817 kq. yararsız ərzaq
aşkarlandı
Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidməti tərəfindən növbəti monitorinq keçirilib. Nazirlikdən "APA-Economics"ə verilən məlumata görə, monitorinq zamanı Bakı şəhəri, Binəqədi rayonu fiziki şəxs T.Məmmədova, M.Rəhimova və hüquqi şəxs "Xəzər-99" firmasına məxsus topdansatış anbarlarında 817,32 kq. istifadə müddəti ötmüş ərzaq məhsulları - kolbasa və qənnadı məmulatları, bitki yağları, sərinləşdirici içkilər, uşaq qidaları, konservləşdirilmiş tərəvəz məhsulları, quru çaylar və s. aşkar olunub satışdan çıxarılaraq məhv edilib.
Bundan başqa, Nəsimi rayonunda "Vinni" mağazasında ümumi dəyəri 2,1 min manat olan 676 ədəd məcburi sertifikatlaşdırılmalı, lakin sertifikatlaşdırılmamış müxtəlif uşaq oyuncaqları, paltarları və ayaqqabıları aşkar olunub və satışdan çıxarılıb.
Qanunvericiliyin tələbini pozmuş 1 hüquqi və 3 fiziki şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilib və inzibati cərimələr tətbiq olunacaq.