¹ 73 (431)
ƏFZƏLƏDDİN XAQANİ
Könüldən pərdəni, gəlin qaldıraq,
Yaxşılıq eyləyək dünyada ancaq.
Eşqə düşənləri toplayıb, barı,
Bir məclis düzəldən qələndərvarı.
Hümmət örtüyü də olsa dünya, din,
Ayağı altına ataq dilbərin.
Dəş-kəsək atsa da bizə dost əgər,
Təşəkkürlə ataq ona biz şəkər.
Gözlərdən üzərlik edərək, həmin
Önündə yandıraq ki, göz dəyməsin.
Atın tale kimi baş aparsa da,
Vəfadan bir kəmənd atarıq ona.
Ov ələ bu yolla keçsə çox gözəl,
Keçməsə atarıq başqa yola əl.
Biz nə vaxta qədər sözgəzdirənlər
Əlindən dad çəkək hər axşam-səhər.
Gəlin, dosta açaq bu dərdi, dostlar!
Edək böhtançılar ordusunu xar.
Xaqani canından mərdü mərdana
Bir töhfə göndərək böyük Xaqana.
**
Ey Xaqani, pis rəhbərdən ehtiyat et, qorx ondan!
Rəhbər əgər pis olarsa, yol düz olmaz heç zaman.
Bir nanəcib səndən ötrü iftixarla görsə iş,
Sənin fəxrin ara dönər, o iş verər min ziyan.
Nacins adam sənin yaxşı əməlini pis edər,
Sənin yaxşı sözlərinlə yaxşı olmaz o nadan.
Səni axır öz halına salar nacins adamlar,
Zər qurşunla oturarsa, rəngində tapar nöqsan.
Əgər qızıl civə ilə ağarırsa, Xaqani!
Od içində salınanda olur necə, gör, əlvan.
ANASI HAQQINDA
Ey Xaqani, bu dünyada hər zaman,
Anan vermiş zəhmətilə sənə can.
Su və çörək qıt olsa da atmadın,
Yurdun oldu bu əzablı, dar Şirvan.
Heç bir kəsə sən olmadın tüfeyli,
Kömək aldın Allahdan və anandan.
Sən oturdun, kölgə kimi, ananın
Cəhrəsinin kölgəsində anbaan.
Ey ağ qartal! Nə vaxtadək olacaq
Ana yanı vücuduna aşiyan?
Nə vaxadək göyrəçin tək ağzıyla
Sənə ruzi verəcəkdir öz anan?
Nə vaxtadək, İsa kimi, atasın, -
Ana ilə tanısınlar səni? Qan!
Bir dəfə də Xızr kimi yola çıx,
Bəsdir oldun ananla həmxanıman!
Sən qiymətli bir dürrsən, nədəndir
Oldun ana astanasında pünhan?
Sən ağıllı övladsansa gilə gəl,
Ana kimi özünü danla bir an.
Hər nə etsən, ana haqqın unutma
Anan edib sənə canını qurban.
Bu ananın xatirinə, düşməndən
Gələn dərdə dözsün gərək hər insan.
Qorx o gündən ki, səni də tək qoyub,
Əbədilik anan köçər dünyadan.
***
Bilirəm, nə üçün qəlbimin Qanı
Axıb, dırnağımı eylədi al qan.
Dərdim azalmadı dırnaq qədər də,
Qəlbimin kədəri artdı anbaan.
Qəlb o qaniçənin oldu torpağı,
Soldu gözəlliyi, soldu novrağı;
Bir ov tək sərgərdən gəzirsə dağı.
Torpağı yaxşıdır onun qanından.
Ürəyim o hüsnə uyandan bəri,
Sitəmdən, cəfadan qandır hər yeri.
Qəlbimi incitdi o gözəl pəri,
Əfsun eyləmişdir mənə o canan.
Anlamışam onun fikrini bütün,
Oyunda hər zaman o gəldi üstün.
Təzə bir qəm verdi dilbərim hər gün.
Onu görməyəndə qəlb oldu nalan.
Xaqani, gecələr rəqiblədir yar,
Onunla bir yerdə görünür əğyar;
Deyirlər harda ki, bir xəzinə var,
Üstündə qıvrılmış bir əfi ilan.
***
Canım nə qədər var, mənə canan sən olarsan,
Candan da əziz olsa bir insan, sən olarsan.
Sən indiyədək qəlbim üçün qəlb idin, ey yar,
Bundan sonra da canım üçün can sən olarsan.
Hər yarəm əgər olsa, onun məlhəmi sənsən,
Hər dərdim olarsa, ona dərman sən olarsan.
Könlün necə istərsə, elə ver mənə fərman,
Ömrüm nə qədər var, mənə soltan sən olarsan.
Eylərsən əgər şərhini iman ilə küfrün,
Baş hərflə sərlövhəyi-divan sən olarsan.
Bundan belə aldatma məni küfrlə, dinlə!
Xaqaniyə həm küfr, həm iman sən olarsan.
Xaqani nədir? Gəlsən əgər, ey gözü şəhla!
Əlbəttə ki, Xaqaniyə xaqan sən olarsan.
***
Bilməzdim ki, başıma bəla imiş məhəbbət,
Bu cahanda tək mənə qarşı bəslər ədavət.
Bir dəstə gül göründü gözlərimə uzaqdan,
Yaxınlaşıb nə gördüm? - Yanar odmuş o afət.
Gümüş tək çıxdı əldən səlamətlik, neyləyim?
Daş altından əlini çıxarmadı fərasət.
Səbr qaçıb qurtardı məhəbbət meydanından,
Gördü hərif güclüdür, özündə yox mətanət.
Dörd barmaq yol ayırır, məhəbbətlə cəfanı,
Yüz ağacdır vəfadan əhdə qədər məsafət.
Könül qaldı geridə vüsalın karvanından,
Çünki mənzil uzaqdır, at - axsaq, yo - narahat.
Xaqaninin naləsi ötüb keçdi fələkdən,
Hər addımda eşq ona göstərdi min fəlakət.
***
Baxışınla gəl bizə sən könüldən bir xəbər göndər!
Bizim bu can bahasına dodağından şəkər göndər!
Mən bir sadə qulunuzam, dünya bundan xəbər tutmuş,
Zülfündən bir tel ayırıb, qulamına kəmər göndər.
Danışmağa bəhanə et, açılsın al dodaqların,
İki dünya almaq üçün lütf elə, bir köhər göndər.
And olsun o gözlərinə, candan əsər qalmadı heç,
O can verən nəsimindən bizə sən bir əsər göndər.
De, bu hicran davasında kaman çəkib, kim ox atdı,
Bu döyüşə girmək üçünlütf edib bir kəhər göndər.
Gəl, bu odlu qəlbimizi yaxma cəfa atəşində,
Öz vəfandan dərman düzəlt, bizə də bir qədər göndər.
Vurğunundur bu Xaqani, ürəyini verdi sənə,
Əgər qəbul edirsənsə, bizə bir şad xəbər göndər.