
Tofiq Qarayev. Sehrli aktyor. Sehrkar sənətkar. Onu tanıyanlar tanımayanlar qədərdir. Onu tanımayanlar çox şey itirib. Paradoksa bax: onu tanıyanlar da itirib. O, hamının itiyidir. Adamlar itiyindən xəbərsizdir. Ona görə Tofiq Qarayev ölür-dirilir. İndi sağdır, amma diri deyil. Səsini eşidirsiz? Danışır, şeir deyir. Səsi ilə vicudları titrədir. Adamlar titrəyirsə, ayılır demək. Adamlar ayılırsa, görür demək. Görəcəklər, itirdiklərini tanıyıb, tapacaqlar. Və bu itginin nə qədər qiymətli olduğunu biləcəklər. Daha onu heç vaxt itirməyəcəklər.
Ehey.. qabaqdakılar, Tofiq Qarayev aramızdadır.
- Sizdən çoxdandır xəbər-ətər yoxdur. Heç bilmirəm söhbətə hardan başlayım. Bəlkə elə sualsız-filansız söhbətə birinci siz başlayasız...
- Məndən heç vaxt xəbər-ətər olmayıb. Gah ölmüşəm, gah dirilmişəm. Elə müsahibəni də "Dirilən adam", yaxud, "Ölümünü görmüş adam" rubrikası altında təqdim etsəz əla olar. 1990-cı ildə yanvar hadisələrində Bakıda idim. Bir dəfə onda ölmüşəm. Xalq Cəbhəsinin sədri Eldar Bağırov dostlarıyla Bakıya gəlmişdi, ona demişdilər ki, Tofiq Qarayev ölüb. Mənim qolumda əsgərlikdən yadigar qalan nakolka var. Eldar əmin idi ki, həmin nakolkadan meyidi tanıyacaq. İkinci dəfə 1994-ün yanvarında - Ağdamın Cəvahirli kəndində, 190 nömrəli hərbi hissədə minamyot yağışına düşdük. Batalyona xəbər yayıldı ki, Qarayev 9-10 əsgərlə ölüb. 40-45 dəqiqədən sonra adları batmış ermənilər bizə bir balaca hörmət elədilər. Gördülər ki, ölməmişik bizə qayıtmağa şərait yaratdılar, seyrəldilər, üst-başımız toz-torpaqlı geri qayıtdıq. Üçüncü dəfə isə 1996-cı ilin martında öldüm. 25-dən 26-na keçən gecə...
- "İndiyə qədər üç Mixaylo asmısız, dördünü güllələmisiz. Amma hələ də Mixaylo sağdı". Bilmək istəyirəm üç dəfə ölən Tofiq Qarayev hazırda sağdırmı?
- Bilmirəm bu xalqa necə sübut edim ki, Tofiq Qarayev sağdı və Tofiq Qarayev onun boynuna biçilmiş əsərlə nə vaxtsa çıxacaq bu camaatın qarışısına. Mədəniyyət Nazirliyindən, Teatr Xadimləri İttifaqından, teatıra məsul olan hər bir şəxsdən arzuladığım odur ki, mənim yemimi versinlər. Mən mannıya öyrəşmiş adam deyiləm. 1983-cü ildə Respublikanın əməkdar artisti adını almışam. Həmişə soruşurlar: "Hansı rolu oynamısan?" Obrazlarımın adını saymağı xoşlamıram. Sadəcə, belə deyirəm: ağlatmışam, güldürmüşəm, düşündürmüşəm...
- Aktyorsuz da...
- Yaxşı "qonşikəm", amma maşınım yoxdu.
- Hardan bilək ki, aktyorsuz?
- Sadəcə, tamaşa oynamaq, şeir demək lazımdır. Aktyorluq elə bir sənətdir ki, arenanı sevir. Biz isə darısqal bir otaqda oturmuşuq. Əlbəttə belə şəraitdə aktyor olduğumu sübut edə bilmərəm. Mənə meydan lazımdır.
- Və qışqırırsız: mənə meydan verin.
- Nə olsun... Eşidən yoxdu. Çünki mən meydanı aktyorluq etmək üçün istəyirəm, meymunluq etmək üçün yox.
- Axı sizə meydan vermişdilər... Ağdam Dram Teatrında xeyli möhtəşəm rollar oynamısız. Sonra Bakıya dəvət olunmusuz....
- Dəvət etdilər, gəldim. Həsənağa Turabovla dolana bilmədim. Turabovun yanına getdim, dedi ki, sənin bura gəlməyindən xəbərim yoxdu. Dedim necə yənı, sən Dram Teatırın bədii rəhbərisən, SSRİ-nin xalq deputatısan, sənin xəbərin yoxdu ki, mən Şıxəli Qurbanovun "Sənsiz" tamaşasında oynamağa gəlmişəm, iki ay yarımdı məşq edirəm. Cavab belə oldu: "xəbərim yoxdur". Neyləməliydim, yalvarmalıydım?
- Bizdə bu barədə fərqli məlumat var. Deyirlər, məsuliyyətsizliyiniz teatırla aranızda uçuruma səbəb olub. Onlar məsuliyyətsizlik deyəndə nəyi nəzərdə tuturlar?
- Adamlar mənim zəif cəhətimi bilir. Bilirlər ki, içən Adamam. Hazırda arağı tullamışam. Bu isə məsuliyyətsizlik deyil. Qarayev məsuliyyətsiz olsaydı, 12-13 il ərzində Respublikanın əməkdar artisti adını ala bilməzdi. Diqqətsizlik, soyuqluq məni içməyə sövq edir. 7 il 4 ay dilimə araq dəymədi. Nə oldu? Mədəniyyət nazirinin müavini ilə söhbət edəndə dedim ki, 7 ildir içmirəm, amma yenə eyni münasibət göstərirsiniz. İçəndə də, içməyəndə də eyni vəziyyət? Bunlardan maşın istəmirəm, ev istəmirəm. Kimdən kömək diləyəcəyimi yaxşı bilirəm. İnanıram ki, o ünvandan "yox" sözü ilə qayıtmaram. Çünki o şəxsin təbiətinə də, qeyrətinə də, savadına da bələdəm.
- Bilmək olar söhbət kimdən gedir?
- Ölkəmizin birinci xanımı Mehriban xanım Əliyevadan. Bu qeyrətli qadına inamım çox böyükdür. 14 ildir kirayələrdə çürüyürəm. Teatrdan aldığım maaşı kirayələrə verirdim...
- Neçə yaşınız var?
- 57. Düşünəndə ki, meyidim öz evimdən yox, başqasının daxmasından çıxacaq, dəhşətə gəlirəm. Kirayə qaldığım evin sahibi deycək ki, götürün meyidinizi çıxın, gözünüzün şorbasını axıtmayın, mən oğlumu, qızımı evləndirməmişəm...Ev yiyəsi haqlıdır. Onun üçün Tofiq Qarayev kimdi axı. Ömrü boyu özümə qəsd eləmişəm. Heç kimə gücüm çatmayıb. Mənim vəzifəli adamlara, nazirlərə gücüm çatardı? Gənc Tamaşaçılar Teatrında neçə il işlədim, obrazımı vermədilər...
- Obrazınız hansıdır?
- Vaqifdi, Kral Lirdi, Otellodu, Maqbetdi, Riçarddı. Niyə Axundovun, Vəzirovun, Səməd Vurğunun, Cabbarlının əsərlərində oynamayım?.. Niyə Oqtay Eloğlu olmayım?.. Hansı ki, rəhmətlik Cəfər Cabbarlı onu məhz mənim üçün yazıb.
- Niyə böyük rollara can atırsız? Epizodik rollarla da məşhur olmaq olar.
- Epizodik rolların ifaçıları belə obrazları yaratmaq üçün doğulub. Mən epizodik rollar üçün doğulmamışam. Pərəstiş elədiyim iki sənətkar- Yusif Vəliyev və Səməndər Rzayev də sənətdə yerini tuta bilmədilər. Hər ikisi ilə dost olmuşam.
- Demək istəyirsiz, böyük aktyorlara qarşı münasibət həmişə pis olub?
- Özümü böyük aktyor saymıram. Həmişə özümü Səməndərin, Yusifin tələbəsi hesab etmişəm. İnsan ləkə götürər, amma sənət götürməz. İstənilən vaxt yüz min nəfərlik stadionda camaatı 3 saat saxlaya bilərəm. Əgər saxlaya bilməsəm, Allah məni zəlil eləsin. Daha Rəfael, Coşqun kimi yox ey... Hə yati şeylərlə, çıxışlarla, rollarla. Mən onları yeri gələndə güldürəcəm də, ağladacam da, düşündürəcəm də. Boş yerə deyilməyib ki, incəsənət qurban tələb edir. Hər şeyimi incəsənətə qurban vermişəm. Evim yoxdu, ailəm yoxdu. Bir canım qalıb, bir də sənətim. Mən sənətə olan məhəbbətimi tamadalıqda öldürdüm. Bir də görürsən toyda tamaşa göstərirəm. Amma zaldakıların bundan xəbəri olmur. Amma burada da mütamadilik olmalıdır. Tamada sözü elə "mütəmadi" sözündən götürülüb. Gözümün qurdunu tamadalıqda öldürürdüm.
- Yeni nəslin təmsilçiləri sayılan aktyorlara münasibətiniz necədir?
- Bəzi şeylər həddini aşıb. Kişi nə qədər səhnədə qadın paltarı geyər?.. Quranda yazılıb ki, qadın kişi qiyafəsinə girməsi qiyamətin əlamətlərindəndir. Bəlkə biz dünyanı sona çatdırmağa çalışırıq... Mən heç vaxt belə adamlara qoşula bilmərəm. İstəyirəm dünya həmişə yaşasın.
- Hətta siz səhnəsiz qalsaz belə?..
- Mənim səhnəsiz qalma- ğımda hamının günahı yoxdu ki. Bir-iki nəfərə görə başqaları niyə əziyyət çəkməlidir?..
- Əgər dünyanın axırına çalışanlar çoxdursa, sizin kimilər neyniyə bilər?
- Eybi yox, hələ kənardan müşahidə edirəm. Gün o gün olacaq mənim də qapım açılacaq, küçəmdə bayram olacaq. İnşallah, o gözəl insanın qəbuluna düşəndən sonra yüz yox ey, beş yüz faiz qapım açılacaq. Mən də kiçik daxma ilə təmin olunacam.
- Elə bildim deyəcəksiz ki, rolla təmin olunacam.
- Biz əvvəl roldan danışdıq, sonra daxmaya gəldik.
- Onda dəqiqləşdirək: sizin üçün rolla təmin olunmaq vacibdir, daxmayla?
- Daxmayla.
- Axı siz aktyorsuz.
- Aktyoram. Oynamadığım obrazı canımda gəzdirəcəm.
- Amma aktyor birinci rol istəməli idi.
- Bəs aktyor harda yaşamalıdır. Evi olmayan insan aktyor kimi qəbul edilmir, bizim cəmiyyətdə. Məgər siz bunları bilmirsiniz. Əgər mən yaxşı rollar oynayıb, özümü təsdiq etsəm, yəqin evim olacaq. Hazırda səhnədə olan elə bir aktyor yoxdur ki, evi olmasın.
- Səhnəyə qayıda bilmirsiz. Başqa sənətlə məşqul ola bilməzsiz.
- Bütün Ağdam camaatı bilir ki, usta Sərdarın şəyirdi olmuşam. Yaxşı "QAZ-21", "Moskviç" yığıram...
- İndi nə "QAZ-21", nə də "Moskviç" var. Təsəvvür edin, sizə səhnədə də yer vermirlər, təmir etməyə "Moskviç" də yoxdur...
- Gəlin səhnəni yeməklə müqaisə edək. Səkkiz tikə antrikota öyrəşmişəm, mənə bir boşqab mannı verirlər. O mannının içində heç yağı da yoxdur, heç olmasa o yağdan ləzzət alaq.
- Cəmi bir obraz seçməli olsaz, hansını götürərsiz.
- Oqtay Eloğlunu. Ən çox arzuladığım obrazlardan biri də Şeksprin Otellosudu. Yaqonu da oynamaq istəyirəm.
- Əminsiniz ki, Oqtay Eloğlu bu gün dilənçi üçün çörək saxlayar?
- Oqtay Eloğlular çoxdur bu məmləkətdə. Başqasını düşünənlər olmasa, dünya çoxdan dağılar. Dünya yaxşı adamların çiynində durub.
- Yaxşı adamlardan hər hansı kömək görürsüz?
- Bəli. Allah dostların canını sağ eləsin. Onlar olmasa, acından ölərəm. Quranda yazaılıb ki, ey, bəni- adəm övladı mən həddindən çox istədiyim bəndəmə əzab verirəm. Allahın əzabına qurban olum. Mənə ləzzət edir onun əzabı.
- Səhnəyə qayıtsaz, əzabdan qurtaracaqsız. Bəs əzabın ləzzəti necə olacaq?
- Əzabdan müvəqqəti qurtara-cam. Əzab mənimlə əkizdi. 14 ildir ailəsizəm. Kişiyə yaşlananda ailə, qulluq lazımdı. Elə bilirsiz ki, tək obraz oynamaqla mənim yaram sağalar?
- Ailəli olmusuz?
- İki qızım var. Yoldaşım Musiqili Komediya Teatrında işləyir, respublikanın xalq artistidi.
- Ən çox hansı obrazınıza alqış almısız?
- Çingiz Aytmatovun "Qırmızı yaylıqlı qovağım mənim" əsərində. İlyas obrazını oynayırdım. Həmin tamaşadakı alqış səsləri qulaqlarımdan getmir. Mehdi Məmmədov, Adil İsgəndərov, Şəmsi Bədəlbəyli hamısı zalda idi. Tamaşada oğlumla görüş səhnəsindən sonra göz yaşları içərisində monoloqumu dedim. Oturdum pilləkənin üçüncü pilləsində, düz tamaşaçıların yanında. Siqareti damağıma qoydum. Zaldan yüz yerdən alışqan gətirdilər ki, siqaretimi yandırsınlar. And olsun Allaha, Mehdi müəllim qalxdı ayağa. Səsindən tanıdım onu, dedi əhsən, bravo, Tofiq. Bütün zal əl çaldı.
- Riqqətə gətirdiyiniz tamaşçılar sizi axtarmırlar...
- Onların özlərinin problemləri başlarından aşır. Dedim axı məni dostlarım saxlayır. Çoxlu naxçıvanlı, ağdamlı, sabirabadlı, salyanlı, şuşalı dostlarım var.
- Rəmiş də, Qədir də eyni sözləri deyib: "Məni dostlarım saxlayır".
- Çünki biz üçümüz də eyni adamıq.
- Sizin üçünüzdən əla ssenari yazmaq olar.
- Yaxşı tutmusuz. Ağdamda cavan bir komandir vardı. Hamı ona hörmət edirdi. Adı Cəfər idi. O bizim üçümüzü bir səhnədə birləşdirən yeganə adam idi. Mən şeir deyirdim, Rəmiş gitarada ifa edirdi, Qədir oxuyurdu. Onlar dahidirlər. Mən bilmirəm, niyə bizdə sağ adamlara dahi demirlər? Bizdə inək öləndən sonra deyirlər ki, ay Allah, bu inək yaman südlü idi. Daxilimdə ikinci mən var. Vaxt tapıb həmin o ikinci mənlə danışıram. İkinci Tofiq həmişə birincini məzəmmət edir. Birinci Tofiq Alkaşlar Partiyasının üzvü olub, ikinci Tofiq isə həmişə özü-özünə nəzarət edir. Mən televiziyadan, qəzetdən uzaq olmuşam. Reklamı sevməmişəm, televiziyaya çıxmışam xəstələnmişəm, qəzetə müsahibə vermişəm xəstələnmişəm. Mənim də düşdüyüm ziyan elə bu olur da... Milyonluq ziyana düşməyəcəm ki... Uzaq başı 100 manatlıq ziyanda olacam.
- Ziyandan danışmayaq. Oxuculara bir xeyriniz dəysin. Danışırsız, səsinizin seyrinə düşmüşəm. Bu səsi oxuculara eşitdirməmək insafsızlıq olar. Bir şeir deyin, oxucular necə səs sahibi olduğunuzu duysun.
- Qəribədir. Oxucular qəzetdən səsimi necə eşidəcəklər?
- Bizim oxucular qeyri-adidir. Oxuduqlarını eşidirlər.
- Nə bilim vallah. Siz ki, məni belə danışdırdız, oxuculara eşitdirə də bilərsiz. Deyim də:
Canım Vətən, axır qaldın yada,
Ayə, görən dağlar saxlayırmı sədamı?
Görmüşük ki, dərd ağladar adamı
Dərdə bax ki, mənim dərdim ağlayır.
Çiçək gedir, gül gedir, oba gedir, el gedir,
Bu tərəfdə öz gözümdən sel gedir.
O tərəfdə obam, yurdum, ağlayır.
Sücaət ürəyim bir qırılan sim,
Söylə, mənim bu halıma kim ağlayar, kim?
Nəfəsim tərk edib dözə bilmədim,
Yatdım yuxumda da gördüm ağlayır.