
Biabırçı hadisədi, respublika üzrə orta məktəbi bitirənlərin təxminən 17-18 faizi kamal attestatı ala bilmir. Biz oxuyanda kamal attestatı deyirdilər, indi bilmirəm. Görünür, o vaxtlar bu attestat həm də insanın kamalına verilibmiş. İndi kamal bəlkə də lazım deyil. Çünki indi kamalı təhsil deyil, pul həll edir. Nə isə...
Vaqif hələ 250 il bundan əvvəl necə yazırdı:
Vaqif, öyünmə ki kamalımız var,
Allaha şükür ki, kamal da yoxdu...
Hətta elə rayonlar var ki, attestat ala bilməyənlərin faiz dərəcəsi 26-27-yə çatır.
Deputatlıq fəaliyyətimlə əlaqədar təhsil sahəsində müəyyən araşdırmalar aparmışam. Həm Ağdamda, həm Ağcabədidə elə məktəblər var ki, hər il məzunlarının 11-12-si ali məktəblərə qəbul olunur. Amma elə məktəblər də var ki, son 5-7 ildə bir məzunu da ali məktəblərə qəbul olunmayıb. Hər iki rayonun icra hakimiyyətləri təhsilə diqqətlə yanaşdıqlarından belə məktəb direktorlarını cəzalandırıblar, işdən götürüblər və sair və ilaxır. Nəticə az-çox xeyir verib. Amma az-çox.
Bir məsələni də qeyd edim ki, orta məktəbin vəzifəsi təkcə ali məktəb üçün tələbə hazırlamaq deyil. Əslində orta məktəbin ən ümdə məsələsi kamil insan yetişdirməkdir. Yəni orta məktəbi bitirənlər kamal attestatı almalıdır. Yəni orta məktəbin ümdə vəzifəsi vətəndaş hazırlamaqdı, ağlı, savadı, dünyagörüşü olan vətəndaş.
SSRİ dağılandan sonra çox təəssüf ki, təhsil sistemində bir boşluq, daha doğrusu, bir başıpozuqluq yarandı. Bir nömrəli məsələ olan təhsilimiz də lap arxa plana keçdi. Ən biabırçı hadisə odur ki, "Təhsil haqqında" qanunumuz 3-4 gün bundan qabaq qəbul olundu.
1992-ci ildə alayarımçıq da olsa təhsil haqqında bir qanun qəbul olunmuşdu. Amma bu qanun kimə necə sərf elədi, elə də işlətdilər. Qanunsuz işləyən təhsildən nə gözləyirsiniz? Təhsil Nazirliyi öz qanunuyla işləyir, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası öz qanunuyla, Prezident Aparatı öz qanunuyla. Deməli, batmış arabanı çıxarmaq üçün biri şimala çəkir, biri şərqə, biri də cənuba. Di gəlin bu arabanı çıxarın görüm necə çıxarırsınız? Buraxılış imtahanlarına gah filan fənn salınır, gah filan fənn çıxarılır, ali məktəblərə qaydalar hər il bir cür olur, bal dərəcəsi qaldırılır, endirilir, nə bilim ey, əlli hoqqa.
Gələk lap orta məktəbə. Məktəb direktorları kimə tabe olduğunu özləri də bilmirlər. Müəllimləri işə kim götürəcək - məktəb direktorumu, Təhsil şöbəsimi, yoxsa Təhsil Nazirliyimi? Və ötən il Təhsil Nazirliyi bir əmr verdi ki, müəllimləri nazirlik özü təyin edəcək. Deməli, nazirlik Təhsil şöbə müdirlərinə və məktəb direktorlarına etibar eləmir.
Ümumiyyətlə, təhsilimizdəki problemlər Obamanın saçından betərdi. İndi görək "Təhsil haqqında" qanun bu problemləri həll edə biləcəkmi?
Qanun mükəmməl qanundur. Amma qanunun mükəmməlliyi o demək deyil ki, deməli, qanun qəbul olundusa təhsilimizdəki bütün problemlər həll olunacaq. Əsas məsələ qanunun icra olunmasıdı. Ən pis hazırlanmış qanunun icrası da yetmişcə faiz dürüst yerinə yetirilsə (söhbət təkcə "Təhsil haqqında" qanundan getmir) ABŞ-ı yandırıb tökərik.
Mən bir dəfə yazmışdım ki, Misir Mərdanov Allahın bacısı oğlu deyil ki, təhsildəki bütün problemləri həll edə bilə. Təhsil Nazirliyi var gücünü ortaya qoyur, amma görürsünüz, 19770 şagird attestatsız qalıb. Təhsilin problemlərinin həlli nə Təhsil Nazirliyindən, nə də Milli Məclisin yenicə qəbul elədiyi "Təhsil haqqında" qanundan asılıdır. Təhsilimizin problemlərinin həlli hamımızdan asılıdır. Hamımızın təhsilə münasibətimizdən asılıdır.
Amma biz nəinki yaxamızı kənara çəkmişik, hətta balalarımızın təhsilini məhv eləmək üçün əlimizdən gələni əsirgəmirik. Və bəlkə dünyada yeganə millətik ki, balalarımızın təhsil alması üçün yox, təhsil almaması üçün pul veririk. Eşq olsun belə millətə! Belə millətin gələcəyi çox parlaqdı.
Özəl universitetlərinin birinin şərqşünaslıq fakültəsinin fars dilini bitirmiş bir məzununu işə götürmüşdüm. Mən ərəb əlifbasını bilirəm. Bir gün dedim ki, mənim adımı ərəb əlifbası ilə yaz. Elə yazdı ki, boğurdum onu. Dedim ay köpəyoğlu, sən o qaçqın atanın bir elə pulunu niyə göyə sovurursan? Sən nə oxumusan, nə öyrənmisən. Sənin bu diplomun kimə lazımdı? Bəli, mənim qaçqın qardaşım nə zillətlə tapdığı pulu verirmiş ki, oğlu oxumasın. Bu o demək deyil ki, özəl olmayan ali təhsil məktəblərində gül vururlar.
19770 uşaq attestatsız qalıb.
Repititorluq Azərbaycan təhsilinin evini elə yıxıb ki, Milli Məclis hələ indən belə dörd dənə də "Təhsil haqqında" qanun qəbul eləsə xeyri yoxdu. Düzələsi də deyil.
Bəli, müəllimlər məktəbdə dərs keçmirlər, niyə? Çünki məktəbdə dərs keçsə, həmin uşağın valideyni daha öz övladını repititor yanına göndərməz. Məktəbdə neçə saat dərs deyib 120-150 manat alan müəllim, olsun 200 manat, olsun 250 manat, niyə özünü öldürməlidi? Elə evdə altı uşaq götürər bir 300 manat pul alar. Təbii ki, həmin altı uşağa məktəbdə yiyə duran da yoxdu. Bütün imkanlı ailələr məktəb direktorları ilə danışır, uşaqları dərsə getmir, adı jurnalda, özü repititor yanında. Təbii ki, bu, məktəb direktorlarına da sərf edir.
Yeri gəlmişkən, mən orta məktəbi 70-ci ildə bitirmişəm, onda da repititorluq vardı. Bu necə idi? Kim hansı ali məktəbə gedəcəkdisə qəbul imtahanına iki-üç ay qalmış müəllimin evinə gedib özəl məşğul olurdu. Yəni müəllim onu imtahan verəcəyi fənlərdən bir az artıq çalışdırırdı.
Mən bir dəfə yazmışdım (deyəsən, yaman çox mən-mən deyirəm, üzr istəyirəm), orta məktəbin müəllimlərinin hamısı Milli Qəhrəmanlardı. O maaşa indiki uşaqlara dərs demək Milli qəhrəmanlıqdan savayı bir şey deyil. Nəticədə də müəllim yuxarıda qeyd etdiyim kimi, "to bi" deyib repititorluğuyla məşğuldu. Repititor yanına da kim gedə bilər, təbii ki, nə müəllimin, nə həkimin, nə mühəndisin, nə qaçqının, nə də qeyri-qaçqının övladı. Repititor yanına getmək üçün əgər bir fəndən ən azı 50 manat pul tələb olunursa və dörd fənn lazımdısa bu 200 manat edir. Bu da yuxarıda saydığım zümrələrə aid deyil.
19770 attestatsız qalan şagirdin sosial vəziyyətinə baxsanız mənim dediklərimə inanarsınız.
Və bu il Təhsil Nazirliyi çox düzgün addım ataraq buraxılış imtahanlarının sayını artırdı. Beləliklə, hətta repititor yanına gedənlər də attestatsız qaldı. Əslində bu addım çoxdan atılmalı idi. Şagird bilməli idi ki, vətəndaş olmaq üçün təkcə ədəbiyyatı, tarixi, ingilis dilini (bunlar hamısı hüquq fakültəsi üçündü) bilmək kifayət deyil. Şagird bilməliydi ki, fizikanı, kimyanı (bunlar da Tibb Universiteti üçündü) bilmək vətəndaş olmaq demək deyil.
Bu əmr vaxtında verilsəydi şagird bilərdi ki, adam olmaq üçün orta məktəbdə keçirilən bütün dərsləri oxumaq lazımdı. Necə ki, köpəyoğlunun Sovet hökuməti uşağı vətəndaş eləmək üçün, adam eləmək üçün belə bir yolu seçmişdi.
Düzdür, qadağalar artdıqca rüşvət də artır. Deyirlər, indi attestatın biri qalxıb 4 min manata.
Hüquq-mühafizə orqanları ha kef eləyəcək ha!
Mövzuya qayıdacağıq. Çünki bir ağaca çıxıb çox budağı silkələdim, amma yerə heç nə tökülmədi, sadəcə olaraq ürəyimi boşaltdım.