
... Onlar sonuncu dayanacağa çatdılar. Əslində bura sonuncu dayanacaq deyildi. Və burdan sonra da hələ neçə dayanacaqlar var idi. Sadəcə qız həmişə bu dayanacaqda düşürdü və binaların arasındakı cığıra bənzəyən dar keçidlə kirayədə qaldığı mənzilə gedirdi. Bu yol nisbətən kəsə və rahat idi. Bu gün isə həmin dayanacaqda düşəndə qız onun üzünə baxıb sanki gözlərindən oxudu:
- Ayrılmaq istəmirəm. Bir yerdə olmağımızı, günü birgə keçirməyimizi istəyirəm.
Elə oxuduğu bu sözlərin təsiri altında qız özündən asılı olmadan qeyri-ixtiyari dedi:
- Bəlkə Sumqayıta gedək? Xalam qızı orda yaşayır, anası bir balaca pay göndərib, xarab olmamış səhər-səhər çatdıraq.
Bu istək oğlanın ümid çırağına sanki neft tökdü. Az qaldı ki, elə küçənin ortasındaca qızı bağrına basıb öpsün. Özünü güclə ələ alıb çox astaca bir şəkildə qızın sol əlini sıxdı. Və bircə kəlmə dedi:
- Gedək, niyə durmuşuq ki?
Onlar yenidən başqa bir avtobusa minib Sumqayıt maşınlarının dayandığı yerə gəldilər. Bu uzaq məsafəni birgə qət etmək, bir-birinə söykənib yol yoldaşı olmaq onlar üçün bəlkə də dünyanın indi ən böyük xoşbəxtlik əlaməti idi. Elə bu xoşbəxtliyin aurasında da biletlərini alıb avtobusa mindilər, orta sırada əyləşdilər. İndi pəncərənin önündə oturmuş qız şəhəri seyr etmək istəyini unudaraq üzünü ona doğru çevirmişdi. Onlar əslində az qala üz-üzə oturmuşdular. Hər şeyi də, hər kəsi də unutmuşdular. Sanki bu dünya eləcə Bakı-Sumqayıt avtobusundan ibarət idi. Avtobus isə o qədər sınıq-salxaq bir gündəydi ki, bəlkə də başqa vaxtları onlar bəyənib ona sərnişinlik etməzdilər. İndi isə birgə olmaq fürsətini əldən verməmək üçün hətta at arabasında da getməyə razı idilər, təki göz-gözə, nəfə-nəfəsə olaydılar.
Yolboyu söhbət edirdilər. Daha doğrusu, pıçıldaşırdılar. Qızın əllərini ovcunun içinə alıb asta-asta ovuşduran oğlan:
- Sən çox insafsızsan, heç adamın halına yanmırsan. Fikirləşmirsən ki, arxada, gözü yolda qoyub gəldiyin var.
Qız:
- Guya sən çox insaflısan. Ürəyin istəsə hansısa bir variantla məndən xəbər tutardın. Lap elə-belə, jurnalist babasan, ezamiyyətə gələrdin. Axı özün demişdin ki, harda olsan bəhanəm var, jurnalist kimi gəlib səni tapacam. Niyə gəlmədin, ay yalançı? Gəlsən görərdin ki, necə xəstələnmişəm, necə ağrımışam? Hələ mənə edilən basqılara nə cür dözüb tab gətirmişəm. Hə, indi özün de, kimdi insafsız?
Hər ikisi bu qarşılıqlı, amma səmimi ittihamlardan gülümsədilər. Avtobus artıq Masazır gölünün kənarı ilə gedirdi. Duzlu gölü keçəndə oğlan öz-özünə dedi ki, yaxşı oldu elə Saraydan keçib gedən avtobusa mindik. Şəhərdə fərqinə varmamışdım, bu yol daha mənzərəli, daha rahatdı. Hə, bir də burda bir tələbə yoldaşım da yaşayır. Qarşımıza çıxsa əl çəkməyəcək, mütləq bizi qonaq aparacaq.
Oğlanın öz-özünə danışırmış kimi dediklərini eşidən qız diksinən kimi oldu:
- Sən nə danışırsan, başın xarab olub, biz birlikdə hara qonaq gedə bilərik ki? Deməzlər ki, yanındakı kimdi?
Oğlan:
- Deyərlər, cavablarını da alarlar.
Qız bir az da təəccüblə:
- Hansı cavabı?
Oğlan:
- Məlum cavabı.
Qız:
- Məlum olan nədi ki?
Oğlan:
- Mənim səni sevdiyim. Sənin də məni sevdiyin. Bundan da böyük həqiqət var?
Qız:
- Bu həqiqət ancaq ikimizə bəllidi. Bu tezliklə onun hər kəs tərəfindən bilinməsini istəmirəm. Düşər-düşməzi olar. Qoy anamı razı salım, inşallah ondan sonra hara desən, kimlərin qonağı olmaq istəsən qoluna girib gedərəm. Amma sən Allah, indi məni oda salma. Qoy başımın hayına qalım. Onsuz da anamla qırğın edib şəhərə qayıtmışam. Kimsə qulağına çatdırıb ki, məni bir oğlanla, yəni səninlə birlikdə görüb.
Oğlan:
- Nə olsun? Görüb lap yaxşı eləyib. Sözü var idi gəlib özümüzə deyəydi, daha nə xəbərçilik edir?
Qız:
- Nə bilim, hərənin bir xasiyyəti var. Görünür o da ya canıyananlıq edib, ya da məni dilə-dişə salmaq istəyibdi. Amma hansı variant olur-olsun fərqi yoxdu, əsas odur ki, anamın kürkünə birə salıb. İndi arvad kiriyib kəsmir ki, yır-yığış elə, dərslərin qurtaran kimi qayıt gəl dizimin dibinə. Onun xəbəri yoxdu ki, mən həm də işləyirəm. Dərsləri qurtarandan sonra işimi davam etdirəcəm.
Oğlan:
- Nə isə, baxarıq hələ buna. Unut hər şeyi. Bircə onu yadında saxla ki, mən sənin üçün varam. Və bundan da vaz keçmərəm.
... Onlar bir anlıq hiss etdilər ki, özlərindən asılı olmayaraq səslərini qaldırıblar və avtobusdakıların hamısı böyük bir maraqla onları dinləyir. Qızın yanaqları pörtdü. Oğlan bu vəziyyətdən çıxmaq üçün Saray qəsəbəsinin içində tanımadığı bir evi göstərib qıza pıçıldadı:
- Hə, tələbə yoldaşımın evi bax odur.
Qız guya ki, oğlanın tələbə yoldaşı onu görəcəymiş deyə özündən asılı olmadan oğlana tərəf əyilib gizlənməyə çalışdı və onların bu xoş təması oğlanın yadına ayrılıq anlarında yazdığı misraları saldı.
Mən daha
bəlağətli sözlər
axtarmaqdan uzağam
çünki o sözlərin cəmi
nə mənim duyğularımı,
nə də sənin
bütünlüklə əhatə etmir
burda söhbət
nə mənim,
nə də sözlərin
fərsizliyindən getmir...
sadəcə və sadəcə
sözləri bircə-bircə
ayla, illə seçsən belə
bütün bunlar
bütöv sən deyilsən hələ...
sənin bütünlüyünü
bir Tanrı görür
bir də
onun hökmüylə
döyünən ürəyim...
Tanrıdan
söz almaq olmur
ürəyim də ki,
sənin əsirin -
daha nə deyim?..
P.S. İndi həmin anları xatırlayanda nə qədər sadəlövh olduqlarını, amma nə qədər də səmimi duyğular yaşadıqlarını xatırlayıb köks ötürürlər.