HƏR ƏZİZİN OĞLUNDAN
ƏZİZ XATİRƏ QALMIR...

1979-cu ilin iyul ayında Azərbaycan Kommunist partiyası Mərkəzi Komitəsi Katibliyinin iclasında məni aparatın Mədəniyyət şöbəsinə təlimatçı təsdiq etdilər. Bu qaynar və olduqca məsuliyyətli mühit mənim üçün təzə və son dərəcə maraqlı idi. Yavaş-yavaş xidməti vəzifələrimlə, iş yoldaşlarımla tanış olmağa başlamışdım. Bizim müdir Vəfa Quluzadə ziyalı ailəsində yetişmişdi. Ədəbi prosesləri, incəsənət aləmini yaxından izlədiyindən, mövcud problemlərə yaxşı bələd idi. Odur ki, şöbənin əməkdaşlarını düzgün istiqamətləndirməyi, hər kəsin qarşısına mücərrəd deyil, həll edə biləcəyi konkret vəzifələr qoymağı bacarırdı. O da bu vəzifəyə yeni təyin olunmuşdu. Keçmiş müdir Azad Şərifov Dövlət Kino Komitəsinə sədr təyin olunmuşdu. Şöbədə cəmi altı nəfər idik. Ağsaqqalımız da sektor müdiri Xeyrulla Əliyev idi. Ədəbiyyat aləmində kimin nə müşkül sualı olsa ona müraciət edərdi. "Canlı ensiklopediya" olan Xeyrulla müəllim hamının köməyinə çatardı. O dövrdə mərkəzi aparatda sağlam mənəvi iqlim şəraiti hökm sürürdü. İşçilər arasında rəsmiyyətlə səmimiyyət əkiz idi. Nizam-intizam, kargüzarlıq, iş rejimi elə dəqiq qurulmuşdu ki, proseslərin içində olmayanlar bunları dəyərləndirə bilməz. Bizi, növbə ilə Büro iclaslarına çağırardılar. Belə yüksək məclisdə iştirak etmək bizim hər birimiz üçün Heydər Əliyevdən ustad dərsləri almaq deməkdi. Hər məsələnin hazırlığı, müzakirəsi, çıxışlar, çıxarılan qərarlar böyük əməyin, zəhmətin sayəsində ərsəyə gəlirdi. Əslində bütün bunlar 1969-cu ildən başlayaraq, son on ildə mahiyyətcə yeniləşən, təkmilləşən Azərbaycan partiya təşkilatının yeni siması idi. Hazırlıq səviyyəsi, partiya prinsipiallığı, təşkilatçılıq qabiliyyəti ilə seçilən şöbə müdirləri, işə yaradıcı münasibəti, şəxsi məsuliyyəti ilə fərqlənən yeni kadrlar hesabına formalaşan Heydər Əliyevçi mərkəzi aparatın on ildə sınaqdan çıxan özünəməxsus iş üslubu formalaşmışdı. 7-ci mərtəbədə keçirilən iclaslarda şöbə müdirləri, nazirlər, şəhər və rayon partiya komitələrinin birinci katibləri hesabatla çıxış edərdilər. Bu iclaslardan bəzi qeydlərim indi də dəftərimdə qalır. Heydər Əliyevin ədalət tərəzisinin gözündə qayğıkeşliklə tələbkarlıq çəkidə eyni gələrdi. O, böyüklü-kiçikli heç bir məmura imkan verməzdi ki, oturduğu vəzifədə ərköyünləşsin, keçmiş xidmətlərinin arxasında pərdələnib insanlar arasında narazılıq yaratsın. Özündən müşdəbehlərin, qəlbinin gizlin guşələrində yavaş-yavaş bəylik, xanlıq, paşalıq ehtirası oyananların alovunu bir kəskin baxışı ilə söndürərdi. Sözünün kəsəri, səsinin ahəngi ilə yolunu azmış silahdaşların hikkəsini, qürrəsini elə əridərdi ki, yalançı xəlifələrin qüssəsini hər kəs eşidib-bilib ibrət dərsi alardı. Əslində aşkarlıq dövrü Azərbaycana elə o zaman gəlmişdi və proses illər boyu davam edirdi. Əli, niyyəti, zəhməti təmiz olan partiya işçiləri sözü və əməli bir olan Liderlərinin rəhbər kadrların professional hazırlığı ilə yanaşı, mənəvi saflığına bu qədər önəm verildiyini görəndə daha da ruhlanırdılar. Gənc kadrları təkcə iş qabiliyyəti görə deyil, insani keyfiyyətlərinə, hər şeydən öncə adamlarla işləmək bacarığına görə də irəli çəkərdilər. Bu qabiliyyətinə itirən rəhbərlərlə vaxt itirmədən vidalaşırdılar. Söz qananın, cızığından çıxmayanın, əqidəsini itirməyənin, mövqeyini dəyişməyənin kiçik xətaları, səhvləri bağışlanardı. Tənbehini, xəbərdarlığını edib, etimadı yenidən doğrultmaq üçün bir imkan da yaradılardı. Çünki idarəçilikdə rəhbər kadr yetişdirmək bir ilin, beş ilin işi deyildi. Heydər Əliyevin yaratdığı bu iş üslubunu sahə katibləri, şöbə müdirləri, şəhər, rayon partiya komitələrinin katibləri, nazirlər əldə rəhbər tutub yerlərdə eyni xətti davam etdirərdilər. Mikayıl Əziz oğlu Nəzərov da 1969-cu ildən başlayaraq onun məktəbini keçən partiya işçilərindən biri idi. Yetmişinci illərin əvvəllərindən Mərkəzi Komitədə ticarət, plan maliyyə şöbəsinə rəhbərlik edərdi. Bizim iş otaqlarımız inzibati binanın altıncı mərtəbəsində qarşı-qarşıya olduğundan tez-tez rastlaşardıq. İşə başladığım ilk gün məni təbrik eləməsi də onun yüksək alicənablığının göstəricisi kimi yadımda qalıb. Mədəniyyət şöbəsinin təlimatçısı, keçmiş komsomol rəhbərim Alxas Əliyev məni şöbənin iş planı ilə tanış edirdi. İçəri bir nəfər daxil oldu. Hər ikimiz ayağa qalxdıq. Gələn Mikayıl müəllim idi.
- Alxas, salam, - deyib, əvvəlcə ondan hal-əhval tutdu. Gülümsər baxışlarını mənə zilləyib əlimi sıxdı:
-Təbrik edirəm. Bu otaq bir ildən çoxdur ki, boş qalmışdı. Hərdən zarafatla Azada (mədəniyyət şöbəsinin müdiri Azad Şərifovu nəzərdə tuturdu-E.B.) deyirdim ki, otaq lazımınız deyilsə, verin bizə. Axır ki, yiyəsi tapıldı. Uğurlar arzulayıram. Alxasla komsomolda bir yerdə işləmisiz?
-Bəli, Mikayıl Əzizoviç.
-Alxas yaxşı işçidir, həm də yaxşı oğlandır. Mən onun xətrini çox istəyirəm. Bir işin, sözün, məsləhətin olsa, hər zaman müraciət edə bilərsən.
1933-cü ildə Gəncə torpağında Əziz kişinin ailəsində dünyaya gələn bu insanın xəmiri elə bil sadəlik, mehri-banlıq, səmimiyyət unu ilə yoğurulmuşdu. Bilik, savad oxumaqla əldə edilir. Amma, mərifət, qanacaq, qabiliyyət kimi əxlaqi keyfiyyətlər, görünür həqiqətən insanın qanında olmalıdır. Atalar demiş, quyuya su tökməklə su olmaz. Rəhbərlik elədiyi mürəkkəb sahələr o illərdə ən problemli istiqamət idi. Əsəbiləşməyə gündə min cür səbəb olsa da hirsini bəzilərindən fərqli olaraq işçilərinin, tabeçiliyində olan digər vəzifə sahiblərinin üzərinə tökməzdi. Qəbahətə görə məzəmmət edəndə də kiminsə heysiyyətinə toxunmağa yox, məsuliyyətini artırmağa çalışardı. Ovuc-ovuc dərman içib hirsini içində gömərdi ki, başqalarının başında çatlatmasın. Bu keyfiyyətlərinə görə şöbənin işçiləri Namiq Məmmədzadə, Pərviz Quluzadə, Rauf Manafov, Boris Oleksinko və başqaları onun bir insan kimi xətir-hörmətini saxlayırdılar, rəhbər kimi nüfuzunu hər addımda gözləyirdilər. Mikayıl müəllim "yaxşıdır, işimə yarayır", deyib, kadrları yanında çürütmürdü. Fürsət düşəndə hər birinin irəli çəkilməsinə təşəbbüs göstərirdi. Yadımdadır, 1979-cu ilin avqustunda Namiq Məmmədzadə Ticarət nazirinin birinci müavini təyin olundu. Şöbədə püxtələşən Pərviz Quluzadə, Rauf Manafov, Boris Oleksinko da bir müddət sonra yüksək vəzifələr tutdular.
1981-ci ildə mən də Bakı şəhər partiya komitəsinin təbliğat-təşviqat şöbəsinə müdir təyin olundum. Səhv etmirəmsə səksəninci illərin ortalarında Mikayıl müəllim artıq Nazirlər Kabinetinin İşlər müdiri təyin olunmuşdu. Aramızdakı səmimi münasibətlərimiz sonralar da necə vardısa, eləcə də qaldı.
* * *
Bugün onun vəfatından 40 gün ötür. Qohumları, dostları, iş yoldaşları onu yad etmək üçün bir araya gələcək. Haqqında deyilən hər söz, danışılan hər xatirə bu insanın bundan sonra yaddaşlarda həkk olacaq obrazını bir qədər də tamamlayacaq. İstərdim ki, mənim sözlərim də o tabloya əlavə olsun.O illərdə Mikayıl müəllimin müxtəlif yüksək vəzifə səlahiyyətlərinin güçü nə qədər böyük olsa da, şəxsi iştahı heç vaxt əxlaq çərçivəsini aşmayıb, o, vicdanını tamahına qul etməyib. Tabeçiliyində olanların nəfəsini öz nəfsi ilə kəsən rəh-bərlər-dən olmayıb. Siyasi işlərdə çalışıb, amma siyasi oyunbazlığa yol verməyib, peşəkar kimi öz vəzifəsini icra edib, vəssəlam. Bir insan ömründə insanı dəyərləri özündə qoruyub saxlamağın özü də bizim zəmanədə böyük hünərdir.
Hər insanın barmaq izi olur, bir də ayaq izi. Günün birində dünyasını dəyişəndə hər ikisi özüylə bərabər yox olur. Amma bir iz də var - əməllərinin izi... Bu nişanə hər kəsin ömür yolunun aynası kimi özündən sonra açılır. Maraqlıdır ki, Mikayıl müəllim son illər xatirələrini qələmə almağa başlamışdı. Nadir foto şəkillər toplayırmış ki, günlərin birində ömrünün sənədlərə əsaslanan hesabatını ortaya qoysun. İndi bu işi onun ailəsi və dostları tamamlamalı olacaq. İnanıram ki, o kitabda ilk dəfə onun dilindən açıqlanacaq maraqlı məqamlar, hadisələr, əhvalatlar, faktlar yer alacaq, yaşadığı mürəkkəb dövrə, öz müasirlərinə onun münasibəti aydınlaşacaq. Bəlkə də bəzən susmalı olduğu məqamları indi səsləndirəcək. Hər adamın həyatında təbii ki, enişli-yoxuşlu dövrlər olur. Siyasi qasırğaların, fırtınaların nə demək olduğunu o da gözəl bilirdi. Aradan çox sular axıb, küləklər əsib, nə qədər barlı ağaclar qırılıb, çiçəklər, güllər ayaqlar altında qalıb məhv olub. Meyvə bağlarında yabanı otlar böyüyüb qol-budaq atıb, gövdə bağlayıb ki, bəlkə adına ağac deyən tapıla. Amma kölgəsi, meyvəsi, yaraşığı olmayan alaq otları yağmur şəraitdən istifadə edib hündürə qalxsalar da adınada ağac deyən tapılmayıb. Havalar düzələndə təmizləyib atıblar zibilliyə. Yenə ortalıq təmizlənib. Mikayıl müəllim bunların da şahidi olub. Şiddətli qasırğa kimi uçura-uçura gəlib, az sonra toz kimi havaya sovrulanlarla da işləyib. Demək ki, onun da təlatümlü günləri az olmayıb. Görən ömrünün ixtiyar çağında onları yazılarında necə dəyərləndirib? Düşünürəm ki, bu kitab eyni zamanda Mikayıl Əziz oğlunun həm də avtoportreti olacaq. Onu da deyim ki, hər Əzizin oğlundan da əziz xatirələr qalmır...