
Avropa Birliyində sədrlik rotasiya qaydasında Çexiyadan İsveçə keçib. APA-nın "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, İsveç xarici işlər naziri Karl Bildt 6 aylıq sədrlik müddətindəki prioritetlərini açıqlayarkən iqtisadi-maliyyə böhranı ilə bağlı problemlərin həlli, təhlükəsizlik məsələləri - ən əvvəl mütəşəkkil cinayətkarlıq, qeyri-leqal miqrasiya ilə mübarizə, iqlim dəyişkənliyinin əngəllənməsi yönündə tədbirlər həyata keçiriləcəyini deyib. O, "Şərq tərəfdaşlığı" proqramına dəstək verməyə davam edəcəklərini söyləyib. Xatırladaq ki, bu proqramın təşəbbüskarları İsveç və Polşadır.
Avropa Komissiyasının Azərbaycandakı nümayəndəliyindən APA-ya bildiriblər ki, İsveçin Bakıda səfirliyi olmadığı üçün AB sədrliyini Macarıstan səfirliyi təmsil edəcək. Qeyd edək ki, əvvəlki sədr - Çexiyanın da Bakıda səfirliyi olmadığı üçün təmsilçiliyi Belçika səfirliyi həyata keçirirdi.