
ATƏT-in yeni sədri Azərbaycanda səfərdədir. Səfər çərçivəsində keçirdiyi mətbuat konfransı zamanı ATƏT-in fəaliyyətdə olan sədri, Yunanıstanın xarici işlər naziri Dora Bakoyanni maraqlı açıqlamalarla yadda qalıb. "Ədalət"in oxucuları üçün həmin açıqlamanın ən maraqlı məqamını çatdırırıq. "Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar prosesində əldə olunan irəliləyişlərdən, eləcə də konstruktiv müzakirələrdən məmnun qaldım". Bu sözləri ATƏT sədri Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla keçirdiyi birgə brifinqdə deyib.
"Azadlıq" radiosunun məlumatına görə, D.Bakoyanni təhlükəsiz, dayanıqlı və güclü Avropanın hamının marağında olduğunu, Azərbaycanı da bu təhlükəsizlik məsələlərində aparıcı rol oynayan ölkələrdən biri kimi qiymətləndirdiyini bildirib.
E.Məmmədyarov isə deyib ki, Türkiyə-Yunanıstan-İtaliya qaz kəməri layihəsi Azərbaycan qazı ilə bağlı digər layihələrdən daha irəlidədir. Nazir qeyd edib ki, Azərbaycan qazının artıq bir hissəsi Yunanıstan bazarındadır: "Biz razılaşmışıq ki, Yunanıstana çatdırılan Azərbaycan qazının həcmini bir az da artıraq".
E.Məmmədyarov bildirib ki, Türkiyə-Yunanıstan-İtaliya boru kəməri Azərbaycan qazının beynəlxalq bazarlara çıxarılmasında əsas imkanlardan biridir: "Bu layihə ilə bağlı danışıqlar davam edir. Bizim fikrimizcə, bu layihənin həyata keçirilməsi Azərbaycan qazı ilə bağlı digər layihələrdən fərqli olaraq daha irəlidədir".
D.Bakoyanni də bildirib ki, Türkiyə-Yunanıstan-İtaliya boru kəməri layihəsi Yunanıstan üçün mühüm əhəmiyyət kəsb edir.
ATƏT sədri Azərbaycana rəsmi səfəri çərçivəsində iyulun 1-də vətəndaş cəmiyyətinin nümayəndələri və partiya sədrləri ilə də görüşüb.
Bakı səfərində olan ATƏT sədri dünən Dağlıq Qarabağın azərbaycanlı icmasının nümayəndələri ilə də görüşüb. Xarici İşlər Nazirliyində 1 saatdan artıq davam edən görüşdə "Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması" İctimai Birliyi İdarə Heyətinin üzvləri iştirak ediblər.
İcma rəhbəri Bayram Səfərov "Media forum"a açıqlamasında bildirib ki, görüş daha çox tanışlıq xarakteri daşıyıb. ATƏT sədri Dağlıq Qarabağ əhalisinin öz yurdlarına qayıtmaq, ermənilərlə birgə yaşamaq kimi məsələlərlə bağlı fikirlərini öyrənməyə çalışıb: "Biz də bildirdik ki, Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Yalnız bu halda qalan məsələlər müzakirə oluna bilər".
Görüşdə İdarə Heyətinin üzvləri Cəlal Allahverdiyev, Fərhad Bədəlbəyli, Rövşən Rzayev də öz fikirlərini bildiriblər. B.Səfərovun sözlərinə görə, ATƏT-in Minsk qrupunun münaqişənin həlli ilə bağlı tutduğu mövqedən narazılıq da xanım Bakoyanninin diqqətinə çatdırılıb: "Bildirdik ki, işğalçı ilə torpağı işğal edilənə eyni münasibət göstərilir. Bu, düzgün deyil".
İcma rəhbəri qeyd edib ki, ATƏT-in mövqeyində dəyişiklik hiss olunur: "Vəziyyət bir az dəyişib. Hiss olunur ki, mövqelərdə fərqlilik var, danışıqlar intensivləşib, nələrsə gözlənilir".