"RUSENBORQ" "QARABAĞ"I UNUTMAYACAQ
"İlk növbədə qələbə münasibəti ilə rəqib komandanı təbrik edirəm. Onlara növbəti mərhələdə uğurlar arzulayıram Əlbəttə, nəticəyə görə çox məyusam".
Qol.az-ın məlumatına görə, bu sözləri "Qarabağ"la oyunsonrası mətbuat konfransında "Rusenborq"un baş məşqçisi Erik Hamren deyib. Təcrübəli mütəxəssis bildirib ki, komandası ilk yarıda çox zəif oynayıb: "Birinci hissədə çox zəif oynadıq. İkinci hissədə çalışdıq ki, oyunun axarını dəyişək, amma bu bizə qismət olmadı. Bu mövsümdə ilk dəfə məğlubiyyət acısı yaşadıq. Buna görə çox məyusam. Fasilədə inanırdım ki, matçın gedişatı dəyişəcək. Amma alınmadı. İkinci hissədə şanslarımız oldu. Amma qapıçınız çox yaxşı oynadı. Azarkeşlər komandaya güclü dəstək verdilər. Amma meydanda azarkeşlər deyil, futbolçular oynayır. "Qarabağ"ın adı həm mənim, həm də mənim futbolçularımın ürəyində qalacaq".