Gözəl nəğmə həm də bir yaz gecəsidir
Elə bil unutmuşdu hər şeyi, öz aləmində, öz dünyasında idi. Duyğulu bir yaz axşamının sehrinə düşüb ömrün ilkliyinə qayıtmışdı bəlkə? Bəlkə də bir az həzin, bir az kövrək uşaqlıq illəri düşmüşdü yadına? Səsindəki məlahətdə, şirinlik də qəribə, anlaşılmaz bir kədərə qarışıb dalğalandıqca dalğalanır, pərdə-pərdə ətrafa yayılırdı. Sanki gecənin dərinliyinə uzanan zamanı saxlamaq, sığallamaq, onunla həmsöhbət olmaq üçün ona, onun məchulluğuna yalvarırdı. Və bu yalvarışda, bu səsdə ötməkdə olan ömrə, günə, vaxta bir giley də vardı...
Mənim sirdaşımsınız
gecələr, ay gecələr...
Əslinə baxanda bu yaz axşamında, bu toy məclisində onun həzin, xeyli kədərli bu nəğməni oxuması bəlkə də bir az yerində deyildi. Ancaq məclisdəki yüzlərlə insanın iş dünyası o qədər həzinləşmiş, dəyişmişdi ki, heç kəs harada olduğunu bəlkə də bilmirdi. Ürəkləri riqqətə gətirən, hisslərə, duyğulara sığal çəkən, dupduru, şirin bir səs hamını "Gecələr"in xəyallarına, röyalarına, yuxularına aparmışdı. Mahnı ilə bərabər musiqi susandan sonra da adət etdiyimiz sürəkli alqış, "afərin" sədaları eşidilmədi. Məclis sanki ulduzlardan süzülüb min illər yol gələn ilahi bir səsin sehrinə düşüb min il əvvəllərə qayıtmışdı. Bu sehri bir yaz axşamı, yaz gecəsi insanlara bəxş edən qadın müğənni Ruzə İbişova idi.
Həm də qəribədir ki, gecədən xeyli keçməsinə baxmayaraq məclisi tərk etmək fikrində olanlara təsadüf edilmirdi. Ruzə xanımın bir-birindən gözəl, məzmunlu ifası toy iştirakçılarını sanki ovsunlamışdır. Bu yaz gecəsi iştirakçılar milli musiqinin əsrarəngiz gözəlliyinin bütün incəliklərini onun səsindən daha çox dadmaq istəyirdi. Çünki Ruzə xanım həmişə olduğu kimi bu yaz gecəsində də şövqlə, özünə məxsus ustalıqla ətrafdakılara böyük zövq yaşada bilirdi.
Dəyərli dostum Ayiq Səmədovun həyətindəki o toy məclisindən elə də çox vaxt keçməyib. Ancaq hər dəfə efirdə, ekranda hər hansı qadın müğənninin ifası ilə rastlaşanda o yaz gecəsinin təsirindən qurtarmaq cəhdim boşa çıxır.
Etiraf edək ki, Ruzə İbişovanı, onun özünəməxsus ifaçılığını geniş dinləyici auditoriyası o qədər də bilmir. Çünki özünün yaxın ətrafına dediyi kimi "gözə girməyi" bacarmır. Reklam olunmaq hissindən uzaq olmağı bu gün onu məşhurlar cərgəsindən bir az kənarda saxlayıb. Buna baxmayaraq elə sonuncu albomu onun Azərbaycan musiqi tarixinə layiqli vəsiqəsidir. Bu albomda müğənninin lirik mahnıları ilə bərabər "Xaric segah", "Mahur - Hindi", "Bayati Kürt" və digər dəstgahları ilə bərabər "Dilkeş", "Bəstənigar", "Zəminxarə" təsnifləri, xalq mahnıları böyük məsuliyyətlə musiqi sevərlərin ixtiyarına verilmişdir. Qeyd etmək lazımdır ki, Ruzə xanımın səs imkanları bu ifaların hər birinə bir şirinlik, bir axıcılıq vermişdir.
Ağdaşda, fəhlə ailəsində anadan olmuş Ruzə İbişova hələ lap uşaqlıqdan musiqiyə böyük həvəs göstərib. Bu həvəs orta məktəbin sinif otaqlarından süzülüb el şənliklərinə qədər gedib çatıb. Həvəs arzuya çevriləndə isə artıq o Asəf Zeynallı adına orta ixtisas musiqi məktəbində oxuyurmuş. Milli musiqiyə yaxından bələd olmaq həvəsi onun əməksevərliyini artırmaqla arzuların üfüqlərini daha da genişləndirib. Sonra o Bakı Musiqi Akademiyasında Azərbaycanın muğam və təsniflərinin, xalq mahnılarının incəliklərini öyrənib. Mərhum muğam ustaları Nəriman Əliyevdən, İslam Rzayevdən kamil dərs alıb, sənətin xırdalıqlarını yorulmadan öyrənib. Çalışıb ki, tələbkar ustadların ona bəslədikləri ümidlərini doğrultsun. Doğruldub da. Onun ifasını bəyənən və sonralar Ruzə xanım haqqında ürək dolusu danışan Əlibaba Məmmədov onu "Humayun" xalq çalğı alətləri ansamblına dəvət edib. Ruzə xanım böyük ürəklə, xüsusi bir həvəslə ifa etdiyi muğam və xalq mahnıları, təsnifləri ona ilk sənət uğurlar gətirib. "İrs" folklor ansamblında isə o Rusiyanın bir çox şəhərlərində, Baltikyanı respublikalarda qastrol səfərləri zamanı öz ifa tərzini dəfələrlə sübut edib, daha da təkmilləşdirib.
1996-cı ildə isə Ruzə xanımın həyatında yeni səhifə açılıb. Sənət imkanlarını daha yaxşı nümayiş etdirmək üçün ona meydan verilib. Xalq artisti, drijor Nəriman Əzim Gəncəli onu rəhbərlik etdiyi Azərbaycan Radio və Televiziyasının Səid Rüstəmov adına xalq çalğı alətləri orkestrinə, banisi dahi Üzeyir bəy olan böyük musiqi kollektivinə qəbul edib. Sənətə böyük məsuliyyətlə yanaşan Ruzə xanım burda da yorulmadan, əzmlə çalışıb. Böyük Üzeyir bəyin, Səid Rüstəmovun, Tofiq Quliyevin, Cahangir Cahangirovun, Qəmbər Hüseynlinin, Ramiz Mirişlinin, Hacı Xanməmmədovun və başqalarının yüzə yaxın əsərləri ilə bərabər "Cahargah", "Bayatı Kürd" muğam dəstgahlarını, "Heyratı", "Kəsmə - Şikəstə" zərb muğamlarını lentə yazdırıb. Hazırda həmin ifaların hamısı radio və televiziyanın fondunda saxlanılır.
Ruzə xanım həm də "Araz" xalq çalğı alətləri ansamblı ilə 20-dən çox mahnı və təsnif, "Bayatı - Şiraz", "Xaric seygah", "Mahur-Hindi", "Mirzə Hüseyn segahı" muğam dəstgahlarını lentə aldırmaq məsuliyyətini boynuna götürüb. Bu müğənni qadın ən müxtəlif tədbirlərdə, konsertlərdə olmaqla bərabər hərbi hissələrdə belə çıxış etməkdən usanmır.
Artıq 2 ildən çoxdur ki, Ruzə İbişova Dövlət Mədəniyyət və İncəsənət Universitetinin musiqi kafedrasında illərlə müəllimlərindən öyrəndiklərini həvəslə, yorulmadan öz tələbələrinə öyrədir, aşılayır. Milli musiqimizin, lirik mahnılarımızın incəliklərini bir vaxtlar onu əvəzləyəcək bu günkü gənclərə həvəslə izah edir. Axı bir vaxtlar onun özü üçün də belə məsuliyyətli anlar yaşayan olub.
... Və nə vaxtsa onlar da bir yaz axşamı, bir yaz gecəsi öz dinləyicilərinə Azərbaycanın bu əvəzsiz, bənzərsiz sərvətini damcı-damcı, gilə-gilə şərbət kimi içirəcəklər. Müəllimləri Ruzə xanım İbişova kimi.
Səxavət Məmmədli