"Dədə Qorqud" təqdimat
filmi çəkiləcək
TÜRKSOY tərəfindən türk dünyasının ortaq dəyəri olan Dədə Qorqud irsinin dünyada tanıdılması məqsədilə layihə həyata keçirilməyə başlanıb. Layihə çərçivəsində "Dədə Qorqud" təqdimat filminin çəkilməsi nəzərdə tutulub. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, filmin çəkilişini TÜRKSOY-la yaxından əməkdaşlıq edən və Qazaxıstanda fəaliyyət göstərən TÜRKSOY-a Dəstək Fondu həyata keçirəcək. Çəkiliş qrupu 18-23 iyul tarixlərində Türkiyədə və 23-26 iyul tarixlərində Azərbaycanda çəkilişlər aparmaq niyyətindədir. Türkiyənin Ankara, İstanbul, Trabzon və Bayburt şəhərlərində də çəkilişlər aparılacaq.
İyulun 23-də Bakıya gələcək fondun prezidenti Berik Barışbekovun rəhbərlik etdiyi 4 nəfərlik çəkiliş qrupu alimlərlə görüşəcək və çəkilişlər aparacaq. Naxçıvanda Dədə Qorqudla bağlı tarixi abidələrin və yer adlarının mövcud olduğunu nəzərə alan qrup muxtar respublikaya da səfər edəcək.
Təqdimat filminin gələn il UNESCO-da keçiriləcək TÜRKSOY həftəsində nümayiş etdirilməsi nəzərdə tutulub.