"Surəti: Göydəki o gözəgörünməz Allaha!"
Bu günlərdə Azərbaycan xalqının sevimli incəsənət xadimlərindən biri, görkəmli sənət fədailərindən olan, milli rəqslərimizi zirvələrə qaldıran və dünyada tanıdan məşhur rəqqasə, Azərbaycanın Xalq artisti Əminə Dilbazidən onun qarşıdan gələn 90 illik yubileyi münasibətilə müsahibə alırdım. Bu 90 illik yubileylə əlaqədar Əminə xanım haqqında geniş və ətraflı yazı hazırlamaq fikrim var. Ona görə də söhbətimiz çox uzun çəkdi. Və Əminə xanım rəqs sənətinə gəldiyi, ilk dəfə böyük səhnəyə çıxdığı gündən indiyədək həyatında baş verən ən önəmli və ibrətamiz hadisələrdən də danışdı. Onlardan birini xatırlatmaq istərdim.
Əminə xanım danışır ki, onu bəy qızı olduğuna görə incidirmişlər. Bəzi bədxahlar onu komsomol sıralarından çıxarmaq, səhnədən, sənətdən uzaqlaşdırmaq, gözdən salmaq üçün dəridən-qabıqdan çıxırmışlar. Demək olar ki, hər gün gənc Əminəni müəyyən təşkilatlara, idarələrə çağırır, danışdırır, izahat alır, var-dövlətlərinin, sürülərinin, ilxılarının, dəvələrinin, naxırlarının sayını soruşur, özü demişkən, "gününü qara edirmişlər". Hər dəfə də ondan izahat alıb evə buraxanda bərk-bərk tapşırırmışlar ki, bu söhbət barədə "kiməsə bir söz desən vay halına". Əminə xanım deyir ki, bütün bunlardan bərk qorxurmuş. Gənc qız onu danışdıranlardan, tez-tez müxtəlif qorxulu kabinetlərə çağırıb izahat alanlardan və bu barədə heç kimə heç bir söz deməməyi tapşıranlardan ehtiyat edirmiş: "Fikirləşirdim ki, bunlar başıma hansı oyunu istəsələr aça bilərlər". Ona görə də düşdüyü çıxılmaz vəziyyətdən çıxmaq üçün Azərbaycanın o zamankı rəhbəri Mircəfər Bağırova məktub yazmaq qərarına gəlir. Məktubun və ona verilən cavabın məzmunu barədə Əminə xanım haqqında yazdığım yazıda geniş danışacağam. İndi isə yalnız bir şeyi qeyd etmək istəyirəm. Əminə xanımın söhbətindən məlum olur ki, onun yazdığı məktub və həmin məktuba verilən cavab gənc qızın bütün gələcək taleyini həll edir. Və Əminə Dilbazi artıq bu gün 90 illik yubileyini qeyd etməyə hazırlaşır. O, məktubu Bağırovun poçtuna saldıqdan cəmi 3 saat sonra şəxsən respublikanın birinci şəxsinin öz imzası ilə cavab alır. Bu cavab, qeyd etdiyim kimi, Əminə Dilbazinin gələcək həyatını və bütün taleyini müəyyənləşdirir.
Əminə xanımın bu hadisəni danışmasından sonra ondan eşitdiyim və təsəvvürümə gətirdiyim vəziyyətlə günümüzdə rastlaşdığımız hadisələri müqayisə etdim. Ortaya çıxan yerlə göy arasındakı fərq qədər fərqli vəziyyət mənim özümün də halımı xarab etdi.
İndi siz də müqayisə edin. Redaksiyamıza müraciət edən adamlardan bəziləri 100, 200, 500, 1000, bəzən hətta israr edərək 1800 ərizə, şikayət, məktub və teleqram göndərdiklərini bildirir və bu instansiyaların heç birindən cavab almadıqlarını dönə-dönə qeyd edirlər. Hətta bir dəfə belə bir maraqlı hadisə də olmuşdu. Neçə il bundan əvvəl bir oxucumuz şəxsən mənə təqdim etdiyi ərizəsində 300 ünvan göstərmişdi. Sonuncu, 300-cü ünvanı isə belə yazmışdı: "300. Surəti: Göydəki o gözəgörünməz Allaha!" Və ən maraqlısı da bu idi ki, həmin şikayətçi məndən başqa "göydəki o gözəgörünməz Allah" da daxil olmaqla heç bir ünvandan faktiki cavab almadı.
Çox maraqlıdır. Görəsən niyə belədir? Niyə bizdə vətəndaşların ərizə, şikayət və məktublarına belə münasibət göstərilir? Özü də Əminə xanımın nümunəsində olduğu kimi söhbət ölkənin birinci şəxsinə ünvanlanmış müraciətdən getmir. Adicə kənd, bələdiyyə, MİS, kiçik idarə rəhbərləri vətəndaşların ərizə və şikayətlərinə bir qayda olaraq cavab yazmırlar.
Bu barədə növbəti yazılarımızda konkret misallarla söhbət açmağa çalışacağıq.
KƏRİM kƏrimli