QAYĞINIZA ... ÇOŞQA KƏSİM

Yay gəlir, əsasən də kişilər üz tuturlar çayxanalara. Bir şad xəbər verim, yazını nikbin notlarla başlayım, sonrasına Allah Kərimdi. Özü də güman eləyirəm ki, ünvanına söz dediyim hüquqi, ya da fiziki şəxs reklama görə mənə haqq da verə bilər. Metronun Elmlər Akademiyası stansiyasının yaxınlığında, Vergilər Nazirliyinin yanında təzə bir çay evi istifadəyə verilib. Buyurun, gəlin, "Şeyx" çay evi yolunuzu gözləyir...
Atam balası, qardaşım, bizi bu dünyada niyə bəyənmirlər? Nə olsun ki, bəzi qəribəliklərimiz, hərdəmxəyallığımız və dəmdəməkiliyimiz var. Kimdə yoxdu ki. O gün kriminal xəbərdə oxuyuram ki, məmləkətimizdə bir oğul atasını öldürüb. Ayağımın altından yer-zad qaçmadı. Olur daa. Kimdə olmur ki? Odey Türkiyədə də biri ailəsinin 8 üzvünü öldürüb. Yox, deyəsən korladım, türk də bizdəndi ki. Hə, ABŞ-da, Güney Korolinada Ceyms Hines adlı birinin boyu 2 metrdən çoxuymuş. Rəhmətlik sağlığında özünə paltar alanda çətinlik çəkirmiş. Öləndə də balaca bir problem yaranacaqdı, qoymayıblar. Tabutcu görüb ki, mərhum tabuta yerləşmir, götürüb ayaqlarını kəsib, Molla Nəsrəddin demiş, quş qəddinə salıb, qoyub tabuta. Sonradan arvadının ağlına gəlib ki, balam, o boyda kişi bu boyda tabuta necə sığıb. Heç nə, qəbiri açıblar, tabutçunu tutublar. Görürsünüz, sarsaq şeylər o boyda Amerikada da olur.
Di gəl ki, həmin o ayaqkəsən Amerika, virusqayıran Avropa bizi bəyənmir ki, bəyənmir. Götürüb hər hesabatında bizə sataşan bir söz, cümlə, abzas, vərəq... yazır. Dünən Milli Məclisimizin komitə sədri Əli Hüseynovun "Transparency İnternational" beynəlxalq təqkilatının bizdə korrupsiyanın səviyyəsi haqda yazdıqlarına münasibətini oxudum, ürəyim ağrıdı. Götürüb yazıblar ki, bizdə rüşvət belə, korrupsiya belə... Ay zalım uşağı, bizdə rüşvət var, korrupsiya var? Əli müəllim deyir ki, bu hesabatı beynəlxalq institutların rəyi əsasında yox, ictimaiyyət nümayəndələri arasında keçirilmiş sorğuya əsasən hazırlayıblar. Adam istəyir ki, hirslənib heç bu təşkilatları Azərbaycana buraxmasın. Əşi, ictimaiyyət nümayəndəsindən də söz soruşarlar? Gəl beynəlxalq institutlardan soruş, hökumət idarələrindən soruş, ən azı JEK müdirlərindən soruş, həqiqəti öyrən dəə. Əgər bu hesabatda Monqolustan, Rusiya və Belarus eyni dərəcədə qiymətləndirilirsə, daha ondan nə gözləyirsiniz?..
O adı xarici dildə olan xarici təşkilat adını "Qlobal korrupsiyanın barometri-2009" qoyduğu hesabatda 5 ballıq şkala ilə Azərbaycanda korrupsiyanı 3,3 balla qiymətləndirib. Özü də əvvəl zəhərinin üstünə bir az şəkər töküb, yazıb ki, Azərbaycanda siyasi partiyalar və media az korrupsiyalaşan sahələrdi. Əli müəllim bunu müsbət hal kimi qiymətləndirib. Yəni hesabatın bu hissəsini. Amma sonra yazıblar ki, Azərbaycanın özəl sektorunda korrupsiya var. Əli müəllim təəccüblənir ki, bunu haradan çıxarıblar. Axı, "Azərbaycanın qanunvericiliyində özəl sektorda korrupsiya ilə bağlı hüquqi baza mövcud deyil". Deyirəm kaş mənim də hüquqi savadım olaydı, bu sözlərin mənasını başa düşəydim. Nədisə, maraqlı şeydi, çünki komitə sədri ardınca deyib ki, gələcəkdə Azərbaycanda özəl sektorda korrupsiya ilə bağlı xüsusi qanunun qəbul olunmasına ehtiyac olacaq. O mən hüquqi savadsızam ki, bu cümləni belə başa düşürəm: "gələcəkdə özəl sektorda korrupsiya olacaq və buna qarşı qanuna ehtiyac yaranacaq!. Amma savadlılar başqa cür başa düşür, hamı üçün deyil ki.
Əli müəllim deyir ki, hesabatın vətəndaşların dövlət qurumlarına rüşvət verməsilə bağlı hissəsində rəyi soruşulanların əksəriyyəti bu məsələyə "hə" deyib. Bununla da belə bir fikir formalaşdırıblar ki, bizim ictimaiyyət rüşvət verməyə meylli cəmiyyətdi. Əgər sual "dövlət qurumları sizdən rüşvət alıbmı?" kimi qoyulsaydı və vətəndaşlar da buna "hə" desəydilər, onda dövlət qurumlarını korrupsiyada ittiham etmək olardı. Müəllim deyir ki, indiki halda vətəndaşlar bilmədən cəmiyyətin rüşvət verməyə meylli olması barədə fikir söyləyiblər. Deyir, "belə çıxır ki, Azərbaycan dövləti yox, cəmiyyət bu cinayətin iştirakçısıdır. Onlar özləri də bilmədən Azərbaycan cəmiyyətini pis vəziyyətdə qoyublar".
Deyəsən, sizin aranızda da mənim kimi siyasi savadsızlar var axı. Sizlərdən də millət vəkilinin sözlərində bu cinayətin iştirakçısının kim olması barədə sual yaranır? Maariflənməlisiniz. Əli müəllim deyir ki, hökumət korrupsiya ilə bağlı mübarizə sahəsində kifayət qədər islahatlar aparıb. Sadəcə olaraq, "cəmiyyət bu islahatlar barədə kifayət qədər məlumatlı deyil. Buna görə də islahatlar barədə cəmiyyət daha çox maarifləndiriləcək". Bəzi savadsızlar və ağzıgöyçəklər də durub korrupsiya ilə mübarizənin nəticələrini görmək istəyirlər, amma islahatlardan qəti xəbərləri yoxdur.
Gör bu "Transperency İnternational" nə qədər ağız bahəm eləyib ki, bizim hüquq sahəmizdə də korrupsiyanın olduğunu yazıb. Guya bizim qayğımıza qalırlar. Qayğınıza çoşqa kəsim, bəlkə çoşqalardan biri azaldı, donuz qripinə tutulmaqdan canımız qurtardı. Ayə, bizdə, hüquq sahəsində korrupsiya? Bizim prokurorlar, məhkəmələr adamdan pul alıb işə baxır? Bəlkə deyəsiniz ki, vəkillər də preyskurantdan əlavə pul alır. Ayıbdı, əə, ayıbdı, gedin özünüzə iş tapın. Durub atdana-atdana baldırı, dizi açıq gəlirsiniz, yeməyinizi veririk, qulluğunuzda dururuq, durub ağzıgöyçəklərin dediyini, demədiyini yazıb bizi biabır eləyirsiniz. Guya özünüz düz-əməlli, əməlisaleh adamlarsınız. Odey, kimdən soruşub yazmısınızsa, guya ictimaiyyətin verdiyi qiymətə görə aktrisa Ancelina Coli Amerikada ən nüfuzlu adamdır, Barak Obama bu sırada 49-cu yerdədi. Ay özünüz öləsiniz!..
Eybəcər görmək istəyirsinizsə, güzgüyə baxın. Mən burada eybəcər sözü altında rüşvətxoru da, korrupsioneri də, yalançını da, zalımı da, senzuradan qıraqdakıları da nəzərdə tuturam. Nəyisə qəbul eləyə, həzm eləyə bilmirsinizsə, onda güzgünü sındırın, bütün günahlar güzgüdədi. Təklif eləyirəm: Ancaq öz vəzifəlilərimizin, məmurlarımızın, başbilənlərimizin sözlərinə inanaq, ancaq özümüzünkülər düz deyir! Aradabir haqqımızda yaxşı danışan xarici təşkilat olsa, onların da sözlərinə inanmaq olar. Amma kim pis danışırsa, bizim düşmənimizdir. Onların qayğısı düşmən qayğısıdı. Düşmən qayğısına da çoşqa kəsərlər. Buyurun, Rusiyanın Geopolitik Araşdırmalar Mərkəzinin rəhbəri, general Deonid İvaçov bəyanat verib ki, A qripinə səbəb olan virus ABŞ-da xüsusi laboratoriyada hazırlanıb ki, sürətlə artan dünya əhalisinin sayını tənzimləyə bilsinlər. Eimin hesabına tənzimləyəcəklər? Əlbəttə, bizim, monqolların, çukçaların... Bu döyül sizinkilər? Güzgüsüqırıq eybəcər uşaqları, eybəcərlər...