"Ruh"un monitorinqi yekunlaşdı
"Ruh" Azərbaycan Jurnalistlərinin Müdafiə Komitəsi mart ayında ölkədə söz və mətbuat azadlığına dair keçirdiyi monitorinqini yekunlaşdırıb.
AJMK-dan APA-ya verilən məlumata görə, martda fevral ayı ilə müqayisədə jurnalistlərə və KİV-ə qarşı məhkəmə proseslərinin sayı çoxalıb. Ötən ay məhkəmələrdə "Azadlıq", "Bakı xəbər", "Təzadlar", "Bizim yol" və "Xural" qəzetləri ilə də bağlı iddialara baxılıb. Ay ərzində jurnalistlər iki məhkəmə hökmü ilə əlaqədar iddia qaldırıblar. Hesabatda Yasamal Rayon Məhkəməsinin "Azadlıq" qəzetinin baş redaktoru Qənimət Zahidin 4 il müddətinə azadlıqdan məhrum edilməsi barədə qərarı da qeyd edilib.
Martda da fevralda olduğu kimi mətbuata qarşı təzyiqlərlə bağlı 1 fakt qeydə alınıb: "Fevralın 22-də peşə vəzifəsini yerinə yetirərkən fiziki təzyiqə məruz qalan "Azadlıq" qəzetinin əməkdaşı Aqil Xəlilova martın 13-də naməlum şəxslər hücum edərək ona ürək nahiyəsindən bıçaq zədəsi yetiriblər". Ay ərzində 1 jurnalistə hədə-qorxu gəlinməsi faktı da qeydə alınıb.