BƏS DEYİRDİLƏR İRAN DAĞILACAQ?!
Musəvinin tərəfdarları bir az hoppanıb-düşdülər, bütün dünya da sevincək olmuşdu ki, İran dağılacaq. Biz də yazdıq ki, İran çalxalanacaq, amma nə yağı yağ olacaq, nə ayranı ayran, elə-belə çalxalanacaq, çalxalanacaq, sonra da köpü yatacaq.
İndi Musəvinin tərəfdarları hoppandılar-düşdülər, hoppandılar-düşdülər, hökumətin bir-iki şillə-təpiyindən sonra köpləri yatdı və tısbağa kimi çəkildilər qınlarına.
Musəvi tərəfdarlarına deyib ki, icazəsiz mitinqlərə çıxmayın. Tərəfdarları da soruşub:
- Bəs icazəni nə vaxt verəcəklər?
Musəvi:
- Dəvənin quyruğu yerə deyəndə.
Musəvinin tərəfdarları:
- Barı heç olmasa eşşəyin quyruğu yerə deyəndə desəydilər dərd yarıydı, bizim Həmədan eşşəklərinin quyruğu uzundu.
Mejduproçim, yadıma indi düşdü, bu boyda İranı qoyub, Həmədan eşşəklərini qoyub gedib Almaniyadan eşşək alırıq. Həmədan eşşəklərinin dilini az-çox başa düşərik.