
Həbsxanada olanlar özləri bilir, olmayanlar kinolarda görüblər, görməyənlər də gec-tez görəcəklər - dustaqları çağıranda ad, soyad demirlər, eləcə sinəsindəki birkanın üstündəkini, türmədə ona verilən nömrəni söyləyirlər. Özü də bayıra buraxılanları çox vaxt azərbaycanca yox, rusca elan eləyirlər. O kinodadı, "775 nömrəli dustaq, əşyalarınla çıxışa!" Dustağı oynayan aktyor da guya qəfil xəbərdən sevinmiş kimi pal-paltarını tələsik toplayıb çıxır bayıra. Əslində heç bir qəfillik olmur, hər saniyə ölçülür, kimlərinsə şirinliyi verilir, aparılacaq əşyalar əvvəlcədən yığılır və dustaq səbrsizliklə "na vıxod" çağırışını gözləyir. Dustaqlardan yox, ağaclardan danışmaq fikrindəyəm.
Ölkə prezidentinin qadağasından sonra da qanunsuz ağackəsmə halları mövcuddur və bunu hamı da görür. Hərə bir don geyindirir, bir sənəd göstərir və rahatca ağacları kəsirlər. İş o yerə çatıb ki, artıq əcaib təkliflər də meydana çıxır. "Rüzgar" Ekoloji Cəmiyyətinin sədri İslam Mustafayev təklif eləyir ki, ağaclar nömrələnsin, hər birinin öz inventar nömrəsi olsun. Yəni, belə olarsa kəsilən ağaclar məlum olar... Deyir, Molla Nəsrəddin bir məclisdə ciyər qovurması yeyir, yaman xoşuna gəlir. Qovurmanın reseptini ev sahibinə yazdırıb götürür və bazardan bir kilo ciyər alır ki, evdə arvadı resept əsasında bişirsin. Yolda yorulub bir ağacın dibində mürgüləyir, qarğa gəlib ciyəri aparır. Molla gülür: "Qoy aparsın, resepti məndədi, yeyə bilməyəcək"... İndi, ay İslam müəllim, deyirsiniz nömrəli ağacı kəsməyəcəklər? Torpağın az qala kvadratsantimetrlə satıldığı bir vaxtda üstünə nömrə yazmaqla ağac saxlamaq olar?
Deyəsən, türklər "rüzgar" küləyə deyirlər. Bizdə həm də qədər, tale, başına gələn iş kimi də anlanılır. Bilmirəm İslam müəllimin sədri olduğu "Rüzgar" hansı mənanı ehtiva eləyir, amma istiqaməti xeyirxah görünür. Yəni təbiətin qorunmasına xidmət eləmək istədiyi görünür. Amma mənə elə gəlir ki, bir az sadəlövh, bəsit istəkləri, arzuları var. Səhv düşündüyümü sübut eləsələr sevinərəm. İslam Mustafayev "Şərq" qəzetinin əməkdaşı ilə söhbətində deyib ki, "ağacların kəsilməsinə görə tutulan cərimələrin miqdarı artırılmalıdır. Mən hesab edirəm ki, kütləvi şəkildə ağacları qıranlar cinayət məsuliyyətinə cəlb olunmalıdır". Əgər yazılanlara, qanunlara əməl olunacaqsa, mən hər bir qanunsuz kəsilən ağac üçün cinayət məsuliyyətinə cəlb olunmanı təklif edərdim. Dərd orasıdır ki, ağacları kəsənlər elə cərimə edənlərin özləridir axı. Ağacları kütləvi qıranlar bilirlər ki, onlara söz deməyə cürəti olan olmayacaq. İslam müəllim, qurd ağacı içindən yeyir!
Gözəl bir iş görürsünüz, Bakının Xətai rayonunda bəzi sahələri nəzarətə götürmüsünüz. Deyirsiniz ki, həmin yerlərdə tikintilər birbaşa ağacların üzərində aparılır. İslam müəllimdən sitat: "Onların fotolarını da çəkəcəyəm. Görüm bu işin axırı hara gedəcək? Çünki tikintini ağacın üstündə inşa ediblər. Onu vaxtında kəsə bilməyiblər". Çəkin, İslam müəllim, fotolarını da çəkin. Sizdən qabaq o qədər fotolar, süjetlər çəkilib, heç bir ağacın kəsilməməsi ilə bağlı sözlər verilib, hətta söyüşlər qoyulub. İndi oralarda göydələnlər, obyektlər ucalır... Maraqlıdır, "vaxtında kəsə bilməyiblər" deyəndə prezidentin qadağasına qədər demək istəyibsiniz?
Xəbəriniz olmamış olmaz, indi bina, obyekt tikənlər 2003-ün, 2005-in sənədlərini göstərirlər. Belə baxanda qanunsuz heç nə yoxdur, "o vaxt qadağa yox idi, mən burada obyekt tikmək üçün razılıq da almışam, plan da təsdiqlənib və həmin planda da göstərilib ki, burada ağac da olub. Bacarmışamsa, dibinə kimyəvi maddə töküb, suyunu verməyib birtəhər quruda bilmişəm. Bacarmamışamsa, indi məni yox, həmin icazəni verənləri günahlandırın. Necə, onlar indi işləmirlər? Daha o mənim problemim deyil. Mən onda yeri almışam, tikməyə ancaq indi, ölkəmizin və eyni zamanda özümün inkişaf elədiyim vaxtda imkanım var". Oğulsan qanunsuzluğu tap, amma ağaclar qırılır, özü də ağaclara əsl genosid edilir...
Qayıdaq nömrə və "na vıxod" məsələsinə. İslam Mustafayev: "Mən təklif edirəm ki, təcili surətdə şəhərdəki ağaclar inventarlaşdırılmalıdır. Şəhərin mərkəzi hissəsindəki ağacın hər birinə nömrə qoymaq lazımdır". O ki təklifdi, qoy bir az da miqyaslı olsun, təkcə şəhərlə niyə kifayətlənirsiniz, İslam müəllim? Elə bütün respublikadakı ağacları inventarlaşdırmaq lazımdır. Niyə mərkəzdəki ağacları nömrələyək ki, başqa yerin ağacı ağac deyil? Elə bütün revpublikadakı ağacları nömrələyək! Həm sayını bilərik, həm krasqasatanlar pul qazanar, həm də ağacnömrələyən ştatları açılar, yəni təzə iş yerləri olar. Həm də hansı teoretik olaraq hansı nömrəli ağacın kəsildiyini də bilərik. Ona görə teoretik olaraq deyirəm ki, praktik olaraq bu, qətiyyən mümkün deyil. Əvvəla, ağacların ucdantutma nömrələnməsi mümkün deyil, sonra da materiallıq ağacı kəsib 100 metr o yanda yerə sancdığım ağaca nömrəsini yapışdırmağa nə var ki?..
Mən də bilirəm, siz də bilirsiniz, elə hamı da bilir ki, ağaclar yenə də kəsiləcək. Cərimə etsəniz də, nömrələsəniz də. Çünki, özünüz demişkən, "bir sıra yerlər alınıb, satılıb, hasara alınıb. Yəqin ki, onlar indi də olmasa, sabah öz işlərini görüb ağacları kəsəcəklər". Deyirəm, bəlkə tikinti üçün satılmış o ağaclı yerlərin sərəncamını ləğv eləmək, ağaclı yerlərdə tikintiləri qadağan eləmək lazımdır, hə? Başqa yerlərdə tikinti üçün torpaq kifayət qədər var. Odey, elə ümumisinin 20 faizi ermənilərdədi. Oraların hamısı meşə döyül ki, elə meşələrin də əksəriyyətini erməni qırıb. Nə deyirsiniz, bizimkilər də erməniliyi şəhərdə qalan üç cüt bir tək ağacın üstündə eləsinlərmi? Amma onu da düz deyirsiniz, artıq eləyiblər. Bəlkə gec də olsa tumanbağını dartaq, hə? Hamımız, əsasən də prestijli, firma tumanlılar...