"Çerkizov" bazarı iyulun 3-də açılacaq
İyunun 29-da bağlanan Rusiya paytaxtındakı "Çerkizov" bazarı iyulun 3-də müvəqqəti açılacaq. APA-nın "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bunu "Rospotrebnadzor"dan (İstehlakçıların hüquqlarının və insanların rifahının qorunmasına nəzarət üzrə federal xidmət) bildiriblər. Ancaq bazarın fəaliyyəti ilin sonuna qədər birdəfəlik dayandırılacaq.
Qeyd edək ki, baş prokuror Yuri Çayka "Çerkizov" bazarının anbarlarında insan sağlamlığına təhlükə törədən qaçaqmalla dolu bir neçə min konteyner tapıldığını açıqlayıb. Rusiya Prokurorluğunun İstintaq İdarəsinin rəhbəri Aleksandr Bastrıkin isə "ilan yuvası" adlandırdığı bazarın bağlanması üçün operativ qərargah yaradıldığını bildirib və "Qosnarkokontrol" (Narkotiklərin dövriyyəsinə nəzarət üzrə federal xidmət) da bazardakı yoxlamalara qoşulub.