Rəsmi işsiz statusu alanların sayı 45,146 min nəfərə çatdı
Bu ilin yanvar-aprel aylarında Azərbaycanda müəssisə və təşkilatlarda muzdla çalışan işçilərin siyahı sayı 1 372,2 min nəfər təşkil edib ki, onların 869,7 min nəfəri (63,4%) dövlət bölməsində, 470,8 min nəfəri (36,6%) isə qeyri-dövlət bölməsində fəaliyyət göstərib.
Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, muzdla işləyənlərin 20,8%-i istehsal sahələrində o cümlədən 13,4%-i sənayedə, 4,7%-i tikintidə, 2,7%-i kənd təsərrüfatı, ovçuluq, meşə təsərrüfatı və balıqçılıq sahəsində məşğul olub. Xidmət sahəsində çalışanların 25,3%-i təhsil, 19,6%-i topdan və pərakəndə ticarət, avtomobillərin, məişət məmulatlarının və şəxsi istifadə əşyalarının təmiri, 10%-i səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,9%-i nəqliyyat, anbar təsərrüfatı və rabitə, 6,1%-i digər kommunal, sosial və şəxsi xidmətlərin göstərilməsi, 5%-i daşınmaz əmlakla əlaqədar əməliyyatlar, icarə və istehlakçılara xidmət göstərilməsi, 3,9%-i dövlət idarəetməsi və müdafiə sahəsində, 2,4%-i isə digər sahələrdə cəmlənib. Cari ilin ilk dörd ayı ərzində müəssisə və təşkilatlarda 4,6 min nəfər əcnəbi iqtisadi əmək fəaliyyəti ilə məşğul olub. Əcnəbilərin 1,4 min nəfəri sənayedə, 1,3 min nəfəri tikintidə, 0,9 min nəfəri daşınmaz əmlakla əlaqədar əməliyyatlar, icarə və istehlakçılara xidmət göstərilməsi sahəsində, 0,5 min nəfəri topdan və pərakəndə ticarət, avtomobillərin, məişət məmulatlarının və şəxsi istifadə əşyalarının təmiri sahəsində, 0,2 min nəfəri təhsildə, 0,3 min nəfəri isə digər sahələrdə işlənib.
Cari ilin yanvar-may aylarında müəssisə və təşkilatlarda tutulan iş yerlərinin ümumi sayında kənar əvəzçilərin payı 0,6% və mülki-hüquqi xarakterli müqavilələr əsasında işləri yerinə yetirən şəxslərin sayı 1,2% təşkil edib.
Məşğulluq mərkəzlərinin məlumatına görə, 2008-ci il iyun ayının 1-i vəziyyətinə rəsmi işsiz statusu verilmiş şəxslərin sayı 45,146 min nəfər olub və onların 47,7%-ni qadınlar təşkil edib. Bir boş iş yerinə tələbat işsiz statusuna malik olan 4 nəfər şəxsdən ibarət olub.