
"QOBUSTAN" TOPLUSUNUN 40 İLLİYİ ilə bağlı şəxsi təşəbbüsümlə belə bir proyekt həyata keçirirəm. ƏDALƏT qəzetinin mənə verdiyi imkandan istifadə edib QOBUSTANın keçmiş oxucularına "SİZ O DƏRGİDƏN HANSI YAZINI YENİDƏN OXUMAQ İSTƏRDİNİZ?" sualı ilə müraciət edib həmin yazıları vaxtaşırı çap edəcəyəm. Sizin istəklərinizi gözləyirəm. E-mail adresim yazının əvvəlində. Öncədən təşəkkürlərimi bildirirəm.
Unudulmaz sənətşünas dostumuz Novruz Təhməzov haqqında aktyor Nadir Hüseynovun xeyirxahlığı ilə bir veriliş hazırlanır. Çəkilişlər İncəsənət Universitetindədir. Məni də ora çağırıblar. Təsadüfən qələm dostum, sənətşünas Əlisəftər Hüseynova rast gəlirəm və Əlisəftər orda dərs deyir. Çox sevinirəm rastlaşdığıma və onun orda dərs verməyinə. Çox qısa bir söhbət zamanı Əlisəftər müəllim mənim QOBUSTAN proyektimdən söz açır və deyir: mən də sizin SİZ OSMANLIYA MƏKTUB YAZMISINIZMI yazınızı çox həvəslə yenidən oxuyardım. Təvazökarlıqdan uzaq olsa da onun bu istəyinə cavab vermək mənim üçün böyük bir zövqdür.
İsmayıl Osman oğlu Osmanlı. Şəkidə doğulub. 1902-ci ildə. Vəfat edib Bakıda, 1978-ci ildə. Azərbaycan sovet aktyoru. SSRİ Xalq artisti (1974). 1921-ci ildən Şəkidə dram kollektivlərində, sonra Tiflis Azərbaycan teatrında çıxış etmişdir. Əbuübeyd, Surxay ("Od gəlini") Osmanlının ilk rollarındandır. Osmanlı 1929-cu ildən ömrünün axırınadək Azərbaycan Dövlət Dram Teatrında işləmişdir. Ən yaxşı rolları Bahadır bəy, Əbdül ("1905-ci ildə", "Solğun çiçəklər"), Surxay, Mirzə Qərənfil, Xəlil ("Toy", "Xoşbəxtlər", "Əliqulu evlənir"), Məşədi Oruc, Hacı Naib ("Ölülər", "Dəli yığıncağı"), Karadışev, Tixon ("Cehizsiz qız", "Tufan") və başqaları.
O, kino aktyoru kimi də məşhurdur. Çəkildiyi filmlər: "Kəndlilər", "O olmasın, bu olsun", "Bir məhəlləli iki oğlan", "26 Bakı komissarı", "Mən ki gözəl deyildim", "Ulduzlar sönmür", "Yeddi oğul istərəm", "Nəsimi" və başqaları.
***
(əvvəli qəzetimizin 9 may 2009-cu il nömrəsində)
... İkinci məktub. "Belə səmimi məktuba və göndərdiyiniz şəklə, avtoqrafa görə sizə minnətdaram. Mənimlə tanış olmaq istədiyinizə görə sağ olun. 31 yaşım var. Evliyəm. Bir oğlumuz var - Riçard. Özüm tikintidə işləyirəm. Mən sizi kinofilmlərdən başqa həm də teatrda görmüşəm. M.Əzizbəyov adına teatrda gərək ki, Aydın" (?) tamaşası idi. Məhz elə həmin tamaşadan sonra sizin sənətlə maraqlanmağa başladım və günəşli Azərbaycandan olan bir sevimli aktyorum haqqında çox şeylər öyrəndim. Mən çox arzu edərdim ki, sizi Kral Lir obrazında görüm (!!!) Axı, bizim Yuri Yarvet də həmin rolu böyük ustalıqla oynayır. Bu qədər. Qorxuram ki, məktubumla sizin vaxtınızı çox alam. Onsuz da vaxtınız çox azdır.
Hörmətli və əziz İsmayıl Osmanlı! Əgər bir gün yolunuz Tallinə düşsə, mən və mənim ailəm sizi görməklə çox şad olacaq. Əgər işdir mən bir də küləklər şəhəri Bakıya gəlsəm, mütləq sizin xətrinizə (!) teatra gələcəyəm. Mən və mənim ailəm qarşınızda baş əyir. Sizə möhkəm can sağlığı, sevinc və xoşbəxtlik arzu edirəm. 24 apreldə sizin 74 yaşınız tamam olur. Təbrik edirik. Böyük hörmətlə, Lileorq Yakko. Biz - Aleksandra, kiçik Riçard Yakko sizə hörmət edirik".
Bütün bunları oxuya-oxuya təəssüflə qeyd olunasıdı ki, hörmətli aktyorumuz İsmayıl Osmanlı SSRİ xalq artisti adını alanda belə ona gələn təbrik teleqramları bir o qədər çox olmayıb. Gələn təbriklərdən, məktublardan biri ilə tanış olaq.
"Sovet incəsənət ustaları kitabçası üçün, SSRİ xalq artisti adı almağınız münasibətilə xahiş edirik aşağıdakı suallara cavab verəsiniz.
Anadan olduğunuz gün, ay, il və yer.
Partiyalılığınız, neçənci ildən.
Ali Sovetin deputatı olmusunuzmu? Hansı çağırışda?
Adlar, mükafatlar, təltiflər - gün, ay, il qeyd olunmalıdır.
Bu mükafatlar sizin yaradıcılığınızla bağlı bəzi şeyləri daha da aydınlaşdıracaq. Sizi yüksək mükafat almağınız münasibətilə səmimi qəlbdən təbrik edirik. Sizə cansağlığı, yeni-yeni yaradıcılıq nailiyyətləri arzulayırıq. Hörmətlə, SSRİ Böyük teatrı mezeyinin müdiri V.İ.Zarubin. Moskva, 21 sentyabr 1974-cü il".
Yazıçı Hüseyn Abbaszadənin təbrikində deyilir: "Əziz İsmayıl Osmanlı" Sizi - Azərbaycan dram sənətinin böyük artistini, ölkənin ən yüksək və şərəfli adını - SSRİ xalq artisti fəxri adını almaq münasibətilə ürəkdən təbrik edirəm. Siz hələ-hələ sənətkara nəsib olmayan bir səadətə - ümumxalq məhəbbətini qazanmaq səadətinə nail olmusunuz. Ana yurdumuzda sizin son dərəcə təbii və səmimi, eyni zamanda əvəzsiz sənətinizə pərəstiş etməyən bir adam belə tapılmaz. Bu da ondan doğur ki, Sizin yaradıcılığınız qədim tarixə malik olan, orijinal Azərbaycan xalq yaradıcılığı ilə qırılmaz tellərlə bağlıdır. Siz bu tükənməz xəzinədən həm faydalanır, həm də əsl böyük sənətkara xas olan bir tərzdə onu zənginləşdirirsiniz. Siz Azərbaycan səhnəsinin böyük ustaları Cahangir Zeynalov, Hüseyn Ərəblinski, Abbas Mirzə Şərifzadə, Mirzağa Əliyev, Sidqi Ruhulla, Mərziyə Davudova ilə bir cərgədə durursunuz. Mən də minlərlə pərəstişkarlarınızdan biri kimi sizin qüdrətli sənətiniz qarşısında baş əyirəm. Sizə uzun ömür, daha böyük müvəffəqiyyətlər arzulayıram. Öpürəm sizi. Hüseyn Abbaszadə. 20 avqust 1974. Bakı".
Aktyor İsmayıl Osmanlı hər evin, hər elin qonağıdır. Onu tez-tez rayonlarda gedən incəsənət adamları arasında görmək olar. M.Əzizbəyov adına teatrın kollektivi rayonlara qastrollar zamanı əmək adamları ilə görüşür, onlar üçün tamaşalar göstərirlər. Belə səfərlərdən birində Əli Bayramlı şəhərində çap olunan "İşıq" qəzetində aktyorla sorğu təşkil olunur. Sorğunun müəllifi Lətif Novruzovun İsmayıl Osmanlıya yazdığı məktubunda oxuyuruq: "Sizi narahat etdiyim üçün üzr istəyirəm. Söz vermişdim ki, haqqınızdakı yazı qəzetdə çıxandan sonra sizə göndərim. Sizinlə olan söhbətim dördüncü səhifədə nəşr olundu. Sizə cansağlığı, ailənizlə birlikdə xoşbəxtlik, yeni-yeni yaradıcılıq müvəffəqiyyətləri arzulayıram. 17.05.76-cı il".
SSRİ xalq artisti İ.Osmanlının pərəstişkarlarından çoxu bəlkə də onun ünvanını bilmədiyi üçün məktub yazmaqda çətinlik çəkirlər. "Bəlkə də" deyirəm ona görə, bax, belə tamaşaçılardan biri uzun müddət susandan sonra çıxış yolunu tapıb. O, öz məktubunu Azərbaycan televiziyasının "Ədəbi üfüqlər" verilişinə göndərib. Həmin məktubun müəllifi Laçın rayonu, Alxaslı kənd orta məktəbinin şagirdi Məleykə Abbasova yazır":Hörmətli redaksiya, bir ədəbiyyat həvəskarı, tamaşaçı kimi xahiş edirəm ki, növbəti "Ədəbi üfüqlər" verilişinə hörmətli səhnə ustamız İsmayıl Osmanlını da dəvət edəsiniz. Mənim ən çox sevdiyim səhnə ustası İsmayıl Osmanlıdır. Mən onunla fəxr edirəm. Xahiş edirəm, mənim ona qarşı hörmətimi özünə çatdırasınız. Hörmətli səhnə ustamız İsmayıl Osmanlı, sənə uzun ömür, can sağlığı, həyatda xoşbəxtlik və yaradıcılıqda yeni-yeni müvəffəqiyyətlər arzu edirəm. Arzu edirəm ki, həyatınız bir parlaq ulduza bənzəsin. Və hər bir vaxt işıq saçsın. Əlbəttə, bu sözləri onun özünə yazmaq istərdim, ancaq adresini bilmədim. 27.03.1974".
İ.Osmanlı fəxri ad alanda Novosibirsk şəhərində xidmət edən Əjdər Həmidov, Saray Əhmədov, Namiq Mirqarayev, Mikayıl İsmayılov, Məmməd Hüseynov, Adil Məmmədov, Ramiz Süleymanov, Yavər Quliyev yoldaşlar öz ürək sözlərini aşağıdakı sətirlərlə ifadə ediblər: "Hörmətli aktyorumuz İsmayıl müəllim Osmanlı" İcazə verin səmimi salamlarımızı Sizə yetirək. Biz bir qrup azərbaycanlı Novosibirsk şəhərində hərbi xidmətdəyik. İcazə versəydiniz biz də sizin sevincinizə şərik olardıq. Bu eyni zamanda bizim sevincimizdir. Sizə fəxri ad verilməsini eşitdik. İcazə verin Sizə, "SSRİ xalq artisti" adı verilməsi münasibətilə uzun ömür, səhnə həyatınızda yeni-yeni müvəffəqiyyətlər, yeni-yeni obrazlar arzulayaq. İsmayıl müəllim, biz Sizinlə fəxr edə bilərik. Bu Sizin eyni zamanda Azərbaycan xalqına böyük nailiyyətinizdir".
Başqa bir məktubda deyilir: "Hörmətli və əziz İsmayıl əmi, qəzetdə şəklinizi görüb çox sevindim. Sizə "SSRİ Xalq artisti" adı verilməsini eşidib çox şad oldum. Sizi səmimi qəlbdən təbrik edib bir qardaş kimi öpürəm. İsmayıl əmi, baxmayaraq ki, "dvajdı" babayam, mənim üçün əmisən. Çoxdandır teatra gəlmirəm, çünki səhhətim bir az yaxşı deyil, qan təzyiqim yuxarıdır, ürək işləri şuluq edir. Sağlıq olsun, Sizi təbrik etmək üçün hüzurunuza bir rəiyyət kimi gələrəm. Hörmətlə, Rzayev Zeynal Əliabbas oğlu. Padşahın rəiyyəti. Öpürəm Sizi. Zeynal".
Qarşımda SSRİ xalq artisti, tamaşaçıların sevimlisi İsmayıl Osmanlıya gələn məktublar. Onlar çox deyil. 21 dənədir. İsmayıl Osmanlının 75 yaşı tamam olur. Aktyor onları necə də əzizləyə-əzizləyə qoruyub saxlayıb. Hər məktubun üzərində səliqə ilə aldığı tarixi bir daha qeyd eləyib. Səliqə ilə büküb. O, bu məktubları qoruyur, saxlayır.
Mən həmin məktubları oxuyandan sonra Dram Teatrının tamaşalarına getdim. O tamaşalara ki, orada İsmayıl Osmanlı oynayır. Mənim bircə məqsədim vardı;
Bir-bir tamaşaçılara yanaşıram.
- Bağışlayın, ən çox sevdiyiniz aktyor kimdir?
V.İ.: - Necə deyim...
- Bəs siz kimi sevirsiniz?
İ.İ.: - Mən İsmayıl Osmanlını.
- Heç ona məktub yazmısınızmı?
İ.İ.: - Bu nə danışır aaaaaaaaz.
- Siz kimi çox sevirsiniz?
X.U.: - İsmayıl Osmanlını.
- Bu sevgini o özü bilibmi? Ona məktub-zad yazıb eləməmisiniz ki...
X.U.: - Xeyr.
- Siz necə?
P.P.: - Xeyr, heç ağlımıza da gəlməyib.
Bu cavablar olduğu kimidir. Mən ad və familləri açıb-ağartmıram. Və birdən duruxdum. Nə yaxşı ki, bu adamlardan biri məndən soruşmadı: - BƏS SİZ ÖZÜNÜZ NECƏ, ONA MƏKTUB YAZMISINIZMI?
Mən nə cavab verəcəkdim? Deyəcəkdim ki, hər dəfə onun Kələntərini görəndə, hər dəfə Cəlalın "ağrıdır axı, Kələntər dayı, ürəyimi nişan al" sözlərini eşidəndə ancaq və ancaq gücüm ağlamağa çatır.
(son)