Oqtay SALAMOVBilirəm ki, yazının başlığı çox gurultulu və populist səslənir. Hələ nəzərə alsaq ki, Səməd Vurğunun "Bəs zindan necədir, qaranlıq zindan" misrasına da bir növ nəzirədir, adam özünü lap naqolay hiss eləyir. Amma neynəyim, istirahət günləri isti olur, rahət olmur. Adam elə sözlər eşidir, elə şeylərin şahidi olur, elə yazılar oxuyur ki, az qalır havalansın. Havalananda da belə şairanə, populist suallar ortaya çıxır. Üç xəbər və bir olayın təssüratını bir yazıda toplamaq istəyirəm.
Başlayaq ən vicdanlısından. Kriminal xəbərlərə baxanda, oxuyanda adamın yaşamağa həvəsi qalmır. Atasını öldürən, qızın zorlayan, ərini baltalayan, evindən çölə atılan, şöbədə özünü öldürən... Adam istəyir mətbuatın bu mənada bu qədər azadlığına etiraz eləsin. Deyə bilərsiniz ki, mətuat neynəsin, belə halların qarşısını almaq lazımdır. Amma almaq olmur, həm obyektiv, həm də subyektiv səbəblərdən. Cinayətlər olur və bu haqda yazılır. Məni çox maraqlandıran bu dilənçilərin məsələsidir. Bir hörmətli qəzetimiz demək olar ki, hər gün yazır ki, DİN-dən onlara verilən məlumata görə, paytaxtın filan rayonunda avaraçılıq və dilənçiliklə məşğul olan filan qədər adam saxlanılıb. Ay qardaş, bunun nəyi kriminaldı? Saxlayıb neynəyirsiniz? hər gün 16-48-ini saxlayırsınız. Bizim qabağımıza da qaçan adamları hər gün elə həmin daynacaqlarda da görürük. Qapımıza gələnlər də eyni adamlardı. Bəs siz kimləri saxlayırsınız? Verdiyiniz hesabatla Bakının yarıdan çoxu avara və dilənçi çıxdı ki...
Dilənçilərdən danışdım, yadıma qəribə bir sual düşdü: görəsən dilənçilər səsvermədə iştirak eləyirlər, onların da öz namizədləri olur, yoxsa olmur? Saylarından belə görünür ki, kvotaları var, mütləq namizədləri olmalıdır. Kvota demişkən, bizim müğənnilərin sayı heç də dilənçilərin sayından az deyil ha. Belədə onların da deputat olmaları problem olmamalıdır. Əgər sözləri bir olsa elə müğənnilər səs verməklə iki-üç deputat əldə eləmək olar. Hələ onların fanatlarının da nəzərə alsaq, MM-in yarısı "muzıkant" ola bilər. Elə ötən həftə üç müğənnimiz, İlhamə Quliyeva, Tünzalə Ağayeva və Elza Seyidcahan bəyanat veriblər ki, deputat seçilməyə etiraz eləməzlər. Hərəsindən bir sitat. İlhamə: "Seçki ərəfəsində bu barədə düşünməyə dəyər". "Namyok" eləyir ki, etiraz eləmərəm. Tünzalə Ağayeva: "Millət vəkili seçilsəm, bu missiyanın çətinliyini də, məsuliyyətinin də anlamaq iqtidarındayam". Yəni, hazır namizədəm, seçilərimin gözləri hara baxır. Elza Seyidcahan: "Millət vəkili olmağa həm potensialım, həm intellektim, həm də savadım var". Vsyo, biri hazırdı, 124-nü də tapsanız növbəti MM tam "sostav"la işə başlaya bilər.
Respublika Jurnalistlər Birliyi üzvü olan bir həmkarımın yazısını oxudum, ürəyimin başına od düşdü. Yazı bu cümlə ilə başlayır: "Boz, otsuz-əncərsiz Harami dağının ətəyində qərarlaşan Hacıqabulun 70 mindən çox əhalisi var". Yadıma " Bərdə nə gözəldir, necə qəşəngdir", "Ey könül mülkünün barı Naxçıvan", "Ucalır bir dağ təki, dağlar qoynunda Şəki"... misraları düşdü. Həmkarım yazısı ilə soruşur ki, "Hacıqabulda xalçaçılıq fabrikinin keçmiş şöhrəti haradadır"? Deyir Hacıqabulun Rusiyada olan oğullarının xoş soraqları eşidilir. Deyir bu gün bir hümmət vaxtı, hünər çağıdır. Gərək Hacıqabulun imkanlı oğulları xalçaçılıq fabrikinin keçmiş şöhrətini qaytarsınlar. Belə çıxır ki, fabrikin keçmiş şöhrəti bu imkanlı oğulların cibindəymiş. Pah atonnan, adres yiyəsi...
Bir tanışımın işi ilə bağlı bir müdirin yanına getmişdim. Mən də tanıyıram, məni də tanıyır, istədiyini açıq deyə bilir. Gəlişimin səbəbini dedim, ondan istəyimi söylədim. Fikrə getdi, düşündü, zəng elədi, sonra bir neçə dəfə zəng elədi, telefonunu "götürən olmadı". Axırda böyük bir "risq elədi", məsuliyyəti öz boynuna götürdü. Xahişə mən gəlmişdim axı. Bir aşağı baxdı, bir yuxarı, sonra sağa-sola-arxaya, dedi ki, bu işin qiyməti filan qədərdi. Dediyi miqdları ancaq bankın reklamı vaxtı televiziya ekranında bir yerdə görmüşdüm. Xahişin sahibi təxmini verə biləcəyini söyləmişdi. Hesabladım ki, əgər dediyi dollarladısa, dostumun xahişinin yarısını yerinə yetirmək olar. Ona görə də soruşdum ki, pulu dollarla istəyəcəksən, yoxsa milli manatla? Məni elə danldadı, elə biabır elədi ki, parket yarılsaydı yerə girərdim. Dedi biz müstəqil respublikada yaşayırıq, milli dövlətimiz, öz bayrağımız, himnimiz, pulumuz var. Nə vaxta qədər onun-bunun pulu ilə iş görəcəyik, əlbəttə manatla verəcəksən! Sevincimdən ürəyim sinəmə sığmırdı, hətta bir az doluxsunmuşdum da. Bax, budur vətənpərvərlik, bax, budur millətin təəsübünü çəkmək! Axır ki, biz də ayıldıq, biz də öz pulumuzun qiymətini-qədrini bilməyə başladıq. Bax, bu adicə vicdanın inikası, sübutu, varlığının təsdiqidir. Siz də deyirsiniz gurulutulu cümlələr yazma.
P.S. Hələ bir maraqlısını da yazacaqdım, dizayner gəlib dedi ki, qəzetdə yer yoxdur, həm də yay vaxtıdı, oxucuları çox yorma. Qayğı, diqqət, VİCDAN belə olmursa, bə nətəər olur? Hələ bir utanmaz-utanmaz soruşuram ki, "bəs vacdan hardadır"...