Milli seminar keçiriləcək
Bakının 2009-cu ildə islam mədəniyyətinin paytaxtı elan olunması ilə bağlı keçirilən tədbirlər çərçivəsində sentyabrın 15-17-də "Azərbaycan Respublikasında mədəni irs sahəsində çalışan mütəxəssislərin peşə səviyyəsinin artırılması" adlı milli seminarın keçirilməsi nəzərdə tutulur.
Bu barədə APA-ya Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi ilə İSESCO-nun Tehrandakı regional ofisi tərəfindən təşkil olunan seminarın məqsədi mədəni irs sahəsində fəaliyyət göstərən ekspertlərin peşə səviyyəsinin artırılmasıdır. Seminarı Qobustan milli tarix-bədii və qala dövlət tarix-etnoqrafiya qoruqlarının müdirləri Məlahət Fərəcova və Fikrət Abdullayev aparacaq. İSESCO-nun Tehrandakı regional ofisinin rəhbəri Abbas Sədri də seminarda iştirak edəcək. Tədbirin açılış mərasimi sentyabrın 15-də "Şirvanşahlar Sarayı Kompleksi" dövlət tarixi-memarlıq qoruq-muzeyində keçiriləcək.