yayır. Anadolu Səlcuqlu Sultanı I-ci ələddin Keyqubadın rəğbətini qazanır. Keyqubad, oğlu II-ci Qiyasəddin tərəfindən zəhər verilir və dünyasını dəyişir, əxi əvranın da bəxt ulduzu tənəzzülə başlayır. Xaqan II. Qiyasəddini aradan götürmək istəyən bir təşkilata üzv olduğu iddiasıyla tutulub zindana atılır, olmazın işgəncələr görür. Qiyasəddinin ölümüylə xaqan olan II. İzzəddin Keykavus tərəfindən həbsə salınan digər əxilərlə birlikdə azad edilir, Konyaya gedir və movləvilərlə ixtilafa düşür, çünkü əxilər dövlət içinə sızmış farslara qarşı mübarizə edir, qeyritürklərin dövlət sıralarında işləməsini istəmirdilər, yəni türkpərəst idilər. Monqolların Anadoluya gəlmələri və Anadolu Səlcuqlu dövlətinin tənəzzülü ilə başlayan mübarizədə əxilər Monqol işğalına qarşı amansız mübarizə yeritməyə başlayır. Başda əxi əvran olmaqla əxilər, Monqolların Qırşəhərə təyin etdiyi valiyə qarşı üsyan bayrağı açır, bura yollanan ordu bütün əxiləri qılıncdan keçirir, əxi əvran da onlar sırasında qətlə yetirilir.
   Əxi əvran, sadəcə olaraq bir əxi dərvişi deyil, o Azərbaycanın, münasibətiylə də Türklüyün başını uca eliyən bir ulu babamız, türkün iqtisadi tarixində özünə məxsus bir yol salan və şərəfli bir ad qazanmış marka şəxsiyyətimizdir.
   O vaxtlar hər bir iş yeri əxi təşkilatına bağlanmağa məcburdu. Hər bir iş yeri buraxdığı malın üstünə öz möhürünü basmalıydı. İş yerləri, bugünkü kimi qısa yoldan buruğu dönmək, cibini doldurmaq fikrinə düşə bilməzdi. Onlar xalqa keyfiyyətli mal istehsal etmək məcburiyyətində idi. Hər bir işdə ustalaşmaq o qədər də asan deyildi. Usta olmaq istəyən cavanlar tanınmış bir ustanın yanında illər boyu şagird işləməliydi. İşində bişən və püxtələşən gənclər "şəd" adlı qurşağı təntənəli bir mərasimlə əxi böyüklərindən ibarət şuradan almaq prosesindən sonra özlərinin iş yerini açar və ustalığa başlaya bilərdi. Hər ustanın buraxdığı mal onun bir növ diplomu idi və ustalaşmayan kəslərə usta adı verilməz, onun belinə mərasimlə "şəd" bağlanmazdı. İstənən keyfiyyətdə mal buraxmayan ustaya verilən ustalıq adı o saat ondan alınar və dükanı bağlanardı, artıq o usta üçün hər şey axıra çatmış, qazanc yolu bağlanmış olardı. Heç bir yerdə iş görə bilməyən, iş yeri aça bilməyən bu şəxslər dərviş libasını geyinər, tərki diyar olub hər getdikləri yerdə etdikləri səvhdən asılı öz qazanc qapılarını nə cür bağladıqlarını danışar, xalqı düz yola, düzlüyə çağırardılar. Bugün Türkiyə türkcəsində işlənən "pabucu dama atılmaq" deyimi də o vaxtdan qalmadır.
   O vaxtlar ayaqqabı ustalarından biri dükanında tələb olunan keyfiyyətdə mal buraxmır və istehsal etdiyi başmaq tez sıradan çıxıb cırılır. O şəxs ayaqqabısını aparıb əxi təşkilatına şikayət edir və əxilər həmin başmağı buraxan ustanı çağırtdırırlar, əxi məclisi qurulur, usta məhkəmə edilir və axırda qərar verilir: "Ustanın buraxdığı ayaqqabı, dükanının qapısının üstünə mismarlanmalı və dükanı bağlanmalıdır". Qərar yerinə yetirilir, ustanın belindəki qurşağı əlindən alınır, diplomu, yəni ustalıq adı buraxdığı saxta ayaqqabıyla birlikdə dükanının qapısının üstünə mismarlanır.
   Azərbaycanın yetirdiyi və Anadolu coğrafiyasında Türklüyə böyük xidməti toxunan, əxi adlı bir təşkilatı yaradan Şəyx Nəsrəddin Mahmud Xoyi hələ 15-16-cı əsrdə markalaşmağı Türk dünyasına ərməğan etmiş bir ulu babamızdır.
   Bugün türk dünyası təqribən 300 milyon insandan ibarətdir və Allaha şükür bu dünyanın hal hazırda yeddi müstəqil dövləti var. Gəlin görək bu yeddi dövlətdə dünya miqyasında neçə markamız varə! Almanlar, ingilislər, fransızlar, yaponlar əxi təşkilatının tarixini tədqiq etdilər və ondan çox şey öyrəndilər, öyrəndiklərini həyata keçirib müxtəlif adlı markalar yaratdılar, dünya miqyasında iqtisadi gücə malik oldular. Biz isə ulu babalarımızın yolunu buraxıb qızıl qiymətindəki dəyərlərimizə, tarixi mirasımıza, yaratdıqlarımıza dodaq büzdük. Yadın bir paraya dəyməz dəyərlərini baş tacı elədik, hələ də eləyirik, yadları yamsıladıq, hələ də yamsılayırıq. Nə yadlaşdıq, nə özümüzünküləşdik, hibrid bir varlığa döndük. Müasir elmdən və texnologiyadan aralandıq, ərəbin, farsın xurafat batdaqlığına quylandıq, dəbələndikcə dibə batdıq.
   Fransada "danonə" adlı qatıq firmasının sahibləri müflis olmaq ərəfəsində onu yad bir şirkətə satmaq istəyir. Fransız xalqı höküməti sıxma-boğmaya salır ki, "bizim yaratdığımız markanı özgələrə sata bilməzsiniz" və hökümət şirkətə dəstək olmağa məcbur qalır, ona lazımi dəstəyi verir, dirçəldir; "danonə" bugün dünya miqyasında bir markaya çevrilib. Elin oğlu bir qatıq markasına bu qədər dəyər verir, özününkünə sahip çıxır. Bəs biz?!
   Bizim də sahib çıxdığımız və yadlara vermədiklərimiz var. Fateh-Uzun Həsən, əmir Teymur-İldırım Bayəzid, Yavuz-Şah İsmail Xətayi arasındakı ixtilaflar bugün ayrı donda xortdayıb qarşımıza çıxmırmıə Ya da, bu ixtilafların hələ də davam etdiyini sübut etmək istəyən bizim dilimizdə danışan və bizdən olmayanları ifşa edirikmi?!
   Vallah dadaş diyəsən tarixdən lazımi dərsi götürməmişik..! Götürmüşüksə hələ dünən Sabir babamız niyə yana yana bu sözləri yazırdı?!
   
   Bir vəqt dəxi Ağqoyun, Qaraqoyun olduq
   Azərbaycana, həm də Anadoluya dolduq.
   Ol qədr qırdıq ki, bir-birimizdən
   Qırıldıqca yorulduq, yorulduqca qırıldıq...
   "Ey Türk titrə və özünə qayıt; sən özünə
   qayıdanda böyük olursan"
    Bilgə Xaqan
   
Seyfəddin Altaylı, Ankara altayli_s@yahoo.com
Oxunub: 262
ŞAİRLƏR KİMSƏSİZ OLUB, HƏMİŞƏ...
...Gülümağaya oynağandı dedik, ona görə demədik ki, sümüyünə düşdü-düşmədi hər dınqıltıya qollarını qaldırıb girsin meydana...
   
   ... Biz şair xalq deyilik, qafiyə tutanıq. Qafiyəni isə meyxanalarda, kef məclislərində tuturlar ki, içdikləri şərabın məzə müddəti uzansın. Əsl şairlər şeir yazmırlar, dünyanı dərk etməyə, anlamağa çalışırlar. Sadəcə onlar dərk etdiklərini, anladıqlarını başqalarına nisbətən daha qeyri-adi çatdırırlar ətrafdakılara...
   ... Mən bilmirəm şair, şeir sözlərinin mənası nədir və nə deməkdir. Ədəbiyyat nəzəriyyələrində oxumuşam, amma başa düşməmişəm. Ona görə də bu günə qədər dediklərini və yazdıqlarını heyrətlə dinlədiklərimi, oxuduqlarımı şair hesab etmirəm... Onlar hamının görmədiyini görən, hamının eşitmədiyini hiss edən, kəsəsi seçilən insanlardı, vəssalam...
   Və heç kim mənə sübut edə bilməz ki, şairlik edən kəslər bildiklərini bizə deməkdə haqlıydılar, yoxsa haqsız? Bəlkə o şeirlər heç yazılmamalıydı...
   Böyük şairlərin faciəli həyatı üzərinə qadağa qoyulmuş sirlərin açılmasına görə verilən cəza deyil ki?...
   ... Aqil Abbas yazır ki, şair xalq şair oğlullarını qoruya bilmədi. Bəlkə bu laqeydlik həmin şairlərin dediklərini xalq eşitmək istəmədiyindən irəli gəlir?...
   ... Amma hər şeyi də xalqın boynuna yıxmaq düz deyil, axı... Mirzə Fətəlini, Mirzə Cəlili, Mirzə Ələkbəri təkcə xalq qorumalıydımı?
   ... Məmməd Arazın heykəli haçan yonuldu ki, xalq çiyinlərini ona postament eləmədi...
   
   ... Salam köhnə dostlar, köhnə tanışlar,
   Məni qarşılayın, çıxın vağzala.
   Gəlirəm, payıma dəhnə tanışlar,
   Açın gözünüzü, baxın vağzala...
   
   Ədalət bağıran haqq şairləri,
   Bakı şairləri, xalq şairləri,
   Mənim titulum yox, mükafatım yox,
   Təltif cədvəlində, başda adım yox.
   Mənim şeirlərim daş lələyidi,
   Qatır dırnağıdı, quş lələyidi...
   
   Bağlayıb arxını, söküb bəndini,
   Atıb obasını, atıb kəndini,
   Şələsini tutan köçür Bakıya,
   Millət daban alıb qaçır Bakıya...
   Bezdim çadırlarda şair olmaqdan,
   Bezdim... və ilaxır, şair olmaqdan...
   
   Gəlirəm çiçəkdən, güldən yazmağa,
   Torpaqsız, bəxtəvər eldən yazmağa.
   Mənə bir ev tapın, "gecəqondu"da,
   Xoruz banlayanda, cücəqonduda...
   Qudurmuş dərdlərin kefin kim görüb,
   Çürümüş mayanın nəfin kim görüb?
   Mən kəndçi oğluyam, şəhər şairi,
   Buxovlu, cilovlu kəhər şairi...
   Dağılmış yuvanın çöpün kim görüb?...
   
   ... Bas görüm körüyü, dəmirçi qardaş,
   Od qoy ocağına, kömürçü qardaş,
   Ağır zindanlardan çıxan səs görüm.
   Nimdaş pencəyimin yaxası boşdu,
   Mənim də yaxama medal kəs, görüm...
   
   ... Məni qınamayın, köhnə dostlarım,
   Şəhər binaları daş qoruyandı,
   Yerə gələn dizlər baş qoruyandı...
   Gəlirəm, son haqqa şair olmağa,
   Gəlirəm, bu xalqa şair olmağa.
   
   ... Soruşan oldumu xalqdan ki, sənin adını layiq olmayanlar da daşıyacaq?... Koroğlunun əlinə saz verdilər, Şah İsmayılın əlinə qələm... Babalı xalqın boynuna... "Deyilən söz yadigardı"...
   ... Xalq adını daşıyanları sevdi. Xalq Üzeyiri, Bülbülü, Xanı, Seyidi sevdi. Xalq Şövkəti, Saranı, Zeynəbi sevdi... Və bir gün o sevdiklərinin cərgəsində onun adına yaraşmayanları gördü... Gördü və başladı ucuzların hesabına bahalıları da unutmağa...
   ... Bu gün Xudu Məmmədovun, Bəxtiyar Vahabzadənin, Məmməd Arazın doğum günlərini beş-üç yaxın qohumları, yaxın dostları qeyd edirsə, Aygünün, Namiqin, Gülağa Tənhanın "yaradıcılığı" televiziya kanallarında saatlarla göstərilirsə buna xalq neyləsin, Aqil müəllim?...
   ... Sabah bu toy tamadalarının, toy krallarının və toy kraliçalarının heykəlləri qoyulsa təəccüblənmərəm...
   ... Xalq bezib onun adını daşıyan xalq yazıçılarından, xalq şairlərindən, xalq artistlərindən... Bezib və yorulub...
   ... Hüseyn Cavidin "Sibir xeyir-duasını" verənlərin "əsər"lərindən "pəh-pəhlə" oğul-qızlarımıza söhbət açan palaz-palaz kitabları, monoqrafiyaları xalq yazmayıb ki, Aqil müəllim...
   ... Əzizim, Aqil Abbas! Sənin ("sən" deyə müraciət etdiyimə görə üzürlü hesab edin. Əvvəla "sizinən", "bizinən" danışmaqdan xoşum gəlmir, ikincisi də həmyaşıdıq -V.Ə) yazdığın "şair xalqın xalqsız şairləri" adlı yazı məni çox kədərləndirdi. Təəssüfünü, yandığını hiss edirəm. Gərək yazmayaydın. Niyə?... Çünki biz bir möcüzə millətik ki, sənin Məmməd Araz nisgilini kürəkən borcu kimi anlayacağıq. Bəlkə də, artıq anlamışıq...
   ... Amma Məmməd Araz kiməsə qaynata, kiməsə əmi, dayı, qohum mərtəbəsindən çox-çox yüksəkdədi...
   ... Əgər söz tarixdirsə, bu günə qədər yazıb-yaratmış beş-on dahimizin əsərləri bütün dünyaya bəs edər... Otuz il qılınc çalıb bir şeir də yazmasaq heç nə itirmərik... Qanarıq. Çünki şeirlə qazandığımızı qazanmışıq. Qılıncın yeri boşdu, hələ...
   ...Biz türküksə şair deyilik, şairiksə türk deyilik...
   
   P.S. Biz ad ölüsüyük... Bir kişi bir abbasıya it axtalıyırmış. Hər dəfə də əllərini iki abbasılıq sabunla yuyurmuş. Bir gün arvad deyir ki, a kişi, əziyyətin heç elə hər itdə bir abbası ziyanın olur, bu işin xeyiri nədi? Kişi cavab verir:
   - Sən bilmirsən arvad, camaat mənə axtaçı, sənə də axtaçı arvadı deyir...
Vahid ƏLİFOĞLU
Oxunub: 261
DONUZUN HƏSƏNQULUYA MƏKTUBU
Həsənqulu! And olsun sənin bütün inanmadıqlarına. Niyə sənin inanmadıqlarına and içirəm? Çün sənin inandıqlarına and içmək günahdı. Çün sənin inandıqlarına görə mən dünyanın ən murdar və ən haram məxluquyam. Amma donuz olsam da bir şeyi başa düşmürəm ki, əgər mən dünyanın ən murdar məxluquyamsa, niyə yaradılmışam?
   
   Əvvəla, deyim ki, dünyada mənim kimi yazıq, sakit və daha çox məhsuldar bir məxluq yoxdur. İnək balasını çığnıyır, eşitmisən bir donuz balasını çığnasın? İt yiyəsini tutur, amma hələ bir donuz yiyəsini tutmayıb. At yiyəsini belindən atır, hələ bir donuz yiyəsinin üzünə ağ olmayıb. Belə misallar nə qədər istəsən çəkə bilərəm.
   
   Hələ bir donuz atasını öldürməyib, anasını öldürməyib, bacısını-qardaşını öldürməyib. Hələ bir donuz başqa bir donuzun var-dövlətini tutub əlindən almayıb. Hələ bir donuz başqa bir donuzdan oğurluq eləməyib. Hələ bir donuz dövləti başqa bir donuz dövləti ilə müharibə eləməyib, başqa bir donuzun dövlətinin donuzlarını qırmayıb, balalarını əsir götürməyib, yurd-yuvalarını yandırmayıb, evlərindən-eşiklərindən qaçqın salmayıb. Eyy, nə qədər belə misallar çəkə bilərəm.
   
   İndi gör dünyanın ən murdar yaradılmışı mənəm, yoxsa yuxarıdakı əməlləri törədənlər?
   
   Darvin deyir ki, yeri-göyü yaradan əməyin hesabına meymunu insan edib. Yəni insan meymundan yaranıb. İndi sual eləyirəm, indi niyə meymun insana çevrilmir?
   
   Sənin bir dostun var ey, Aqil Abbas, bir povest yazırdı, yarımçıq qaldı. Adı bilirsən nə idi: "Allahın meymunlara yazığı gəldiyindən, sonradan onları insana çevirmədi".
   
   Həsənqulu! And olsun sənin inanmadıqlarına, biz donuzlar qripin nə olduğunu bilmirik. Bizə şər-böhtan atırlar, dünyanın ən yazıq məxluqu olduğumuza görə bu qripi bizim adımıza qoşublar. Bu qripi insanlara dovşan kimi baxıb üzərlərində təcrübə keçənlər yaradıblar və indi təcrübələrini həyata keçirirlər. İndi üstünüzdə təcrübə keçənlərə gücünüz çatmır, onlarla savaşa bilmirsiniz, düşmüsünüz biz yazıq donuzların üstünə.
   
   Əgər bu donuz qripidirsə, niyə mənim 24 balamdan biri qrip olmur, amma sizin bir-iki balanız var qrip olur.
   
   Əgər bu donuz qripidirsə, niyə mən, mənim qohum-əqrəbamdan biri ölmür, türklər ölür, ukraynalılar ölür, bir də ABŞ-dakı zəncilər.
   
   İndi görün bu xəstəliyi Afrikaya yaysalar, məndən də pis gündə yaşayan afrikalılar nələr çəkəcək?
   
   Həsənqulu! Əslində bu qripin adı "ABŞ qripi"di, mənim adıma çıxıblar. Siz məndən qorxmayın, ABŞ-dan qorxun. Başınıza nə bəlalar gəlsə donuz qripindən gəlməyəcək, "ABŞ qripi"ndən gələcək.
   
   "ABŞ qripi" təkcə İraqda 1 milyon 500 min nəfərin ölümünə səbəb olub. Hələ mən Əfqanıstanı demirəm, Koreyanı demirəm, Vyetnamı demirəm.
   
   Həsənqulu! Nahaq da məndən iyrənirsən. Bircə dəfə dadıma bax, məndən əl çəkməyəcəksən. Sizin atalar deyir ki, "yeməmisən qaz ətini, bilmirsən ləzzətini". Bizim atalar da deyir ki: "Yeməmisən donuz ətini, bilməyirsən ləzzətini". Həmişə öz atalarının sözünə qulaq asmısan, bir dəfə də bizim ataların sözünə qulaq as. Peşman olmazsan. İnanmırsan, donuz əti yeyənlərdən soruş. Sizə hər şeyi qadağan eləyənlər özləri hər əməldən çıxdıqları kimi, donuz əti haram olsa da yeyirlər. Sadəcə, adını dəyişib qoyurlar qaban. Guya filan deyil, babam eləyib. Qaban donuz deyil ki? Sənə bir sekret də açım? Restoranlarda mənə ceyran deyirlər. İnanmırsan, gir Bakıda lyuboy restorana, de ceyran kababı gətir, mənim kababımı gətirəcəklər. Gör məni nə qədər sevirlərsə restoranlarda adımı dəyişib ceyran qoyurlar.
   
   Eh, nə isə Həsənqulu, özünü donuz qripindən qoruma, bizdən sizlərə heç bir pislik gəlməz! Siz özünüzü "ABŞ qripi"ndən qoruyun. Bu sizə göndərilmiş ən böyük bəladı. Odur ey Türkiyə, bütünlüklə "ABŞ qripi"nə tutulub, kim "ABŞ qripi"nə tutulmayıbsa, onları da hökumət tutub.
   
   Hörmətlə;
   
   Moskva donuzçuluq
   
    fermasının Baş Donuzu
Aqil ABBAS aqilabbas@rambler.ru
Oxunub: 296