İŞLƏR TƏRS GƏTİRƏNDƏ...
BABƏK YUSİFOĞLUEl arasında deyirlər ki, heç kimin işi tərs gətirməsin, tərs gətirməyə başladısa ucundan tutub ucuzluğa gedəcək. Məsələn, Azərbaycandakı futbol üzrə millimizin işləri kimi. Kimi məşqçi gətirirlərsə gətirsinlər, haradan gətirirlərsə gətirsinlər, hansı ölkənin komandası ilə qarşılaşırlarsa qarşılaşsınlar bu zəhrimarın nəticəsi düzəlmir ki, düzəlmir. Ay başınıza dönüm, nə qədər uduzmaq olar axı? Futboldan söz açmağımdan elə anlaşılmasın ki, məqsədim yenə o nemesdən yazmaqdı. Xeyr. Çünki o, Azərbaycan dilini bilmədiyi üçün bizim yazdıqlarımızın ona heç bir dəxli yoxdu. Nemes dilində də yazmağı biz bacarmırıq.
Bir vaxtlar vardı, hamı deyirdi ki, bəxtəvər Rəsul Quliyevin başına, filan qədər pulu, villaları var, vəzifəsi, teleoxranitelləri var, filan şeyləri var. Ona salam vermək üçün növbədə gözləyərdilər. Sonra hamının gözü qarşısında onun işləri başladı tərs gətirməyə. Tay iş o yerə çatdı ki, çıxıb getdi Amerikaya. Amma onunku bununla da bitmədi. Burada bir partiya əmanət qoyub getmişdi silahdaşlarına, pulunu-parasını da verirdi. Elə oldu ki, onu öz partiyasından da çıxardılar. İndi də bir alayısını düzəltdirib, orada da vur-çatlasın bitmək bilmir. İndi də deyirlər ki, partiyada bir qurup Rəsul müəllimi bu partiyadan da çıxarmaq istəyirlər. Adamı nə qədər öz yaratdığı partiyadan çıxararlar? Bəs adamın işlərinin gətirməməsi nəyə deyirsiniz?
Hələ bunlar azmış kimi indi də mətbuat ("Azadlıq" qəzeti) yazır ki, eks spikerin - Rəsul Quliyevin evini yarıblar. Yəni oğurlayıblar. Özü də bu oğrular sənət əsərlərindən yaxşı başları çıxdığından başqa əşyalara fikir verməyiblər. Məlum olub ki, oğru(lar) evdən Azərbaycanın dünya şöhrətli rəssamı Səttar Bəhlulzadənin çox qiymətli rəsm əsərini oğurlayıblar.
Qəzetin yazdıqlarından belə anlaşılır ki, guya eks spikerin qardaşı Amerikada Rəsul müəllimə zəng vurub ki, yaman pulsuzlamışam, bir az pul lazımdı. Guya Rəsul Quliyev də qardaşına ürəyi yandığından ona deyib ki, mənim burada üstümdə nəqd pul yoxdu, ona görə, qaqa, get mənim filan mənzilimdə qəşəng bir rəsm əsəri var, götür onu, çıxar bazara, sat. Pulunu da qoy cibinə, xərclə. Qardaşı da gedib ki, Səttar Bəhlulzadənin həmin tablosunu götürsün, görüb, ey dili qafil, şəkli gəlib tez-bazar oğurlayıblar. Nə təhər pis olubsa, şoka düşüb.
Sonra qardaşının pul məsələsinin həll olunub-olunmadığını, Rəsul müəllmin bu xəbəri eşidəndən sonra nə hala düşdüyünü deyə bilmərəm, amma o anlaşılır ki, Rəsul müəlliminki heç gətirmir. Elə itirhaitirdədi. Bir tablo da belə getdi. Heç cür anışdıra bilmirəm ki, niyə Rəsul müəllim işlərinin belə tərs gətirdiyini və bunun da uzun müddətdir davam etdiyini bilə-bilə o cür tablonu hələ də Bakıdakı mənzillərinin birində saxlayırmış?
Mənbə onu da bildirir ki, guya qardaşların tablo söhbəti Azərbaycanda bərk gedən nazirlərdən birinə məlum olduğu üçün təcili ora bir oğru göndərib əsəri çırpışdırıblar. Vallah, nə desən olar. Amma mən bir məsələni heç cür anlaya bilmədim. Deyirəm görəsən bizdə "yavaş gedən" nazir varmı ki, qəzetdə "bərk gedən" nazirdən yazırlar. Adamın heç inanmağı gəlmir, hə?
Şəxsən mən belə düşünürəm ki, eks spiker çıxıb Amerikaya gedəndə mütləq o cür tabloları yığıb özü ilə aparmalıydı. Bir də rəhmətlik rəssamımız Səttar Bəhlulzadə həmin tablonu yalnız Rəsul Quliyevin mənzlində saxlanması üçün çəkməyib ki? Rəsm əsəri ondan ötrüdü ki, onu bir yerdən asasan, camaat da gəlib baxsın, kefi istədiyi qədər feyziyab olsun. Amma indi Rəsul Quliyevin işləri tərs gətirdiyi üçün onun evində saxladığı o bahalıqda tablodan yalnız həmin oğru(lar) yararlanıb. Bəxtəvər(lər) yəqin indi kefdədi. Qoyub tablonu qabağına o ki var zövq alır... Noolar oğru olan da... ə